21 fevral 2024 11:40
608

Cəmiyyətdə zorakılıq halları niyə artıb? - PSİXOLOQDAN AÇIQLAMA

Ailə üzvlərində hiss olunan narahatlıqları ört-basdır etmək yox, problemin ən qısa zamanda həll olunması üçün müvafiq sahənin mütəxəssislərinə müraciət etmək lazımdır 

Sözsüz ki, son günlərdə bütün ölkədə səs salan və cəmiyyətin şok effekti ilə qarşıladığı hadisədən hər birimiz xəbərdarıq. Bir neçə gün öncə bir gəncin öz ailəsini xüsusi qəddarlıqla qətlə yetirməsi həm də insanlar tərəfindən böyük təşvişlə qarşılandı. Həqiqətən baş verən hadisə cəmiyyət üçün bir həyəcan siqnalıdır. Bu həm də ümumilikdə insanların ailə dəyərlərinə olan münasibətin aşağı düşməsinə dair sonu faciə ilə nəticələnən bir nümunə idi.

Bu fikirləri “İki sahil”ə açıqlamasında "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva bildirib.

Ekspert təəssüflə bildirib ki, bu hadisə ailə daxilində sonu xoş olmayan nəticələrlə bitən ilk belə hal deyil. Müvafiq qurumlarının açıqladığı məlumatlara diqqət yetirsək, görə bilərik ki, Azərbaycanda son zamanlar ailədaxili münaqişələrin, məişət zorakılığının sayının artması nəticəsində ölkəmizdə boşanmalarının sayı ildən-ilə daha da çoxalır. Müşahidələrimiz də bir daha sübut edir ki, son zamanlar ailədaxili münaqişələrin səbəbləri də get-gedə çoxalmaqdadır. Yenidən baş vermiş dəhşətli faciəyə qayıdaq. Hazırda hadisənin dəqiq səbəbləri ilə bağlı aidiyatı qurumlar işlərini davam etdirirlər, amma ilkin ehtimallar və yaxınların verdiyi məlumatlar deməyə əsas verir ki, hadisəni törədən şəxsin psixoloji durumda ciddi problemlər olub, həmçinin digər ehtimal maddi, maliyyəyə bağlı olub.

Bu hadisədə qeyd olunan səbəbləri də əlavə edib bildirmək istəyirəm ki, bugün cəmiyyətdə istər ailədaxili münaqişələrin, istərsə də boşanmaların səbəbləri əsasən aşağıdakı kimi göstərilir: Sosial, iqtisadi, psixoloji və digər səbəblərdən yaranan bu anlaşılmazlıqlar daha sonra gərginliklərin artmasına, şiddət və zorakılığa və sonda dəhşətli nəticələrə gətirib çıxarır.

Ailə daxilində baş verən şiddət insanların psixoloji və fiziki dünyalarında çətin bərpa olacaq yaralar açır. Boşanma, ayrı yaşamaq kimi nəticələrlə bərabər cinayət, intihar kimi amillərin də olması belə halların aradan qaldırılması istiqamətində araşdırmaların artırılmasını labüd edir. Mərkəzimizə müraciət edən pasiyentlərin müəyyən bir qismi məhz ailədaxili münasibətlərdən yaranan problemlərdən dolayı psixoloq yanına üz tuturlar. Ən çox qarşılaşdığımız səbəblər sırasında ailə üzvlərinin uzun müddət çalışması, istirahətə zaman ayırmaması, iş mühitində yaranan stress, tərəflərdən birinin digərinə qarşı qısqanclıq hissi, zərərli vərdişlərə aludəçilik, o cümlədən ailə üzvlərindən birinin fiziki və psixoloji pozuntularının olması və digər halları göstərə bilərik.

Həyəcan, stress, aqressiya, intiqam almaq duyğuları, diqqət əksikliyi, tək qalmaq arzusu, özgüvən əksikliyi...

Təranə Paşayeva qeyd edib ki, ailədaxili münaqişələrdə konkret bir tərəfin günahkar olduğunu demək düzgün deyil. Bir ailədə günahkar olan tərəfdirsə, başqa bir ailədə digər şəxs ola bilər. Münaqişələrin böyümə səbəbləri sırasında tərəflərin bir-birini anlamaması, güzəştə getməməsi, yaranan problemdə günah və məsuliyyəti qəbul etməmək, inadkarlıq kimi səbəblər üstünlük təşkil edir.  Ailədaxili münaqişələrdən əziyyət çəkən insanların fiziki və psixoloji davranışlarında problemlər zaman keçdikcə özünü daha qabarıq formada göstərir. Belə ki, həmin insanlarda baş verən hadisələrdən dolayı qorxu, günah hissi, “qoruya bilmədim, bacarmadım” kimi ifadələrlə əks olunan həyəcan, stress, aqressiya, intiqam almaq duyğuları, diqqət əksikliyi, tək qalmaq arzusu, özgüvən əksikliyi kimi psixoloji narahatlıq və problemlər ortaya çıxır. Bununla yanaşı müxtəlif dərəcəli xəsarət almalar, ölüm, sağlamlıq problemləri, qidalanma və yuxusuzluq pozuntuları və digər fiziki narahatlıqların olması həmin insanların gələcək həyatlarında fəsadlarını göstərir.

Zorakılıq ailə dəyərlərinə zərbə vurur

Hansı formada olmasından asılı olmayaraq zorakılıq ailə dəyərlərinə, ümumiyyətlə münasibətlərə yarası çətin sağalan zərbə vurur. Belə zorakılıq halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır.

Ailə daxilində zorakılıqların, cinayətlərin azaldılması və aradan qaldırılması məsələsi uzun vaxt istəyən, birgə fəaliyyət tələb edir. Ailədaxilində aqressiyanın, son nəticədə isə cinayətin baş verməməsi üçün tərəflər mütləq bir-birlərini başa düşməli, problemi danışıqlar yolu ilə həll etməlidir. Bundan başqa, aqressiyanın baş verməməsi üçün hər bir insan enerji çıxaran işlə məşğul olmalı, sevdikləri məşğuliyyətlərdən özünü məhrum etməməlidir. Burada ailə üzvlərinin də üzərinə böyük yük düşür. Ailə üzvlərində hiss olunan narahatlıqları ört-basdır etmək yox, problemin ən qısa zamanda həll olunması üçün müvafiq sahənin mütəxəssislərinə müraciət etmək, ehtiyac yaranarsa psixoloji, tibbi və digər formalarda dəstək almaq lazımdır. 

Medianın da üzərinə məsuliyyət düşür

Cəmiyyətdə yaranan digər xoşagəlməz hallar kimi, ailədaxili cinayətlərin də azaldılması üçün birlikdə fəaliyyət göstərməliyik. Burada aidiyyatı qurumlar, təşkilatlarla bərabər vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Bundan savayı bu gün media nümayəndələri də bu cür həssas məsələlərə xüsusi diqqət göstərməlidir. Əlbəttə ki, onlar üçün oxunma,  bəyənmə sayı çox önəmlidir, lakin məlumatları paylaşılarkən bu qədər ajiotaj və sanki düzgün bir şey etmiş kimi təqdim etməməli, paylaşdıqları foto və video materialların cəmiyyət üçün yaradaca biləcək fəsadlarını nəzərə almalı, işıqlandırılan materiallarda real hekayələr və real qəhrəmanlar üzərindən pozitiv nümunələri insanlara çatdırmaq çox vacibdir.

Aparılacaq kompleks tədbirlərlə biz ailədaxili münaqişələrin azalmasına, ailə dəyərlərinin artmasına, qeyd edilənləri həyata keçirə biləriksə, biz daha xoşbəxt və sağlam gələcəyə nail ola bilərik.

Yaqut Ağaşahqızı, “İki sahil”