19 oktyabr 2025 10:10
158

Azərbaycanı qlobal proseslərdə söz sahibinə çevirən LİDER - ŞƏRH

Azərbaycan dünya birliyində etibarlı tərəfdaş, təşəbbüskar dövlət və regional güc mərkəzi kimi mövqeyini möhkəmləndirməkdə davam edir. Şübhəsiz, bunun əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, sülh diplomatiyası dayanır. Bəli, Azərbaycanın müstəqil siyasətinin əsas prinsipləri arasında beynəlxalq hüquq normalarına riayət, milli maraqların qorunması və əməkdaşlığın, sülhün təşviqi önəmli yer tutur.

Təkcə bir faktı qeyd edək ki, bu il avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni paraflanaraq barış üçün həlledici mərhələnin, sülh sazişinin imzalanmasının təməli qoyulub. Şübhəsiz, bu prosesdə realist uzaqgörənliyə malik olan, öz siyasətini həmişə reallıqlar üzərində quran Prezident İlham Əliyevin böyük xidmətləri danılmazdır. Bəli, bu gün Azərbaycan məhz Onun sayəsində təkcə öz ərazi bütövlüyünü, suverenliyini hərbi-siyasi vasitələrlə bərpa edən bir dövlət deyil, həm də qlobal sabitlik fəlsəfəsini ixrac edən dünyəvi ölkə kimi çıxış edir. Elə bu kimi səbəblərdən dünyanın müxtəlif qütblərində yerləşən ölkələr Azərbaycan Liderinin atdığı hər addımı təqdir edir, Ondan örnək götürməyə, Onunla ünsiyyət qurmağa çalışırlar. Hətta dövlətimizin başçısı haqqında “O, çox güclü bir liderdir, işini çox yaxşı görür” deyən ABŞ Prezidenti Donald Tramp da dövlətimizin başçısı haqqında çox xoş sözlər söyləyir, Ona səmimi dostluq münasibətləri göstərir, Onu böyük lider və dost kimi xarakterizə edir. Şübhəsiz, bütün bunlar təkcə bölgədə deyil, dünyada da söz sahibi olan Prezident İlham Əliyevə göstərilən böyük ehtiramdan, inamdan bir daha xəbər verir. 

Prezident İlham Əliyevin son günlər dünyanın müxtəlif nüfuzlu tribunalarında -Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə, MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında  etdiyi çıxışlar, Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısındakı mühüm görüşləri, həmçinin Yaxın Şərq Sülh Sammitində iştirakı artıq dünya gündəmini sözün həqiqi mənasında zəbt edib. Hətta dünyanın nüfuzlu siyasətçiləri də etiraf edirlər ki, müstəqil, çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan təkcə regionda deyil, beynəlxalq arenada da proseslərə təsir imkanları artan nüfuzlu aktora çevrilib. Azərbaycan regional və qlobal miqyasda əməkdaşlıq əlaqələrini gücləndirir, beynəlxalq aləmdə baş verən proseslərə, qlobal təhlükəsizliyə təhdid yaradan halların aradan qaldırılmasına öz töhfələrini verir.

Azərbaycanın dünyada siyasi və geosiyasi rolu yeni səviyyəyə yüksəlməklə yanaşı, qlobal siyasi proseslərə təsir imkanları da genişlənib. Prezident İlham Əliyevin 13 oktyabrda Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə iştirak etməsi isə sülh yaradan Azərbaycan liderinə qlobal ehtiramı bir daha artırıb. Qeyd edək ki, həmin görüşlərdə dövlətimizin başçısı rəhbərlik etdiyi ölkənin timsalında sülhü siyasi vasitələrlə necə təmin etməyindən söz açıb. Hətta Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında "Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam" sözləri ilə çıxışına başlayan Prezident İlham Əliyev deyib ki, biz həm müharibəni udduq, həm də sülhü qazandıq: “İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur”.

Bütün bunlar bir daha göstərir ki, beynəlxalq hüquqa söykənən və ədalətli dünya nizamının formalaşdırılmasında fəal aktora çevrilən, bugünkü dünya siyasətinə yeni strateji çalarlar əlavə edən Azərbaycan, onun Lideri artıq dünyanın diqqət mərkəzindədir. Yazının sonunda 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bir fikri xatırlatmaq istərdik: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Elə Prezident İlham Əliyevin sayəsində ölkəmizin beynəlxalq nüfuzunun bu formada artmasını yeni qələbə kimi dəyərləndirmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”