21 fevral 2024 00:57
451

Vaxtilə qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik

Dövlət başçısı İlham Əliyevin qardaş Türkiyəyə rəsmi səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi  görüşlərdə, mətbuata birgə bəyanatlarında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əsas amillərdən olan nəqliyyat imkanlarına xüsusi diqqət yönəldildi

«Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq.» Dövlət başçısı İlham Əliyev fevralın 14-də andiçmə mərasimində ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlardan, malik olduğu  imkanlardan bəhs edərək diqqəti nəqliyyat sektorunda gördüyü işlərə yönəltdi. Bildirdi ki, üstünlüyümüz  vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etməyimizdir. Bu, həm Xəzər dənizində, həm də dəmir yolu,  avtomobil yolları, dəniz limanı infrastrukturunda  özünü nümayiş etdirir. Səkkiz beynəlxalq aeroportumuz var. Doqquzuncu Laçında  inşa edilir: «Yəni, biz tam hazırıq. Hazır olmayanlar da öz işlərini görsünlər, öz ərazilərində çatışmayan infrastruktur layihələrini icra etsinlər. Əlbəttə ki, beynəlxalq təcrübəyə əsaslanaraq biz tranzit ölkə kimi öz imkanlarımızı təqdim edirik. Əlbəttə ki, bundan həm iqtisadi, həm siyasi dividendlər alacağıq.»

Dövlət başçısı İlham Əliyev daim çıxışlarında Azərbaycanın açıq dənizə çıxışı olmadığını önə çəkərək bunun fonunda nəqliyyat mərkəzlərindən birinə çevrildiyini xüsusi qeyd edir. Andiçmə mərasimində hədəfləri açıqlayarkən bu sahədə də ötən illərdə əldə edilən müsbət nəticələrə söykənərək  belə bir əminliyi ifadə etdi ki, getdikcə rolumuz artacaq,  müraciətlər də çoxalacaq. Necə ki, bu gün xahişlə müraciət edirlər ki, “bizə qaz verin, bizə qaz verin, bizdə qaz çatmır” və sair, burada da eyni mənzərə olacaq.

Dövlət başçısı İlham Əliyevin fevralın 19-da qardaş Türkiyəyə reallaşdırdığı rəsmi səfərində də iki ölkənin nəqliyyat imkanlarına xüsusi diqqət yönəldilərək hədəflər açıqlandı.  «Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır» söyləyən cənab İlham Əliyev onu da qeyd etdi ki,  enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, əlbəttə ki, bizi çox sevindirir. Beş-altı il əvvəl  heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq. Ancaq bu, reallıqdır. Vaxtilə  qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik. Cənab İlham Əliyev bu çağırışı da etdi ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan «Kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır» söyləyərək bildirdi ki,  Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır. Ötən ilin sentyabrında “Türk qapısı” Naxçıvana səfər zamanı Prezident İlham Əliyev ilə birlikdə Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı niyyət protokolunun imzalanması da bu məqsədə xidmət edir.

Göründüyü kimi, Azərbaycanın hansı nəqliyyat imkanlarına malik olduğu açıqlanmaqla yanaşı, bunun əməkdaşlığın coğrafiyasının genişlənməsinə təsir imkanları diqqətdən kənarda qalmır. Əvvəldə də haqqında bəhs etdiyimiz, dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən neft- qaz kəmərlərindən sonra qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars  dəmir yolu Azərbaycanın tranzit  ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Diqqətçəkən məqam odur ki, əvvəlki neft-qaz layihələrinin gerçəkləşməsində beynəlxalq maliyyə təşkilatlarının dəstəyindən istifadə edən təşəbbüskar dövlətlər böyük geosiyasi inqilab adlandırılan BTQ-nin çəkilişini yalnız öz vəsaitləri hesabına reallaşdırdılar. Bu sahədə Azərbaycanın rolu daha böyükdür.

Xəzər hövzəsindəki karbohidrogen ehtiyatlarını dünya bazarına çıxaran Azərbaycan yükdaşımalarının təminatında da logistik mərkəz rolunu oynamaqla regional əhəmiyyətini artırır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu  kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir. Reallaşan hər bir layihə isə respublikamızın dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir.

Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır.

Təkcə ikitərəfli yox, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır. Əvvəldə də qeyd etdiyimiz kimi, əsas  hədəf Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olan Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Çünki Azərbaycan Şərq-Qərb  və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir ki, infrastrukturun yenilənməsi ilə Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanı respublikamızın ərazisindədir. Başqa sözlə deyilsə, Avropa və Asiya arasında əlaqə yaradan Bakı-Tbilisi-Qars əraziləri yaxınlaşdırmaq istəyənlər üçün ən səmərəli yoldur. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün vacib hissəsidir. Hadisələrin inkişafı  Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir.

Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunun üçün  Davos Dünya İqtisadi Forumunun hesabatına nəzər salmaq kifayətdir. Belə ki, ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.

Son üç ildəq artıq dövrdə   işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prosesində də ilk olaraq diqqət göstərilən məsələ  infrastrukturun yenilənməsi və bərpasıdır.  Yeni avtomobil yolları çəkilir, hava limanları tikilir. Qarabağı və Şərqi Zəngəzurun hava qapısı dünyaya açılıb. Belə ki, 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanı isə bu ilin sonu və gəlin ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərimizdə üç hava limanının fəaliyyət göstərməsi bu ərazilərin coğrafi mövqeyini nümayiş etdirir. Bu hava limanları həm bu ərazilərin iqtisadi  inkişafına, həm də turizm imkanlarının artmasına öz müsbət təsirini göstərəcək.

Bugünümüzün əsas hədəflərindən biri qeyri-neft sektorunun inkişafıdır. Nəqliyyat sektorumuz  qarşıda dayanan bu kimi  vəzifələrin icrasına  geniş imkanlar yaradır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub. Bu gün iqtisadi əməkdaşlığa diqqət yetirdikdə enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinin prioritetliyi fonunda atılan addımlar xüsusi diqqət çəkir. Tranzit imkanlarının mövcudluğu  əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə stimul verir.

Qısa təhlil ölkəmizin yerləşdiyi coğrafi mühitin bu sahədə əlaqələrin inkişafına öz müsbət təsirini göstərdiyini açıqlayır. Əsas olan budur ki, Azərbaycan dövlətinin uğurlu siyasəti bu imkanlardan səmərəli istifadəni şərtləndirir. Təbii ki, eyni fikirləri dost Türkiyə ilə bağlı da qeyd edə bilərik. Cənab İlham Əliyev sözügedən səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarında bildirdi ki, hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən genişmiqyaslı inkişaf prosesini izləyirəm. Buna çox sevinirəm və bir daha görürəm ki, əziz Qardaşımın səyləri nəticəsində qardaş ölkə yeni zirvələri fəth edir: «Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir.»

Səfər çərçivəsində prezidentlərin keçirdikləri  görüşlərdə, mətbuata birgə bəyanatlarında ümumilikdə türk dünyasının daha da möhkəmləndirilməsi məsələsi diqqətə çatdırılaraq türkdilli dövlətlərin hər birinin bu hədəfə  öz töhfələrini vermək imkanları vurğulandı. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu və Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı da bu faktı vurğuladığını söylədi.  Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsinin vacibliyi bildirildi.  

Yeganə Əliyeva, «İki sahil»