02 oktyabr 2024 00:57
259

Bakı Təşəbbüs Qrupu neokolonializmlə mübarizə aparır

Müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan etsələr də təəssüf ki, neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, məhəl qoymurlar. Sirr deyil ki, neokolonializmin ən bariz nümunəsi Fransanın timsalında təzahür edir. Bu ölkədə insan hüquq və azadlıqlarına münasibət birmənalı şəkildə fərqli standartlara əsaslanır.

Əlcəzairdə, Polineziyada, Korsikada, Melaneziyada törətdiyi soyqırımı aktları, Afrikada, Cənub-Şərqi Asiyada, Sakit Okeanda, Latın Amerikasında onlarla ölkənin işğal edilməsi və insanların kütləvi şəkildə qətlə yetirilməsi, şəhər və kəndlərin xarabazarlığa çevrilməsi Fransanın dövlət siyasətinin əsası olub. Təkcə Əlcəzair Fransa müstəmləkəçiliyinə qarşı yüz ildən artıq döyüşüb. Əlcəzairdə bir milyondan çox insanın etnik təmizlənməyə məruz qalması, qətlə yetirilməsi, bu ölkədə nüvə silahlarının sınaqlarının keçirilməsi üçün ərazilərin çirkləndirilməsi və beş milyondan artıq minanın basdırılması məhz rəsmi Parisin bəşəri cinayətləridir. Həmin minaların xəritəsi bu gün də Əlcəzair hökumətinə təqdim edilməyib. Baxmayaraq ki, Əlcəzair 60 ildən artıqdır ki, rəsmi Parisin müstəmləkəsindən azad olub. Son vaxtlar Əlcəzairlə Yeni Kaledoniya tarixində oxşar cəhətləri müqayisə edirlər. Belə ki, Yeni Kaledoniyanın azadlıq mücadiləsinə qarşı rəsmi Parisin aqressiv davranışı Əlcəzairdə törətdiyi qırğınlara bənzədilir.

Yeni Kaledoniya adası uzun illərdir ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkir. Sahəsi 19 min kvadratkilometr olan bu ərazi Sakit okeanın cənub-qərb hissəsində adalardan ibarətdir. 268 min nəfərdən çox əhalisi olan ada 1853-cü ildən Fransanın müstəmləkəsi altındadır. Fransa digər ərazilərdə olduğu kimi, burada da insanların azadlıq çağırışına məhəl qoymur, onların haqlarını kobud şəkildə tapdalayır. Eyni zamanda, Fransa Mayot adasının işğalının beynəlxalq təşkilatlarda müzakirəsinə də imkan vermir.

Fransa hazırda XVI əsrdə ispanların Latın Amerikası siyasətindən fərqli davranmır. İspanlar hansı vəhşiliklə İnka İmperiyasının başçısını siyasi riyakarlıq işlədərək məhv etdilərsə, Fransa “daha sivil” üsullarla, lakin mahiyyətcə ispan davranışindan fərqlənməyən üsullarla 13 müstəmləkə ərazisini talayır. Onların dilini, təhsilini, mentalitetini, mədəniyyətini, azad olmaq və müstəqil dövlət ola bilmək düşüncələrini vəhşicəsinə məhv edir. Ümumiyyətlə, Avropa dövlətlərinə xas olan bu xüsusiyyəti B.Anderson, P.Feyerabend, O.Şpenqler və digər vicdanlı alimlər kəskin tənqid etmişlər. Onlar açıq yazmışlar ki, avropalılar özlərinin qərəzli, riyakar və müstəmləkəçi siyasətləri ilə çox sayda tayfaları, onların mədəniyyətlərini, mental özəlliklərini məhv etmişlər və bununla, bütövlükdə, dünyaya böyük zərər vermişlər. Fransanın Afrikada etdiyi bundan başqa bir şey deyildir. Onun müstəmləkəçiliyinə qarşı üsyanlar həmişə olmuşdur və indi də davam edir. Təsadüfi deyildir ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) tədbirlərinə müstəmləkə altında olan Afrika ölkələrinin təmsilçiləri aktiv surətdə qatılır və Fransanın orada etdiklərini sərt formada tənqid atəşinə tuturlar. Deməli, Bakı afrikalılara öz haqlarını tanımaqla yanaşı, onun uğrunda hüquqi mübarzə aparmağı da öyrədir.

Ancaq buna baxmayaraq,  müasir dövrdə kolonializm siyasətinə qarşı daha açıq, genişmiqyaslı, cəsarətli çıxışlar müşahidə olunmaqdadır. Xüsusilə də  son dövrlərdə Fransanın imperializm siyasətinə qarşı sistemli çıxışlar var. Fransa Mayot adasının işğal olunmasının beynəlxalq təşkilatlarda müzakirəsinə imkan verməsə də, Bakı Təşəbbüs Qrupu (BTQ) bu mövzunu yenidən gündəmə gətirdi və bundan sonra da bu xalqlara dəstək nümayiş etdirəcək. Qrupun məqsədi müstəmləkəçilikdə olan dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verməkdir.

BTQ müstəmləkə regionlarının azadlıgı uğrunda ədalətli mübarizəsini dəstəkləməkdə davam edir. Oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçiriləcək. Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, Konfransda iştirak edəcək şəxslərdən biri fransız neomüstəmləkəçiliyinin əsas tənqidçilərindən olan Kemi Seba adlı tanınmış fəal olacaq. O, uzun illərdir Afrikanın müstəqilliyi, suverenliyi və neokolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır.

Göründüyü kimi, Azərbaycan bundan sonra da haqsızlığa uğrayan xalqların yanında olacaq, onların haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlindən gələn bütün səyləri göstərəcək.

Şəmsiyyə Əliqızı, “İki sahil”