16 sentyabr 2026 01:29
86

Makronu bəyənmirlər…

Fransa Prezidenti Emmanuel Makronun prezident vəzifəsindəki fəaliyyətini ölkə vətəndaşlarının yalnız 16 faizi bəyənir.

Ölkədə nəşr olunan "La Tribune Dimanche" qəzeti tərəfindən keçirilən sorğunun nəticələri belə göstərir. Tərəddüdsüz demək olar ki, bu rəqəm həqiqəti əks etdirir. Çünki son illər Makronun yeritdiyi ağılsız siyasət antixalq xarakteri daşıyır. Üzünə vurulan şillə və sifətinə lomba ilə yağdırılan tüpürcək bunun ən dəqiq ifadəsidir. Mitinq və piket keçirənlərə qarşı göstərilən polis zorakılığı və yolverilməz üsullarla təzyiqlər Makronun əleyhinə çevrilib. Özünü Avropanın jandarmı kimi aparmağa cəhd etməsi fransız xalqının xoşuna gəlmir. Çünki bu kobud davranış Avropanın mədəni ölkələrindən biri kimi Fransanın imicinə qara ləkə gətirir. Özünü yekəxana və hamıdan üstün tutmağa çalışması əks-effekt verir, insanlarda ikrah hissi oyadır.

Bununla yanaşı, Makronun yürütdüyü daxili və xarici siyasətdən narazılıq səviyyəsi 81 faizə yüksəlib. Bu, Makronun 2017-ci ildə prezident seçilməsindən bəri keçirilən sorğularda qeydə alınan ən aşağı göstəricidir. Deməli, rəylər prezident kimi onun yarıtmaz fəaliyyətihdən xəbər verir.

İctimai narazılıq pik həddə çatıb və biz Milli Assambleyanın buraxılması ilə bağlı bütün problemlərin daha da dərinləşdiyini görürük: büdcə problemləri, əhalinin alıcılıq qabiliyyətinin azalması, maddi tələbatın normal şəkildə ödənilməməsi, milli ayrı-seçkilik, neokolonializm, aparteid siyasəti hakimiyyətə inamı tamamilə sarsıdıb. Məlumata görə, ölkədə hər şeyin yalnız axsamalar işlədiyi barədə cəmiyyətdə obrazlı təsəvvür formalaşıb.

Ölkədə təkcə prezidentdən deyil, digər hakimiyyət qurumlarından da narazılıq yüksək həddə çatıb.  

Baş nazir Sebastyan Lekornyunun fəaliyyətini respondentlərin 20 faizi bəyənir, 70 faiz isə ondan narazıdır. Səbəbi hökumət başçısının büdcə problemlərinə qərq olması və heç nəyi dəyişmək niyyətində olmadığı təəssüratı yaratması ilə bağlıdır. Beləliklə, o da  Emmanuel Makrondan “nümunə” götürərək Fransa kimi qüdrətli dövləti nüfuzdan salır, daxili qüvvələri və beynəlxalq ictimaiyyəti özünə qarşı qaldırır. Bunun nümunəsini Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycanla bağlı münasibətdə görmək olar. “Daim Ermənistanın yanındayıq” ifadəsi ona hörmət gətirmədi. Azərbaycan demokratiyadan dəm vuran Fransanın regiona zorakılıqla girişinin qarşısını kəsdi. Makrona başa salındı ki, regiona sülh və qarşılıqlı əməkdaşlıq mühitində gəlmək olar. Otuz üç il davam edən Qarabağ münaqişəsində işğalçını daim dəstəkləməsi, ona külli miqdarda silah, pul verməsi və dəfələrlə maddi yardım göstərməsi sadə fransızlar tərəfindən qəbul olunmurdu.  Təəccüb içərisində düşünürdülər ki, yalançı “erməni soyqırımı”nı qəbul etmək Fransanın nəyinə lazımdır? Parisin merinin Ermənistana humanitar yardımla dolu avtomobil karvanlarını aparması sadə adamların dərin narazılığına səbəb olurdu. Deyildiyi kimi, maddi sıxıntı çəkən fransızlar üçün bunun heç bir əhəmiyyəti yox idi və indi də yoxdur. Onları dəblə geyinmək, layiqli həyat və yaxşı maddi təminat maraqlandırır. Müsəlmanların dediyi kimi: “Əvvəl məscidin içi, sonra çölü.” Ancaq görünür, Emmanuel Makron kimi dikburun yekəxana mənsub olduğu xalqın ehtiyaclarını vecinə almır. O özü üçün başqa diktatorların uğursuz aqibətini seçib.   

Vəli İlyasov, “İki sahil”