15 sentyabr 2026 23:19
86

Diplomatik etikadan kənar reaksiya

Heç bir dövlət başqa bir ölkənin suveren sərhədləri daxilində həyata keçirilən diplomatik səfərlərə ictimai təzyiq göstərmək və ya qadağa qoymaq haqqına sahib deyil

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin, o cümlədən müxtəlif ölkələrin səfərlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərləri rəsmi Bakının suveren hüquqları çərçivəsində həyata keçirilən tədbirlərdir. Son səfər çərçivəsində 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyətin iştirakı bu torpaqlarda görülən işlərə, həmçinin 30 illik işğal dövrünün reallıqlarına böyük marağın göstəricisidir. Həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, xarici qonaqların mütəmadi səfərləri, həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial, iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması, bərpası istiqamətində görülən tədbirlərlə tanışlıqdır. Təbii ki, bu kimi addımlar şanlı Qələbəmizin reallıqlarının təsdiqinə və təqdimatına xidmət edir. Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.

Lakin bu səfərlərə qarşı İrəvandan və Ermənistanın ictimai-siyasi dairələrindən gələn sərt, bəzən isə etikadan kənar reaksiyalar beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. Öncə vurğulayaq ki, xarici dövlətlərin Azərbaycandakı səfirləri və diplomatik missiya rəhbərləri ölkə daxilində sərbəst hərəkət etmək, mövcud vəziyyətlə, bərpa-quruculuq işləri və məcburi köçkünlərin geri qayıdış prosesi ilə yerində tanış olmaq hüququna malikdirlər. Ermənistan cəmiyyətinin və mediasının bu səfərləri hədəfə alması, diplomatları demək olar ki, "linç etməyə" çalışması beynəlxalq diplomatik etikanın kobud şəkildə pozulmasıdır. Heç bir dövlət başqa bir ölkənin suveren sərhədləri daxilində həyata keçirilən diplomatik səfərlərə ictimai təzyiq göstərmək və ya qadağa qoymaq haqqına sahib deyil. Diplomatik nümayəndələrin fəaliyyəti Vyana Konvensiyası ilə tənzimlənir və bu prosesdə akkreditə olunduqları ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsas şərtdir. Azərbaycan öz suveren ərazilərində – o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda – beynəlxalq tədbirlər, səfərlər və monitorinqlər təşkil edərkən tam haqlıdır. Ermənistan ictimaiyyətinin bu səfərləri qıcıqla qarşılaması və əsassız ittihamlar irəli sürüb diplomatik korpusa təsir göstərməyə çalışması isə aşağıdakı amillərlə bağlıdır: Hələ də reallıqla barışmamaq. İrəvan regiondakı yeni geosiyasi vəziyyəti, Azərbaycanın ərazi bütövlüyünün bərpasını qəbul etməkdə çətinlik çəkir. Daxili auditoriyaya hesablanmış manipulyasiya. Ermənistan daxilindəki revanşist qüvvələr bu cür səfərləri bəhanə edərək cəmiyyətdə süni gərginlik yaratmağa və xarici tərəfdaşları hədəf göstərməyə çalışırlar. Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi. Xarici ölkə səfirlərinin hansı bölgəyə səfər edəcəyini İrəvandan diktə etməyə çalışmaq açıq-aydın suverenliyə hörmətsizlikdir.

Mövzu ilə bağlı Ermənistan parlamentin sədri Ruben Rubinyanın açıqlaması da qəbuledilməzdir, Azərbaycanın daxili işlərinə müdaxilədir. 14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi (həmin hərbi təxribatları da Ermənistan törətmişdi, Azərbaycan cavab vermək məcburiyyətində qalmışdı) özlüyündə revanşizm əhval-ruhiyyəsinin yüksəldilməsinə xidmət edən addım kimi qiymətləndirilir. Ermənistan hakimiyyətində və cəmiyyətində formalaşan bu cür aqressiv ritorika sülh prosesinə və etimad mühitinin yaradılmasına heç bir töhfə vermir, əksinə, gərginliyi dərinləşdirir. Xarici diplomatlar bölgəyə səfər edərkən mina təhlükəsi, dağıdılmış infrastruktur və aparılan bərpa işləri ilə yaxından tanış olurlar. Bu cür obyektiv məlumatlandırma prosesindən narahat olmaq və diplomatik missiyalara qarşı kampaniyalar aparmaq konstruktiv yanaşmadan çox uzaqdır.

Ermənistan cəmiyyətində Qarabağdakı bəzi tarixi-dini abidələrlə bağlı müxtəlif iddiaların səsləndirilməsi də diqqət çəkir. Xüsusilə Gəncəsər və Xudavəng kimi abidələrimizin erməni irsi kimi təqdim edilməsi saxtakarlıqdır. Necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu inkar edir. Erməni siyasi dairələri belə rəy formalaşdırmağa çalışırlar ki, Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində guya azərbaycanlılar yaşamayıb. Bu, özlüyündə rasist yanaşmadır.

Azərbaycanın daxili siyasətinə və suveren hüquqlarına yönəlmiş hər hansı kənar müdaxilə cəhdi qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət və akkreditə olunmuş diplomatlar Ermənistan cəmiyyətinin bu cür qeyri-konstruktiv təzyiqlərinə rəğmən, öz fəaliyyətlərini beynəlxalq hüquq çərçivəsində davam etdirirlər və İrəvanın bu reaksiyaları yalnız onun destruktiv mövqeyini bir daha nümayiş etdirir.

Sevinc Azadi, “İki sahil”