20 fevral 2024 23:12
457

Dünyaya örnək…

Tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətləri siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrlə yanaşı, elm və təhsildə də özünü göstərir

Tarix boyu böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq Türkiyə və Azərbaycan xalqları daim biri-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçsə də, Ümummilli Lider Heydər Əliyevin və böyük öndər Mustafa Kamal Atatürkün güclü siyasi iradəsi, qətiyyəti, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşatmış, bu gün də yaşadır. Ulu Öndər Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam və etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur”.

Bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə qardaş ölkələrin həm də hərbi-siyasi əməkdaşlığına, iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə, bəlkə də, ən yüksək səviyyədədir”.

Qarşılıqlı əməkdaşlığın ən yüksək göstəricisinin nəticəsidir ki, 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişafını təmin edəcəkdir. Mühüm tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini, ümumi problemlərlə bağlı birgə addımların atılmasını, davamlı həmrəylik göstərilməsini, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ehtiva edir. Göründüyü kimi, bu tarixi sənəd hər iki dövlətin və xalqın milli mənafelərinə, beynəlxalq birliyin, o cümlədən regionun sabitliyinə, sülhə, rifaha hesablanmış müddəaları özündə cəmləşdirib. Bu da qlobal və regional sülhü, rifahı, inkişafı, eləcə də iki qardaş ölkənin uğurlarını şərtləndirir. Bu gün Ankara və Bakı arasında günü-gündən genişlənən inkişaf siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrlə yanaşı, elm və təhsildə də özünü göstərir. Hər iki ölkə arasında bu istiqamətdə sıx əməkdaşlığa nail olunub. Bunun üçün iki ölkə arasında bir sıra sənədlər də imzalanıb.

Məlumdur ki, iki ölkə arasında təhsil əlaqələrinin əsasını Azərbaycandakı təhsil müəssisələri, qarşılıqlı təqaüd (burslar) proqramları, ölkəmizə ali təhsil almaq üçün gələn türk tələbələr, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr, eləcə də Azərbaycanda müxtəlif universitetlərdə çalışan professor-müəllim heyəti təşkil edir. Bakıda Türkiyənin Milli Təhsil Nazirliyinə tabe olan uşaq bağçası, ibtidai sinif, orta məktəb və lisey səviyyələrində olan məktəblərdə 3 minə yaxın şagird təhsilini davam etdirir. Türkiyənin Təhsil Nazirliyi tərəfindən göndərilən 100-ə yaxın müəllim türk məktəblərində çalışır. Bundan əlavə, həmin təhsil müəssisələrinə köməkçi müəllimlər də təhkim olunub. Azərbaycan və Türkiyə təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilən beynəlxalq “Qardaş Məktəb” layihəsinin təcrübəsi çərçivəsində iki ölkənin 30 məktəbi ilə eyni tipli və səviyyəli məktəbləri arasında qardaşlıq əlaqələri qurulub. Bu məktəblər təhsil müəssisələri arasında əməkdaşlıq, təcrübə mübadiləsi və mədəniyyətlərin təbliği baxımından mühüm rol oynayır. Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin rəmzi olaraq bu gün Ankara, Adana, Qaziantep, İğdır, İzmir, Qars kimi vilayətlərdə Ulu Öndər Heydər Əliyevin adını daşıyan məktəblər fəaliyyət göstərir. Ümumilikdə qardaş ölkənin ali təhsil müəssisələrində 604-ü Türkiyənin təqaüd proqramı təqaüdçüsü olmaqla 35 minə yaxın azərbaycanlı tələbə təhsilini davam etdirir. Azərbaycanda isə 7 türk tələbə doktorantura təhsili alır.

Qeyd etmək yerinə düşər ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il iyunun 13-də Bakıya səfəri çərçivəsində dövlət başçısı İlham Əliyev ilə birlikdə mətbuata bəyanatla çıxış edərkən Türkiyə-Azərbaycan Universitetinin yaradılması məsələsinə də toxunulmuşdu: “Biz çox ümid edirik ki, yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etmişdi ki, iki ölkə arasında atılacaq addımlardan biri Türkiyə-Azərbaycan Universiteti məsələsidir. Onun sözlərinə görə, Ali Təhsil İdarəsinin sədri öz həmkarı ilə bu məsələni nəzərdən keçiriblər: “İnşallah, Türkiyə ilə Azərbaycan arasında belə bir universitetin qurulmasına nail olacağıq”.

Məlum olduğu kimi, Prezident İlham Əliyev yenidən dövlət başçısı seçiləndən sonra ilk rəsmi səfərini fevralın 19-da qardaş Türkiyəyə reallaşdırdı. Bu indiyədək əsası qoyulmuş ənənənin davamı olmaqla yanaşı, tarixi dostluğa, qarşılıqlı etimada, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrə ehtiramın bariz nümunəsidir. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bir sıra mühüm sənədlər imzalandı. Bunlardan biri də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında imzalanan Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumudur. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzaladılar. Yeni yaradılacaq Türkiyə-Azərbaycan Universitetindən söz açan dövlət başçısı bildirdi ki, gənc nəsl həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır: “Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir”.

Bununla hər iki ölkədən olan gənclər həm Türkiyədə, həm də Azərbaycanda təhsil almaq imkanı əldə edəcəklər. Onu da vurğulayaq ki, Türkiyə son iyirmi ildə təhsil sahəsində böyük uğurlara imza atıb və təhsil sahəsindəki təcrübəsini qardaş və dost ölkələrlə bölüşür. Türkiyə və Azərbaycan arasında peşə təhsili sahəsində əməkdaşlıq protokolu iki ölkənin təhsil nazirləri tərəfindən iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında imzalanıb. Protokol çərçivəsində Bakıda və Qəbələdə iki təhsil müəssisəsinin açılması nəzərdə tutulur. Protokolla müəyyən edilib ki, bu təhsil müəssisələrində 5 istiqamət (informasiya texnologiyaları, qonaq evləri və səyahət xidmətləri, mebel və interyer dizaynı, moda dizayn texnologiyaları, qida və içki xidmətləri) üzrə tədrisın aparılması nəzərdə tutulub.

Sevinc Azadi, “İki sahil”