21 fevral 2024 00:21
353

Suverenliyini özü bərpa edən Azərbaycana vasitəçi lazım deyil

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət və hökumət nümayəndləri ilə görüşlərində bu reallığı məntiqli sözləri ilə təsdiqləyən Prezident İlham Əliyev artıq dəfn edilmiş ATƏT-in Minsk qrupunu diriltmək cəhdlərinə yol verilməyəcəyi xəbərdarlığını da diqqətə çatdırıb

Ölkəmizdə 7 fevralda keçirilən prezident seçkilərində Azərbaycan xalqının yüksək etimadını qazanan dövlət başçımız İlham Əliyev Milli Məclisdə andiçmə mərasimindəki nitqində ölkəmizin daxili və xarici siyasətinin bütün istiqamətlərini, daha mükəmməl uğurlar naminə nəzərdə tutulan parametrləri açıqladı. Azərbaycanın yeni dövrün tələblərinə hesablanmış məqsəd və vəzifələrinin konturları diqqətə çatdırıldı. İslamofobiya ilə mübarizəni xarici siyasətimizin əsas istiqamətləri kimi diqqətdə saxlanılacağını bildirən dövlət başçımız türk birliyinin daha da güclənməsi naminə səylərin artırılacağını vurğulamaqla, neokolonializmlə mübarizədə daha ciddi addımlar atılacağını qətiyyətlə bildirdi.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdə də bölgədəki vəziyyəti diqqətə çatdıran dövlət başçımız bəzi dairələrin, dövlətlərin Cənubi Qafqazda sabitliyi pozmaq cəhdlərinin heç bir nəticə verməyəcəyini qətiyyətlə bəyan etdi. Prezident İlham Əliyevin keçirdiyi hər görüş ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun geniş platformada təsdiqinin ifadəsi kimi dəstəkləndi.

Qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidlə görüşündə artıq tarixin arxivinə atılmış Azərbaycan-Ermənistan münaqişəsinin həll olunduğunu bildirən Prezident İlham Əliyev təşkilatın Minsk qrupunun fəaliyyətsizliyini diqqətə çatdıraraq artıq belə səmərəsiz mexanizmlərə ehtiyacın qalmadığını da bildirdi.

Vurğulandı ki, daxili və xarici siyasəti bəşəri dəyərlərə xidmət edən, islamofobiyaya, terrora qarşı mübarizədə fəallığını artıran Azərbaycan müstəqil, qüdrətli dövlət kimi öz siyasətini düzgün prioritetlər əsasında müəyyənləşdirib. Kənar təsirlərə, «məsləhətlərə» ehtiyac yoxdur. Danışıqlarda İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran ölkəmizin qarşıdakı illər üçün siyasi, iqtisadi, diplomatik uğurlarından bəhs edən Prezident İlham Əliyev bir daha vurğuladı ki, ərazi bütövlüyünü, suverenliyini ədalətli, öz gücü ilə bərpa edən Azərbaycana əlavə, eyni zamanda qərəzli vasitəçi lazım deyil.

Səbəb bəlldir. Azərbaycan torpaqlarının30 illik erməni işğalı dövründə icra olunmayan yalnız BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi deyildi. Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçünün təmsil olunduğu ATƏT-in artıq gorbagor olmuş Minsk qrupu, onun həmsədrləri də üzərlərinə düşən vəzifəni icra etmirdilər. Monitorinq adı altında bölgəyə mənasız səfərlər edən, status-kvonun qorunub saxlanılmasına çalışan, artıq gorbagor olmuş, tarixin zibilliyinə atılmış Minsk Qrupu haqqındakı fikirlərini Münxendə də diqqət çatdıran Prezident İlham Əliyevin açıqlamaları bu qrupu diriltmək istəyən Fransanın Prezidenti Emmanuel Makron kimi başqalarına da xəbərdarlıq oldu. Yəni, Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallıqlarda Minsk qrupunun turist funksiyasını yerinə yetirən həmsədrlərinə ehtiyac qalmayıb. «Nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status. Gorbagor oldu status. Yoxdur status. Və olmayacaq. Nə qədər ki mən Prezidentəm, olmayacaq» söyləyən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, «Dağlıq Qarabağ» məhfumu tarixin səhifəsindən silindiyi kimi, «həmsədrlər institutu» da təqaüdə göndərildi. Belə ki, guya, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ermənipərəst Minsk qrupunu diriltməyə çalışan Makron öz ölkəsində baş alıb gedən problemlərin həlli ilə məşğul olsun.

Azərbaycan Silahlı Qüvvələri BMT-nin, Minsk qrupunun öhdəsindən gələ bilmədiyi vəzifələri 44 gündə yerinə yetirdi. Dövlət başçımızın «Dağlıq Qarabağ adlı məhfum artıq yoxdur» sözləri beynəlxalq səviyyədə təsdiqləndi. Azərbaycanın Qələbəsi ilə başa çatan Vətən müharibəsində, döyüşlərin davam etdiyi günlərdə və sonrakı müddətdə də hadisələrə müdaxilə etməyən, əvvəllər olduğu kimi, səssizlikləri ilə işğalçını dəstəkləyən Minsk qrupu ölü qurum olduğunu fərasətsizlikləri ilə də təsdiqləmişdi. Vətən müharibəsindən sonra Ermənistanın işğalından azad edilən ərazilərə səfərlər edən ölkəmizdəki diplomatik korpuslardan fərqli olaraq yarıtmaz Minsk qrupunda Rusiyanı, Amerika Birləşmiş Ştatlarını, Fransanın təmsil edən həmsədrlərin kənarda qalması özü-özünü təcrid idi. Digər həmsədrlərdən fərqli olaraq təkcə Rusiyanın 2020-ci il 10 noyabr Bəyanatını imzalamasının, bölgədə sülhyaratma missiyasını öz üzərinə götürməsinin ABŞ və Fransa tərəfindən «səssizcə» qarşılanması özlüyündə qrupun parçalanması demək idi.

İkinci Qarabağ müharibəsindən, Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra belə rəsmi İrəvanı yeni müharibəyə təhrik edən Minsk qrupunun həmsədrləri Fransanın və ABŞ-ın Hayastanı silahlandırması birmənalı olaraq sülhə təhddirdir. «Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər» söyləyən Prezident İlham Əliyev hansısa «mifik ordu», «status»la bağlı söhbətin arxada qaldığını da vurğulayır. Faktiki olaraq ləğv olunan Minsk qrupunu diriltməyə çalışan dövlətlər, işğalçı ölkənin revanşist dairələri anlamalıdırlar ki, «status» haqqında danışmaq Ermənistanın sonunu yaxınlaşdırır. «Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var. İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Biz - bu prosesin iştirakçısı olan ölkə deyirik ki, Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Bunu biz deyirik. Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır» söyləyən Prezident İlham Əliyev haqlı olaraq sual edir: «Minsk qrupu nə ilə məşğul olmalıdır?» Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır!

Xankəndidə dalğalanan Dövlət Bayrağımız, bu şəhərdə keçirilən futbol oyunu, hərbi parad, ən nəhayət dövlət başçımız İlham Əliyevin ailə üzvləri ilə birlikdə prezident seçkiləri günündə bu şəhərdə səs vermələri Minsk qrupunu çıxdaş edir.

Laçın sərhəd-buraxılış məntəqsinin açılması, 24 saatlıq lokal xarakterli antiterror tədbirlə erməni separatizminin kökünü kəsən Azərbaycan öz seçimini edib. Qondarrma «Dağlıq Qarabağ respublikası»nın oyuncaq «prezidentini», «baş nazir səlahiyyətlərini» icra edənləri, ümumiyyətlə əli azərbaycanlıların qanına batan erməni cəlladlarına himayəlik edən Minsk qrupunun həmsədr ölkələri, erməni havadarları Prezident İlham Əliyevin Milli Məclisdəki nitqindən xəbərdardırlar. Dövlət başçımız nitqində Xankəndidə səs verməsi ilə bağlı bildirdi ki, orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi. Artıq Azərbaycanı heç bir təhdid, təzyiqlə hədələmək olmaz.

«Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür» söyləyən Prezident İlham Əliyev Ali Baş Komandan kimi ordu quruculuğu prosesinin davam etdiriləcəyini qətiyyətlə bildirir.

Belə ki, bəzi ölkələrin beynəlxalq ictimaiyyəti bəhanə edərək Azərbaycanla təhdidlə danışmasının vaxtı artıq keçmişdə qalıb.
«Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi?» söyləyən Prezident İlham Əliyev Azərbaycanın dünya birliyindəki yerini dəqiq müəyyənləşdirib.

Zamanın tələbləri, çağırşları əsasında daxili və xarici siyasətini təkmilləşdirən Azərbaycan COP29-a ev sahibliyi çərçivəsində də islamofobiyaya, neokolonializmə, separatizmə qarşı mübarizə aparan ölkələrin yanında olacaq. «Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar» sözləri ilə erməni məddahı Makrona bir daha yerini göstərən Prezident İlham Əliyev Fransanın süni olaraq yenidən aktuallaşdırmağa çalışdığı «vasitəçi» səyini də boş xəyal adlandırır: «Birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək.»

Ağdam, Füzuli, Laçın, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa, Hadrut, Xocalı, Ağdərə, Əsgəran, Xankəndi daxil olmaqla bütün ölkə ərazisində suverenliyini tam təmin edən Azərbaycan üçün yeni dövr başlayır. Bu yolda vasitəçi də , icraçı da 7 fevralda seçimini edən Azərbaycan xalqı, milyonların etimadını qazanan, şərtləri diktə edən Prezident İlham Əliyevdir.

Prezident İlham Əliyevin bu günlərdə qardaş ölkəyə rəsmi səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqazda sülh və sabitliyə dair atılan addımlarla bağlı söylədikləri daha sülhsevərdir, nəinki Makronun Ermənistanı silahlandırmaq cəhdi: «Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik.»

Xuraman İsmayılqızı, «İki sahil»