21 fevral 2024 01:14
518

Vardanyanın puluna satılmış “hüquq müdafiəçisi”... - Araşdırma

Görün, Azərbaycana “diş qıcayan” Meri Robinson əslində kimdir?

Özlərinə saxta tarix yaradan, qondarma “soyqırımılarla” məzlum xalq obrazı formalaşdıran, qonşularından, ən çox da bizdən oğurladıqlarını öz “irsləri”, “mədəniyyətləri” kimi dünyaya sırıyan ermənilərin şəksiz ən böyük “istedadları” bu yalanlara hamını inandırmaqdır. Faktdır ki, onlar bu işdə həm kifayət qədər peşəkarlaşıblar, həm də sistemli şəkildə, mütəşəkkil formada fəaliyyət göstərirlər. Bütün dünyada, xüsusilə Avropa və Amerikada bəzən yerli hakimiyyət nümayəndələrinə təsir edə biləcək qədər güc qazanmış erməni lobbisinin bu sahədəki “xidmətləri” isə hamıya məlumdur. Ona görə də istər torpaqlarımızın işğal altında olduğu müddətdə, istərsə də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonrakı dövrdə beynəlxalq səviyyədə əleyhimizə yönəlmiş hər hansı kampaniyanın arxasında erməni lobbisinin izinə rastlanması təəccüb doğurmur. Elə İrlandiyanın sabiq Prezidenti, BMT-nin İnsan Hüquqları üzrə keçmiş Ali Komissarı Meri Robinsonu Azərbaycan haqqında Ermənistan mətbuatının və bəzi beynəlxalq KİV-in həvəslə tirajladığı, qərəzli, iftiralarla dolu məqalə yazmağa sövq edən səbəbləri də çox axtarmaq lazım gəlmədi...

29 il əvvəl...

1995-ci il, 29 yanvar. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İsveçrənin Davos şəhərində İrlandiya Respublikasının Prezidenti xanım Meri Robinson ilə görüşmüşdü. Rəsmi məlumatda bildirilirdi ki, görüş çox səmimi və dostluq şəraitində keçib. Xanım prezident ölkələrimiz arasında dostluq əlaqələrinin yaradılması üçün yaxşı əsas olduğunu və bunun dövlətlərimizin və xalqlarımızın mənafeyinə uyğun gəldiyini söyləyib. Onu da qeyd edib ki, Azərbaycan ilə İrlandiyanın oxşar cəhətləri çoxdur. Yeri gəlmişkən, Robinsonun bu sözlərini aşağıda yenidən xatırlatmaq lazım gələcək, odur ki, yadda saxlamaq lazımdır.

Prezident Heydər Əliyev də Azərbaycanın yenicə müstəqillik qazandığını bildirərək, ölkəmizin həmin dövrdə üzləşdiyi iqtisadi böhran şəraiti, onun yaranma səbəbləri, xüsusilə də Ermənistanın altı ildən bəri davam edən (1995-ci ildə) açıq təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizdən çoxunun işğal olunması və bir milyondan çox azərbaycanlının qaçqın düşərək ağır şəraitdə çadırlarda yaşamağa məcbur olması haqqında geniş məlumat verib. Qeyd edək ki, sonuncu fakt da mövzu ilə bağlı ciddi əhəmiyyət daşıyır.

İrlandiyalı xalanın şəri

Qətiyyəti, sarsılmaz iradəsi sayəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinə nail olmuş Prezident İlham Əliyevin 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün 17-18 fevral tarixlərində Almaniya Federativ Respublikasına səfəri zamanı keçirdiyi çoxsaylı səmərəli görüşlərinin ermənilər və ermənipərəst qüvvələr tərəfindən necə qısqanclıqla qarşılandığını söyləməyə ehtiyac yoxdur. Bu mənada, Meri Robinsonun Azərbaycan əleyhinə geniş məqaləsinin də məhz bu ərəfədə yazılması yəqin ki, təsadüf deyil. Adını “insan haqlarının müdafiəçisi” qoyan irlandiyalı xala yəqin 29 il əvvəl dediklərini çoxdan unudub. Yoxsa bir vaxtlar Azərbaycan ilə İrlandiyanın oxşar cəhətlərinin çox olduğunu deyən Robinson indi Azərbaycan əleyhinə riyakarcasına bu qədər böhtanlar yağdırmaqdan utanardı. Ancaq o, əksinə, Münxen Təhlükəsizlik Şurasının illik hesabatını hazırlayanlara irad bildirir ki, niyə Azərbaycanı tənqid etməyiblər. Görünür, Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına –  COP29-a ev sahibliyi etməsi də sabiq prezidentin, daha dəqiqi onu əleyhimizə qızışdıranların yaralı yerinə çevrilib. Ona görə Robinson həyasızcasına COP29-a qədər Azərbaycana qarşı tələblər qoyulmasını istəyir, ölkəmizdə keçirilən prezident seçkilərinin nəticələrini şübhə altına alan fikirlər səsləndirir, öz iyrənc maraqları naminə vaxtilə görüşündən məmnun qaldığı Ümummilli Liderimizin adını hallandırır və ən əsası, Qarabağı könüllü tərk etmiş ermənilər haqqında “etnik təmizləməyə məruz qalmış 120 min erməni” ifadəsi işlədir. Axı yuxarıda da qeyd etdiyimiz kimi, xanım Merinin keçmiş Qarabağ münaqişəsinin səbəbləri və nəticələri haqqında məlumatı əvvəldən olub. Bəs niyə tək bir dəfə olsun hüquqları pozulmuş bir milyona yaxın azərbaycanlının problemləri haqqında bir cümlə belə olsun yazmayıb? Axı kimdir bu Robinson?

Sən kimsən, Meri?

“Wikipedia” məlumatlarına baxanda 80 yaşlı bu qarının üzü üzlər gördüyünü söyləmək olar. Meri Robinson (Mari Tereza Unifred Robinson) 21 may 1944-cü ildə İrlandiyanın Mayo qraflığında, Ballinada doğulub. Hüquqşünas, siyasətçi və diplomatdır. 1990-1997-ci illərdə İrlandiyanın yeddinci və ilk qadın prezidenti olub. Robinson prezidentliyi dövründə bütün dünyada insan haqları məsələlərinə diqqəti cəlb etməyə çalışıb. O, 1992-ci ildə ölkədəki vətəndaş müharibəsi və aclıqdan sonra Somaliyə, 1994-cü ildə soyqırımdan sonra Ruandaya səfər edən ilk dövlət başçısı kimi tarixə düşüb. 1997-2002-ci illərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı vəzifəsində çalışıb. Burada o, Şərqi Timor, Tibet, Yaxın Şərq, Sierra Leone, Ruanda və Çeçenistandakı böhranlarla məşğul olub.

Hazırda Etik Qloballaşma Təşəbbüsü adlı təşkilatın prezidenti olan Robinson 2004-cü ildən Kolumbiya Universitetində dərs deməyə başlayıb.

Robinsonun qərəzinin mənbəyi və ya “irland fərəsinin quyrğunun” görünən tərəfi...

Ancaq qeyd edilənlər xanım Merinin tərcümeyi-halını tam əks etdirmir. Araşdırmalar zamanı məlum oldu ki, sabiq “insan hüquqları üzrə komissar” “Aurora” Humanitar Təşəbbüsü (The Aurora Humanitarian Initiative) adlı bir fondda da işləyir və fondun “Aurora mükafatı”nın qaliblərini müəyyən edən komissiyanın üzvüdür. Bax, burada Robinsonun Azərbaycana qərəzinin mənbəyi məlum olur, yaxud, necə deyərlər, “irland fərəsinin quyruğu” görünür. Məsələ burasındadır ki, sözügedən fondun həmtəsisçiləri erməni milyarderlər Vartan Qriqoryan, Noubar Afeyan və... çoxsaylı cinayətlərinə görə hazırda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında məhkəmə gününü gözləyən Ruben Vardanyandır...

O “Aurora” Humanitar Təşəbbüsünün ki, qondarma “erməni soyqırımı”, artıq tarixə çevrilmiş Qarabağ münaqişəsi haqqında yalanlar yaymaq, “çirkli” pullar, mükafatlar, təmtəraqlı mərasimlər hesabına merikimiləri öz əlaltılarına çevirərək Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərməyə vadar etməklə məşğul olub, bu gün də olmaqda davam edir. Aurora Humanitar Təşəbbüsünün rəsmi saytında qeyd edilir ki, “Bəşəriyyətin Oyanışı üçün Aurora Mükafatı” qlobal humanitar mükafatdır: “Onun missiyası zorakı münaqişələr, vəhşilik cinayətləri və ya digər əsas insan hüquqları pozuntuları nəticəsində əziyyət çəkən başqalarının həyatını, sağlamlığını və ya azadlığını xilas etmək üçün öz həyatını, sağlamlığını və ya azadlığını riskə atanları tanımaq və dəstəkləməkdir.”

Mükafatın məbləği isə nə az, nə çox, 1 milyon ABŞ dollarıdır. Bax, budur erməni riyakarlığı.

Bir faktı da qeyd edək ki, 2020-ci ildə Vətən müharibəsindən sonra sözügedən fond Qarabağ ermənilərinə “humanitar yardım” üçün 2,2 milyon dollar vəsait ayırıb. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi birgünlük antiterror tədbirlərinin nəticələri deməyə əsas verir ki, həmin vəsait “humanitar” məqsədlər üçün deyil, Qarabağdakı separatçıların silahlandırılmasına sərf edilib...

İrlandiyanın sabiq prezidenti, BMT-nin İnsan Hüquqları üzrə keçmiş Ali Komissarı Meri Robinsonun anti-Azərbaycan mövqeyinin, ölkəmizə və dövlətimizə qarşı böhtanlarının haradan qaynaqlandığı indi daha çox aydın olur. Olsun! Biz öz haqq işimiz uğrunda təkcə ermənilərlə deyil, həm də öz ləyaqətini, vicdanını pula satmış bax belə robinsonkimilərlə də mübarizə aparmağa məcbur olmuşuq, hələ də məcburuq. Bu da Qərbin “demokratiyası”, avropalı “insan hüquqları müdafiəçilərinin” insan haqlarına münasibəti. Eybi yox, atalarımız yaxşı deyib: “İt hürər, karvan keçər!”

Mahir Rəsuloğlu, “İki sahil”