21 fevral 2024 02:15
560

Sülhə, tərəqqiyə xidmət edən xarici siyasət

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən 30-a yaxın  görüş dünyanın diqqət mərkəzində oldu. Şübhəsiz, dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələri ilə keçirilən görüşlərin intensivliyini Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin göstəricisi kimi dəyərləndimək olar. Özü də həmin görüşlər qarşı tərəflərin müraciətləri əsasında baş tutdu.  

Azərbaycan müntəzəm şəkildə bu platformaya Prezident İlham Əliyevin şəxsində dəvət alır. Dövlətimizin başçısı da qlobal və regional təhlükəsizlik məsələləri ilə əlaqədar öz dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşür. Budəfəki görüşlər daha möhtəşəm oldu. Belə ki, 7 fevral seçkilərində 92,12 faiz səslə qazandığı qələbədən sonra konfransda  iştirak edən Prezident İlham Əliyevin  ABŞ-ın Dövlət katibi Antoni Blinken, ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, ABŞ Prezidentinin qlobal infrastruktur və ener¬ji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid, “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnor, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə  və digər şəxslərlə keçirilən görüşlərdə ölkəmizin mövcud reallıqları daha geniş şəkildə dünyaya çatdırıldı. Həmin görüşlərin iştirakçıları da suveren Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduqlarını dilə gətirdilər. Şübhəsiz, bu, hər şeydən əvvəl dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizdə qalib Sərkərdə kimi yazılan Prezident İlham Əliyevin mükəmməl siyasətinin nəticəsində suverenliyinə qovuşan, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın  təntənəsi idi.

Bu fakt həm də  ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artdığını, əgər belə demək mümkünsə, qlobal oyunçuya çevrilməsini göstərir. Prezident İlham Əliyevin andiçmə mərasimində qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyada qlobal problemlərin həllində fəallıq göstərən və buna əməli töhfələr verən ölkə kimi qəbul edilir. 

Bəli, Azərbaycan beynəlxalq miqyasda düşünülmüş siyasət həyata keçirir və dünyanın tanınmış simaları  siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı  BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə Qoşulmama Hərəkatına sədr seçilməzdi. Ötən ilin sonlarında Azərbaycana daha bir etmad göstərilib. Belə ki, dünya birliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib. Şübhəsiz, rəsmi Bakının həmin tədbirə ev sahibliyinin dünya ölkələri tərəfindən dəstəklənməsi Azərbaycanın qlobal problemlərin həllinə töhfə verməsinin, bir sözlə,  güclü potensiala malik olmasının nəticəsidir.

İllər uzunu Azərbaycanın bu potensialını ortaya qoymasına Ermənistan-Azərbaycan münaqişəsi mane olurdu. Artıq  dünya ölkəlı  ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, təmasları gücləndirmək üçün Qarabağ problemi də yoxdur. Belə ki, Azərbaycan təkbaşına Qarabağ yarasını birdəfəlik  kəsib atıb, ərazilərini separatçılardan təmizləyib, Xankəndidəki hərbi xuntanın ömrünə son verib. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuata bəyanatında söylədiyi kimi, Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.

Bu gün Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması naminə  bütün imkanlarını ortaya qoyub.  Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesi isə artıq qlobal məsələ deyil, ikitərəfli xarakter daşıyır. Bununla da Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar fonunda tamamilə yeni dövrün başlandığını bir daha bildirdi. Nəticədə dünya birliyinin regionda yeni infrastruktur və logistik əlaqələrin qurulmasında Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyinin şahidi olduq. Çünki onlar artıq yaxşı dərk edirlər ki, Cənubi Qafqaz və ətraf regionlar üzrə layihələrin taleyi  Azərbaycanın iradəsindən çox asılıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”