21 fevral 2024 03:05
588

Eyni kökdən su içən nəhəng çinarın budaqları

Türkiyə ilə Azərbaycan nəhəng çinarın budaqlarına bənzəyir. Bir kökdən su içən bu çinar yüz illiklər keçdikcə böyüyərək Asiyadan Avropayadək yayılmış, dünyaya güclü dövlətlər bəxş etmişdir.

“Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü hər bir Türk dünyasına mənsub olan insanı sevindirir.”

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri Türkiyəyə rəsmi səfəri çərçivəsində qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatları zamanı deyib. Prezidentimiz sözünün davamında böyük qürur hissi ilə bildirib ki, İkinci Qarabağ müharibəsi günlərində Türkiyənin yanımızda olması bizə böyük siyasi və mənəvi dəstək oldu: “Və təbii ki, Azərbaycan sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatanda Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini işğaldan azad etmişdir. Bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz qardaşımın çox qəti və açıq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarının bu işə müdaxilə etməsindən kənarda saxladı, “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır”. Bu siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh yolu ilə çözə bilmədiyimiz  tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində çözdük. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq”.

Hərbi əməliyyatların aparıldığı həmin günlərdə sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu hər cümləsinin əvvəlində də,axırında da “Can, Azərbaycan!” ifadəsini ürəkdən elə istiliklə işlədirdi ki...Biz bu cür doğma münasibətdən  dərin fərəh hissi keçirirdik. Ondan başqa dövlət adamları, siyasi partiyaların rəhbərləri, ictimai xadimlər, alimlər, jurnalistlər, sadə adamlar  da onun kimi. Prezident Rəcəb Tayyib Ərdoğanın məşhur bayatımızdan "Arazı ayırdılar..." ifadəsi bəzilərinə xoş gəlməsə də bizim ürəyimizdən sanki tikan çıxardı.

Bəli, bu dəstək daim bizim yaddaşımızda və tariximizdə minnətdarlıqla yad ediləcəkdir. Gələcək nəsillərimiz də öz dostlarını və düşmənlərini yaxşı tanıyacaqlar. Daha beynimizi, tariximizi, ənənələrimizi yuyan bir düşmən ideologiya yoxdur. Qardaşlığımızın pozulmasına xidmət edən kommunist-bolşevik ideologiyası çürüyüb sıradan çıxdı və tarixin arxivinə atıldı. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət Türkiyə oldu. Ondan sonra siyasi, iqtisadi və mədəni əlaqələrimiz yenidən bərpa edildi. Artıq neçə ildir ki, minlərlə gəncimiz qardaş ölkədə ali təhsil alaraq ölkəmizin müxtəlif strukturlarında çalışırlar. Eyni ilə də türkiyəli gənclər Bakıdakı ali məktəblərdə, akademiyalarda təhsil alıb Vətənə dönürlər. Biz Türkiyəyə öz doğma ölkəmiz kimi gedib-gəlirik. Turist kimi gəzməyə, istirahətə, müalicəyə, işləməyə gedənlər qardaş-bacı münasibəti ilə qəbul olunurlar. Bu doğmalıq özünü Türkiyənin vilayətlərində dağıdıcı zəlzələ zamanı daha bariz şəkildə göstərdi. Bütün Azərbaycan xalqı dəstək olmaq üçün ayaqda idi. Kimin nəyə gücü çatırdısa ğöndərilməsi üçün lazımi ünvanlara aparırdı. Laçın rayonunun sakini, lakin məlum səbəbdən məcburi köçkün həyatı yaşayan Sərvər Bəşirli özünün köhnə maşınına  isti geyim və yataq dəstləri yığaraq Türkiyənin Kahramanmaraş şəhərinə göndərməsi həm Azərbaycan, həm də Türkiyə mətbuatının gündəmində geniş yer aldı. Kasıb avtomobil sahibinin bu hərəkətindən hamı mütəəssir oldu. Ailəsi əslən işğal edilmiş Laçından olub didərgin həyatı yaşayan Sərvər o günlərdə bildirirdi ki, qışın şaxtasında evsiz-eşiksiz qalmağın necə dəhşətli olduğunu yaxşı təsəvvür edir. Hər iki ölkədə gəncin bu vətənpərvər hərəkəti təqdir olundu.

“Bütün Azərbaycan xalqına  6 fevral 2023-cü ildə baş verən zəlzələlər zamanı göstərdiyi həmrəylik üçün təşəkkür edirəm”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında belə deyib. 

Dövlət başçısı Azərbaycanın bölgədəki xilasetmə və bərpa işlərində fəal iştirak etdiyini də xatırladıb: “Azərbaycan Kahramanmaraşda 1 000 mənzil və 799 iş yeri inşa edir. Keçən həftə Kahramanmaraşa  ziyarətim çərçivəsində Azərbaycan Bulvarında davam edən işlər haqqında məlumat aldım”.

Əlbəttə, belə də olmalıdır. Milyonlarla azərbaycanlının öz qardaş-bacılarına yardımı heç bir təmənna olmadan edilib. Biz bunu etməli olduğumuz  kömək kimi qiymətləndiririk. 1920-ci illərdəki kimi.  O vaxt  Azərbaycana rəhbərlik edən Nəriman Nərimanov böyük  Atatürkə demişdi ki, qardaş qardaşa borc verməz, kömək əlini uzadar. Təbii ki, dediyimiz kimi, belə gözəl ənənələrin dərin kökləri var.

Biz min il əvvəllər də həmişə şad  və çətin günlərimizdə biri-birimizin yanında olmuşuq. 1064-1065-ci illərdə türk dünyasının böyük sərkərdəsi Sultan Məhəmməd Alp Arslanın böyük ordularla iki dəfə Azərbaycana hərbi yürüş etməsi, Ani qalasında  möhkəmlənmiş istilaçı Roma qoşunlarını darmadağın etməsi qardaşlığımızın ən parlaq səhifəsidir. Sultanın qardaşı Ünal bəy isə xalqımızın təhlükəsizliyini qorumaq üçün uzun illər Gəncənin hakimi olmuşdur. Bəzi tarixi mənbələrdə  göstərilir ki, onların anaları azəri türküdür. O vaxtlardakı  geniş qohumluq əladələrimiz  indi də davam etməkdə və daha da genişlənməkdədir.

Bolşevik repressiyalarının tüğyan etdiyi 1920-1930-cu illərdə təqiblərdən yaxa qurtarmaq üçün öz vətənlərindən didərgin düşən azərbaycanlılar qardaş Türkiyəyə sığınırdılar. Daha aramıza girə biləcək  belə düşmən qüvvələr yoxdur, xalqlar ayılıb, dostu ilə düşmənini bir-birindən ayırır. Faktlardan da ğörünür ki, tarixi birliyimiz əbədi olacaqdır. Çünki Azərbaycan iki yüz illik imperiya əsarətindən qurtularaq öz dövlət müstəqilliyini bərpa edib. İndiki və gələcək nəsillərimiz əl-ələ verib uzun inkişaf yolu ilə irəliləyəcək, daha güclü olacaqlar. Ulu babamız Oğuz Xaqan vaxtilə demişdir: Ey türk! Silkələn, özünə qayıt, sən özünə qayıdanda böyük olursan!

Türkiyə-Azərbaycan qardaşlığı daim var olsun!

Vəli İlyasov, “İki sahil”