20 fevral 2024 10:52
469

Xalqın göstərdiyi böyük etimad və inam

Müasir tariximizə Zəfər seçkiləri kimi yazılan 7 fevral prezident seçkiləri Azərbaycanın son 20 ildə qazandığı uğurlara verilən dəyərin, cənab İlham Əliyevə etimadın, inamın təqdimatı oldu. Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları müasir müstəqil, qalib Azərbaycanla qürur duyur. Budəfəki prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirildi. Ölkə rəhbəri ailə üzvləri ilə birgə Xankəndidə səsvermədə iştirak etdi. Bu, ölkənin tarixində əbədi olaraq qalacaq əlamətdar hadisə oldu. Seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz. Prezident əlini öncə Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”. Xalqın 92,12 faiz səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycan xalqına göstərdiyi böyük etimada,  dəstəyə görə təşəkkürünü bildirdi və belə bir əminliyi ifadə etdi ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Cənab İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində “Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq - biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir” fikirləri ilə uğurlarımızda birliyimizin, həmrəyliyimizin rolunu xüsusi qeyd edir və bu hədəfi açıqlayır ki, birliyimiz daimi olmalıdır. Prezident İlham Əliyev mühüm amil olan gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələsinə də xüsusi diqqət yönəltdi. Belə bir çağırış səsləndirildi ki,  elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın. Bu kimi məsələlərdə ailələrin, məktəblərin də üzərinə böyük məsuliyyət düşür. Kiçik dövlət olan ailədə uşaqların  bir vətəndaş kimi dövlətinə, xalqına bağlılıq ruhunda tərbiyə olunması gələcəkdə bu yönümdə göstərdikləri fəaliyyətdə öz sözünü deyir. Gənclərimiz hər zaman tariximizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi, dilimizi öyrənməli, onun inkişaf etdirilməsinə öz töhfələrini verməlidirlər.

Andiçmə mərasimində Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yoluna nəzər salındı. Hər bir ölkənin tərəqqisində iqtisadi amil əsasdır. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bütün dövrlər üçün öz aktuallığını qoruyur. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə və gələcəyimizə hesablanmış addım idi. Cənab İlham Əliyev andiçmə mərasimində bu məqamları xüsusi qeyd etdi. Regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi nüfuzunu günbəgün artırır. Təkcə son illərdə Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Hazırda Azərbaycan yalnız neft deyil, həmçinin qaz, elektrik enerjisi ixracatçısıdır. Hər dövrün öz çağırışı vardır. Bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması əsas hədəflərimiz sırasındadır. Dövlət başçısı bildirdi ki, planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri yaradılmalıdır. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. İqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi verəcəyik. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsində də məqsəd bu sahədə əməkdaşlığa töhfələr verməkdir. O da məlumdur ki, bu ilin dekabr ayında ölkəmiz COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcək. Bu mühüm hadisə  bərpaolunan enerji növləri ilə bağlı  hədəflərimizə işıq salır.

İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir. Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir. Geriyə baxanda aydın görmək olur ki, bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olub. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı prezidentin ətrafında bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla addımladı. Azərbaycan xalqı hər şeyi bilir və hər şeyi yadda saxlayır. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var. Bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın qazandığı uğurlardan geniş bəhs edərək bu reallığı xüsusi qeyd etdi ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Bu çağırış da səsləndirildi ki, birliyimiz daimi olmalıdır. Birliyimiz, həmrəyliyimiz tarixi ədalətə və beynəlxalq hüquqa söykənən  növbəti addımlarımızda da öz sözünü deyəcək. 20 ili uğurlarla, zəfərlərlə arxada qoyan qalib Azərbaycanı yeni dövrdə yeni zəfərlər gözləyir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayontəşkilatının sədri