19 fevral 2024 23:33
400

Daha bəsdir!..

AXCP sədri Ə.Kərimli və onun müavini F.Qəhrəmanlı həmişə olduğu kimi, prezident seçkilərindən sonra da demoqogiya yaymaqda və xam xəyallar qurmaqda davam edirlər

Azərbaycanın uğurları artdıqca, beynəlxalq nüfuzu yüksəldikcə radikal müxalifət nümayəndələri daha da azğınlaşır, bu nailiyyətlərə paxıllıq hissi ilə yanaşırlar. Dağıdıcı ünsürlər bu uğurlara kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar. Onların məqsədi bu yolla Azərbaycanda hakimiyyətə  gəlmək, var-dövlət sahibi olmaqdır.

Bu məqsədlə dağıdıcı müxalifət iqtidara ləkə yaxmaq üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışır. Onlar əsasən sosial şəbəkələrdəki cızma-qaraları ilə öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Amma son nəticədə bu antimilli fəaliyyətlər iflasa məhkum olmaqdan o tərəfə gedə bilmir. Çünki Azərbaycan xalqı onların bu məqsədlərini yaxşı bilir və bu yaramaz oyunları qətiyyətlə rədd edir.

Dağıdıcı ünsürlər demək olar ki, hər gün bu kimi antimilli fəaliyyətlə məşğuldurlar. Nə yazıq ki, onlar bəzi xarici düşmən qüvvələrin əsirinə çevriliblər. Bir vətəndaş olaraq müəyyən maddi maraqlar qarşılığında düşmən dəyirmanına su tökməklə milli təəssübkeşliyi unudurlar. Artıq 30 ildir ki, antimilli fəaliyyəti peşəyə çevirən bu 3-5 dağıdıcı ünsürün ətrafında isə yalnız və yalnız bir neçə nəfər aldadılmış şəxs qalıb. Heç şübhə yoxdur ki, bu gün, sabah onlar da dağıdıcı düşərgəni tərk edəcəklər. Lakin dağıdıcı düşərgənin əsas ideoloqları olan AXCP sədri Əli Kərimli və onun müavini Fuad Qəhrəmanlı düzəlmək bilmirlər. Atalar çox gözəl deyiblər: “Qozbeli qəbir düzəldər.” Hamı AXCP sədri Əli Kərimliyə və onun müavini Fuad Qəhrəmanlıya “daha bəsdir!” desə də, onlar getdikləri əyri yoldan geri dönmək fikrində deyillər.

Məsələn, Ə.Kərimli fevralın 19-da “Facebook” sosial şəbəkəsindəki şəxsi profilində növbəti yalan, böhtan, iftira dolu status yazaraq ölkəmizdə 7 fevral tarixli prezident seçkilərinə kölgə salmağa cəhd edib. O, hakimiyyətin rəqabətsiz seçki keçirdiyini iddia edib. Bildirib ki, guya iqtidar bununla gülünc vəziyyətə düşüb. Halbuki, AXCP sədri seçkilərə qatılmamaqla özü-özünü gülünc vəziyyətə salıb. Çünki prezident seçkilərində hər bir namizəd üçün bərabər demokratik mühit yaradılmışdı. Belə olduğu təqdirdə kimsə qalib xalqın qalib Lideri İlham Əliyevlə rəqabət apara bilməyibsə, bu məsələdə cəfəng iddia irəli sürmək təbii ki, tamamilə absurddur. Beynəlxalq müşahidəçilər fevralın 8-də Bakıda keçirdikləri mətbuat konfranslarında bu seçkilərin şəffaflığını, ədalətliliyini və demokratikliyini xüsusi vurğulayıblar.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da öz “şefinin” göstərişlərini yerinə yetirirək “Facebook”da başqa bir absurd iddia ilə çıxış edib. Bildirib ki, Azərbaycan hakimiyyəti yeni geosiyasi paradiqmaları yenidən dəyərləndirməli, hazırkı milli maraqlarımıza zərər vuran siyasətdən mümkün qədər tez imtina etməlidir. Halbuki, radikal müxalifətin ən barışmaz nümayəndələrindən biri olan F.Qəhrəmanlının özü 1-2 partiya yoldaşı ilə birlikdə milli maraqlarımıza zərbə vurmaq üçün dəridən-qabıqdan çıxırlar. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 tarixlərində aparılan lokal xarakterli antiterror əməliyyatlarında Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı düşmən tapdağından azad etdi və ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Bundan sonra görəsən F.Qəhrəmanlı hansı üzlə belə iddia irəli sürür? Təəssüf... Artıq reallığı dərk etmək iqtidarında olmayan Ə.Kərimli və F.Qəhrəmanlı kimi dağıdıcı ünsürlər siyasətdən getməlidirlər. Çünki bu işi bacarmırlar. Onlar nəhayət, reallığı dərk edərək demoqogiyalarına, iftira və yalanlarına son qoymalıdırlar. Əks təqdirdə, Azərbaycan xalqı onları birdəfəlik tarixin zibiliyyinə atacaq.

Cavid Əkbərov, “İki sahil”