20 fevral 2024 01:15
393

Xalq-iqtidar birliyi: Müstəqilliyimizin, suverenliyimizin qarantı...

Müasir dünyada dövlətlərin gücü, onların müstəqillik dərəcəsi daxili sabitliyin, xalq-iqtidar birliyinin səviyyəsi ilə müəyyənləşir. Geosiyasi proseslərin təhlili göstərir ki, hər hansı ölkədə xalq-iqtidar birliyi təmin edilməyibsə, nə zəngin təbii sərvətlər, nə də hansısa xarici maraqlara xidmət edən dəyərlər o ölkəni sabit və davamlı inkişaf yoluna çıxara bilməz. Azərbaycanın yeni və ən yeni dövr tarixində baş verən proseslər xalq-iqtidar birliyinin mövcud olmamasının hansı təlatümlərə və faciələrə gətirib çıxardığını göstərmişdir. 1991-1992-ci illərdə ölkədə yaranmış idarəolunmaz vəziyyət, Azərbaycanın dərin böhrana düçar olması, ölkəni xaos, anarxiya, özbaşınalığın bürüməsi məhz xalq-iqtidar birliyinin təmin olunmamasının nəticəsi idi. Yalnız dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə xalq-iqtidar birliyi təmin edilmişdir. Məhz xalq-iqtidar birliyinin təmin olunması Azərbaycanın həqiqi müstəqillik yoluna qədəm qoymasına şərait yaratmışdır. 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev isə nəinki xalq-iqtidar birliyini möhkəmləndirmiş, həm də bu birliyin təminatçısı və qarantına - hər bir Azərbaycan vətəndaşının Prezidentinə çevrilmişdir. Dövlət başçısı İlham Əliyevin bütün fəaliyyəti milliyyətindən, dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən, cinsindən asılı olmayaraq hər bir vətəndaşa bərabər, tolerant, səmimi yanaşmadan və ən əsası azərbaycançılıq ideologiyasına sadiqlikdən xəbər verir.

Azərbaycanda xalq-iqtidar birliyi, yəni milli həmrəylik amili həm müstəqilliyimizin, suverenliyimizin qarantı, həm də davamlı uğurlarımızın təminatçısıdır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 20 il ərzində isə milli həmrəyliyin daha da gücləndirilməsi Azərbaycanın möhtəşəm nailiyyətər qazanaraq yeni zirvələr fəth etməsinə gətirib çıxarıb və ölkəmizin dünya birliyində layiqli yer tutmasını şərtləndirib. Azərbaycanın adının dünya siyasi tarixinə qalib ölkə kimi yazılmasını, tarixi ədalətin, milli ləyaqətin və milli qürurun bərpasını təmin edən 44 günlük Vətən müharibəsində qazanılmış Qələbədə isə milli həmrəylik amilinin yeri və rolu müstəsnadır. Daha dəqiq desək, Prezident-Xalq-Ordu birliyi Azərbaycanın tarixi Qələbəsinin əsasında duran ən mühüm amildir.

Bütün bunların fonunda xalqımız 7 fevral seçkilərində böyük ruh yüksəkliyi ilə iştirak edərək öz Liderinə sarsılmaz inamını bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki nitqində qeyd edib ki, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib: “Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır”.

Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var. Bu, o deməkdir ki, Prezident İlham Əliyevin son 20 ildə apardığı siyasət müxtəlif milli, dini mənsubiyyətə malik insanları ayıran yox, birləşdirən bir siyasət olub. Torpaqlarımızın işğaldan azad olunmasında ölkəmizdə yaşayan digər xalqların nümayəndələri də canlarını qurban verərək şəhidlik zirvəsinə ucaldılar. Bütün bunlar onu göstərir ki, bu gün dünyanın ayrı-ayrı ölkələrindəki mənzərələrdən fərqli olaraq respublikamızda multikulturalizm kifayət qədər yüksək səviyyədədir, dövlət milli birliyin daha güclü şəkildə təmin olunmasına böyük önəm verir.

Ölkəmizdəki bu birliyi, həmrəyliyi şərtləndirən amillər sırasında milli-mənəvi  dəyərlərimizə sadiqlik də önəmli rol oynayır. Eyni zamanda, vətəndaş cəmiyyətinin davamlı olaraq inkişafı, yeni siyasi konfiqurasiyanın formalaşması və digər faktorlar milli birliyimizi və həmrəyliyimizi gücləndirir. Prezident İlham Əliyev andiçmə mərasimində bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı addımların atılacağını bəyan edib. “Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir”-deyən dövlətimizin başçısı əlavə edib ki, çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Prezident vurğulayıb: “Bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz”.

Nigar Orucova, “İki sahil”