20 fevral 2024 00:36
409

Bu dil şirinlikdə şərbət kimidir…

Ana dilimiz milli qürurumuzdur

Fevralın 21-də böyük dünyada Ana Dili Günü kimi qəbul edilir. Beynəlxalq Ana Dili Gününün qeyd edilməsi ideyası Banqladeşin təşəbbüsü olub. Belə ki, 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsi UNESCO-nun Baş Konfransında 1999-cu ildə təsdiq edilib və 2000-ci ildən bütün dünyada qeyd olunur.

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər boyu xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnı açıq, üzü ağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Bu, bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovet hakimiyyəti dövründə əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, respublikamızda Azərbaycan dili hakim dil deyildi. Yalnız Ulu Öndər Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Ana dilimiz əbədi olaraq dövlət dili kimi öz varlığını qoruyub saxlaya bildi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

1969-cu ildə Azərbaycana rəhbər təyin edilən Ümummilli Lider Heydər Əliyev Sovet rejiminin yaratdığı məhdudiyyətlərə və çərçivələrə baxmayaraq Azərbaycan dilinin qorunmasına, rəsmi dövlət dilinə çevrilməsinə, zənginləşməsinə, nüfuz qazanmasına böyük əhəmiyyət verirdi. Bu siyasətin məntiqi nəticəsi 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında maddənin yer alması oldu. 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev milli-etnik birliyin möhkəmləndirilməsinə doğru atdığı addımlardan biri kimi dövlət dilinin “Azərbaycan dili” adlandırılması təklifini irəli sürdü. Xalq da bu təklifi dəstəklədi və 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunan  Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Həmçinin Konstitusiyamızın 45-ci maddəsi ilə Azərbaycanda yaşayan bütün etnosların nümayəndələrinin ana dilindən istifadə hüququ da təsdiq olunub. 2001-ci ilin 18 iyununda Ümummilli Lider “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. 2001-ci il avqustun 9-da Ulu Öndər “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzaladı.

Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dilinin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına göstərdiyi qayğı, bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin dövlət dilimizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı imzaladığı tarixli sərəncamlar Azərbaycan dilinə olan qayğının bariz nümunəsidir.

Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. 

2012-ci ilə isə Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Bu sənəd dəyişən qlobal mühitin təsirlərinə baxmayaraq, Azərbaycan dilinin bundan sonra da yaşadılmasına, zənginləşdirilməsinə və geniş istifadəsinə töhfə verəcək.

Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsini xüsusilə qeyd etmək olar. Məlum Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasından ibarətdir. Müasir dövrün tələblərini nəzərə alaraq ölkə başçısı 17 iyul 2018-ci il tarixdə  “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” da Sərəncam imzalamışdır. Bu Sərəncam isə Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin təkmilləşdirilməsi, saflığının qorunması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir.  Dövlət başçısının 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı bunun bariz nümunəsidir.

Bütün bunlar bir daha göstərir ki, Ulu Öndərimiz Heydər Əliyevin ana dilinə diqqət və qayğısı siyasəti bu gün də uğurla davam və inkişaf etdirilir. Heydər Əliyevin dövlət quruculuğunda əhəmiyyətli mövqe tutan dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla fəxr etməyi, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimizin gözəlliyini duymağı, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrətdi.

Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalıb və qalacaq. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.

Yazını şair Tofiq Bayramın misraları ilə yekunlaşdırırıq:

Bu dil şirinlikdə şərbət kimidir,
Saflığı qorunan sərhəd kimidir,
Anamız Vətən də qürbət kimidir –
Öz ana dilini bilməyənlərə!

Yaqut Ağaşahqızı, “İki sahil”