19 fevral 2024 22:25
421

Dostluq və tərəfdaşlıq yeni müstəvidə

ABŞ-Azərbaycan əlaqələri inkişaf tempinə qayıdır

Fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin qarşı tərəfin müraciətinə əsasən ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə görüşü iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüş, eyni zamanda, ölkələrimizin böyük tarixə malik əməkdaşlıq və tərəfdaşlıq əlaqələrində son dövrlər müşahidə olunan müəyyən anlaşılmazlıqların da artıq keçmişdə qaldığını nümayiş etdirmiş oldu. İndi qarşıda yeni üfüqlər açılır, Azərbaycanla ABŞ arasında əvvəllər olduğu kimi, siyasi, iqtisadi, ticarət, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlığın böyük perspektivlərini reallaşdırmaq imkanları yaranır.

Müstəqilliyini bərpa etdikdən bir müddət sonra öz xarici siyasətini dostluq və qarşılıqlı etimad münasibətləri üzərində formalaşdıran Azərbaycanın ABŞ ilə də ikitərəfli əlaqələri əsasən yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan bu əməkdaşlığa hər zaman sadiqlik nümayiş etdirib, əlaqələrin daha da genişləndirilməsi naminə zəruri addımlar atıb.  Faktdır ki, müəyyən dövrlərdə tərəfdaşlığa təsir edən anlaşılmazlıqların hamısı təxminən eyni mötivlərdən qaynaqlanıb. Azərbaycan torpaqlarının uzun illər Ermənistanın işğalı altında qalması fonunda Amerikada fəaliyyət göstərən erməni lobbisinin təsir dairəsində olan bəzi senatorların və konqresmenlərin, bir sıra hallarda isə onların təzyiqi ilə dövlət və hökumət nümayəndələrinin baş verənlərə ikili standartlarla yanaşmaları, həqiqətlərin təhrif edilməsi münasibətlərdə “soyuqluğun” yaranmasına rəvac verib. Ancaq Azərbaycan hər zaman prinsipiallıq nümayiş etdirərək öz ədalətli mövqeyindən bir addım da olsun geri çəkilməyib. Nəhayət, ABŞ rəsmiləri Azərbaycanla münasibətləri bu tərzdə davam etdirməyin mümkün olmadığı reallığı ilə barışmalı olublar.

Münxen görüşü göstərdi ki, Amerika artıq regionumuzdakı mövcud reallıqları qəbul edir və əlaqələrin inkişafında əvvəlki kimi maraqlıdır.

Cənubi Qafqazda son illər baş vermiş ciddi dəyişikliklər, xüsusilə Azərbaycanın otuz ilə yaxın davam etmiş erməni işğalına son qoyması,  Qarabağ münaqişəsini tarixin arxivinə göndərməklə öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməsi regionun siyasi mənzərəsini də dəyişib. Görünür, bəzi dairələr proseslərin bu cür inkişafına hazır deyildilər və Azərbaycan beynəlxalq hüquq çərçivəsində atdığı addımlarla onların uzunmüddətli planlarını pozmuş oldu. Odur ki, indi bölgədə sülhün təmin edilməsində maraqlı olan qüvvələr, o cümlədən də ABŞ Cənubi Qafqaza baxışlarında və münasibətində redaktələr etməlidir.  

Ermənistanla sülh danışıqlarında konkret nəticənin əldə edilməsi, regionda dayanıqlı sülhə nail olunması, ədalətli sülh sazişinin imzalanması hər zaman Azərbaycan dövləti üçün prioritet fəaliyyət istiqamətlərindəndir. Hazırda mövcud vəziyyət iki ölkə arasında dayanıqlı sülhün mümkünlüyünə, hətta yekun sənədin imzalanmasının reallığa çox yaxın olduğuna inamı artırır. Sadə dildə desək, müharibə başa çatıb, şərti sərhəddə sabitlik bərqərardır, Ermənistan da Qarabağ probleminin artıq mövcud olmadığını qəbul edir. Bir sözlə, iki ölkənin münasibətlərində normallaşma prosesi öz axarı ilə davam edir və bu durum əlaqələrin tam potensialının üzə çıxarılması baxımdan da əhəmiyyətlidir. Bu mənada ABŞ-ın münasibətlərin normallaşması prosesinə dəstəyi yalnız alqışlana bilər. Prezident İlham Əliyevlə Antoni Blinken arasında keçirilən Münxen görüşü sübut etdi ki, ABŞ rəsmiləri bu missiyada Azərbaycanın prinsipial maraqlarını da nəzərə almaqla münasibətləri irəliyə doğru aparmağın yeganə həll yolu olduğunu qəbul ediblər. Bundan başqa, görüşdə ABŞ-Azərbaycan əlaqələrinin ikitərəfli mahiyyət üzrə inkişaf etdirilməsinin əsas müzakirə mövzularından olması da sübut edir ki, sözügedən əlaqələr Ermənistan ilə Azərbaycan arasında prosesin əsirinə və ya hədəfinə çevrilməməlidir. Bu, dolayısı ilə hər hansı anlaşılmazlıqların yaranmamasını şərtləndirə bilər.

Görüş çərçivəsində qarşlılıqlı şəkildə ABŞ-Azərbaycan əməkdaşlığının keyfiyyətcə yeni bir səviyyəyə qaldırılması niyyəti və iradəsi ifadə olundu. Azərbaycan Prezidentinin Almaniya səfəri çərçivəsində təkcə Blinkenlə deyil, üç ABŞ rəsmisi ilə görüşməsi əlaqələrin inkişaf perspektivlərinin mövcudluğunu və ABŞ tərəfinin də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir.

Yeri gəlmişkən, Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına –  COP29-a ev sahibliyi etməsi də iki ölkə arasında əməkdaşlıq üçün daha böyük imkanlar yaradır. Beləliklə də ABŞ-Azərbaycan əlaqələrinin yenidən əvvəlki kimi qarşılıqlı hörmət və anlaşma müstəvisində davam edəcəyi şübhə doğurmur.

Mahir Rəsuloğlu, “İki sahil”