20 fevral 2024 00:58
418

Hayastan indi bizim Həsənin dəyirmanını xatırladır

İkinci Qarabağ müharibəsində ağız-burunları əzişdirilən haylarda yekəxanalıqdan, ərköyünlükdən, iddialardan əsər-əlamət belə qalmayıb. Yenə də qayıdıblar əski vaxtlarına, yəni "yazıq", "əzabkeş" çağlarına. Başından zərbə almış hindu toyuqları kimi istər fikirlərində, istərsə də hərəkətlərində "səkkizlik" vururlar. Daşnak kişiciklər özlərini müdafiə etməyi bacarmırlar, amma bu halətlərində başqalarını günahlandırırlar. Guya hamının borcu bunları qoruyub bəsləməkdir. Çünki iki yüz ildir ki, belə öyrəşiblər. İş  yerə çatıb ki, quduzlaşmış toplum özünü müstəqil görmək xəyalına düşüb. Ona görə də Ermənistan adında dövləti qurub haylara bağışlayan Rusiyaya dirsək göstərməyə başlayıblar. Ancaq iki yüz ildir hərbi, iqtisadi və siyasi bağlarla Rusiyadan asılı vəziyyətə düşmüş Ermənistan müstəqil ola bilmir. Axı, onların dövləti idarə etmək bacarıqları hələ də formalaşmayıb, müstəqik siyasət yürüdə bilmirər, çünki daim idarə olunublar. Hazırkı vaxtda Ermənistan qoz ağacına oxşayır, hər gələn ona bir daş atır. Avropa İttifaqı ölkələrinin nümayəndələrinin Ermənistanda olması bunu açıq göstərir. Rusiyadan qopmaq istəyən Ermənistana indi daha bir neçə dövlətin gözü düşüb. Ancaq hər biri də öz maraqlarını qorumaq niyyəti ilə. Daşnak Ermənistanı birindən ayrılmamış daha bir neçəsi ona qucaq açıb. Yəni, Rusiya hələ oradan getməmiş hayların ölkəsinin canına başqaları daraşıb. Faktdır ki, bu dövlət dünya düzənində Rusiyasız baş çıxara bilmir. Artıq hayların bir çoxu bunu açıq etiraf etmək məcburiyyətində qalıb.

“Paşinyanın uğursuz və avantürist planlarına görə Ermənistan heç vaxt indiki qədər Rusiyadan asılı olmayıb.”

 Bu sözləri Ermənistanın keçmiş təhsil naziri, hazırda Nubaraşen həbsxanasında cəza çəkən Armen Aşotyan söyləyib. O, daha sonra bildirib: “Keyfiyyətsiz manipulyasiyalar, açıq yalanlar, daxili və xarici auditoriyaya yönəlmiş açıq-saçıq saxtakarlıq Ermənistanın bu gün nə qədər müdafiəsiz olduğunu, Paşinyanın daxili və xarici siyasətinin nə qədər dağıdıcı olduğunu göstərir.

Nerkin Xanda baş verənlər heç bir xarici faktorun, təhlükəsizlik mexanizminin xeyrimizə işləmədiyi bir vaxtda Ermənistanın aşkar müdafiəsizliyini üzə çıxardı. KTMT və Rusiya ilə təhlükəsizlik münasibətləri yalnız de-yure formatda aparılır, başqa sözlə, onlar sırf formal xarakter daşıyır. Qərbdən gözlənilən dəstək isə ən yaxşı halda növbəti boş narahatlıq, çağırış və təəssüf ritorikasında özünü büruzə verdi. Yəni, rejimin təbliğ etdiyi təhlükəsizlik sektorunun şaxələndirilməsi ilə bağlı tezis sabun köpüyüdür, geosiyasi yalandır. Avropa İttifaqının heç bir müşahidə missiyası, ABŞ və ya Böyük Britaniya ilə heç bir strateji tərəfdaşlığı, heç bir fransız silahı - Paşinyanın bizə “nailiyyət və təminat” kimi təqdim etdiyi heç bir amil Azərbaycanın növbəti ölümcül hücumunun qarşısını ala bilməyib və ya qarşısını almayacaq.

Bəli, Qərb qismən Azərbaycana qəzəblidir, ancaq o, yalnız sözdə və əməldə öz maraqlarından çıxış edir. Nəticədə, Moskva Ermənistana “İstədiyiniz bu  idi?”,  Brüssel və Vaşinqton isə “sizə bundan artıq heç nə edə bilmərik” kimi üzlərlə baxırlar. Erməni toplumu isə təkcə öz övladlarını deyil, həm də ləyaqətini, gələcəyini dəfn edir. Yəni mahiyyət etibarı ilə biz Rusiyanın dəstəyini tamamilə itiririk və Qərbdən kifayət qədər yardım almırıq. Bu, xarici siyasətin “şaxələndirilməsi” deyil, tam uğursuzluq, iflas və tam çöküşdür".

Göründüyü kimi, keçmiş nazir Hayastanın dalana dirəndiyini tam çılpaqlığı ilə açıb ortaya qoyur. Bütün bunların sətiraltı ifadəsi belədir ki, artıq Fransadan başqa Ermənistana yağlı vədlər verən ölkələr Paşinyanı başa salmaq istəyirlər ki, Azərbaycanla dil tapmalısan. ABŞ isə bunu açıq şəkildə deyir. Bu situasiyanı hiss etməkdə olan hayların bir çoxu yenidən əski günlərə qayıtmağı, Rusiya ilə münasibətlərin normallaşdırmasını arzulayırlar. Ancaq indi də Qərb və ABŞ buna imkan vermək istəmirlər və baş nazirin qarşısına öz planlarını qoyurlar.

Ermənistanın ətrafında toplaşan ABŞ, Rusiya, Hindistan, İran, Fransa, Litva, Almaniya, Çexiya və başqalarının hər biri yalnız öz maraqlarının arxasındadırlar. Onlar hamıdan imdad uman bu zəif ölkədən ona bir maşa kimi istifadə etmək niyyəti  ilə yanaşıblar. Loru dildə desək, Hayastan indi bizim Həsənin dəyirmanını xatırladır.

Vəli İlyasov, “İki sahil”