20 fevral 2024 01:36
456

Paşinyanın qeyri-adekvat davranışları erməniləri boğaza yığıb

Baş nazir Münxen Təhlükəsizlik Konfransında növbəti dəfə qeyri-adi, gülünc hərəkətləri ilə gündəmə gəlib

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən qeyri-adi hərəkətləri, məntiqsiz danışığı və nitqi, bir-birini təkzib edən açıqlamaları ilə daha çox tanınıb. Parlament və hökumət iclaslarında qeyri-adekvat hərəkətləri ilə müxalifətin tənqid hədəfinə tuş gələn baş nazir xarici səfərlərdə də etdiyi müəyyən, bəzən də qeyri-etik hərəkətləri, baxışları və davranışları ilə də dünya KİV-lərinin gülüş mərkəzinə düşməyi bacarır. Nikol əslində jurnalistika və blogerlikdən hakimiyyətə gəldiyini desə də, İrəvan Dövlət Universitetinin jurnalistika fakültəsindən də məzun ola bilməyib. 1995-ci ildə universitet rəhbərliyini tənqid etdiyi üçün məzun olmağa az müddət qalmış rektorun əmri ilə ali təhsil müəssisəsindən qovulub. Natamam ali təhsilli baş nazir bir sıra görüşlərdə də natamamlıq kompleksindən əziyyət çəkdiyini müxtəlif hərəkətlərlə büruzə verir. Ermənistanın regionlarına səfərləri zamanı Paşinyan özünü bütün peşələrin ən güclü bilicisi kimi təqdim edir: tikinti, təhsil, müxtəlif elm sahələri, mədəniyyət, idman və s kimi sahələrdə özünün analoqu olmayan obrazını canlandırır. Nə gölməçə, nə asılqan, nə basketbol səbəti, bir sözlə, heç bir detal onun iti və peşəkar gözlərindən yayınmır. O, iti gözlə baxır, fərqinə varır, əsəbiləşir, şiddətlə qışqırır. Onu müşayiət edənlər isə boynunu büküb qulaq asır, ünvanlanan təhqirləri isə heyranlıqla dinləyirlər. Çünki Paşinyana qarşı çıxmaq, həm vəzifəsi, həm də əmlakı ilə vidalaşmaq mənasına gəlir. Hətta “Aykakan Jamanak” qəzetinin redaktoru olduğu dövrdə də jurnalistlər arasında Nikolun vicdansızlığı, pula olan sevgisi, qeybətə meyilli şəxs olması barədə kifayət qədər neqativ fikirlər dolaşırdı. 2008-ci ildən özünü Levon Ter-Petrosyanın bir nömrəli fanatı kimi göstərən Paşinyan Qarabağ ermənilərini təhqir edir, onlara qarşı aqressiv münasibət sərgiləyirdi. Sonradan isə fikrini dəyişən redaktor “Böyük çaşqınlıq” adı altında silsilə məqalələr yazmağa, guya Ter-Petrosyan dəstəsini tərk etdiyini bildirməyə başladı. O, bununla da kifayətlənmir və Qarabağ probleminin həlli məsələsində erməni siyasi elitasında ortaya atılan birtərəfli ərazi güzəştlərinə qarşı çıxışlar etməyə başladı. Əslində isə Nikolun planı sadə idi, gələcəkdə hakimiyyətə gəlmək üçün zəmin yaratmaq, hamını aldatmaq və yalan danışmaq. Bunu elə 2019-cu ildə Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması, 2020-ci il müharibəsindən sonra Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıyan bəyanatları da sübut edir. Dərd orasındadır ki, böyük kompleksləri olan bu kiçik insanın özünü təkzib edən bəyanatları təkcə bu deyil. Bir tərəfdən gah Azərbaycanla sülhün vacibliyindən danışır, digər tərəfdən də isə Azərbaycanı işğalçılıqda ittiham edir. Artıq dünya siyasəti də Paşinyanın bu tip açıqlamalarından cana doyub.

Bu günlərdə Münxen Təhlükəsizlik Konfransında iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə qeyri-adi, gülünc hərəkətləri ilə gündəmə düşməyi bacarıb. Onun bu hərəkətləri İrəvanda etiraza səbəb olub. Ermənistanın keçmiş Baş naziri Hrant Baqratyan Paşinyanın özünü bir ölkənin baş naziri kimi deyil, heç nədən xəbəri olmayan sıravi bir vətəndaş kimi apardığını deyib. Bildirib ki, Paşinyan əvvəlki görüşlərdə olduğu kimi, Münxendə də mimikası, davranışı ilə yenə gülünc vəziyyətə düşüb: “Tanımayanlar olsa deyərlər ki bu şübhəli şəxs görəsən kimdir. Üç dəqiqə media qarşısında belə normal dayana bilmədi. Almaniya kanslerindən iki metr kənarda durub, geri dönüb bayrağa baxır, gah üst-başını düzəldir, gah kiməsə uzaqdan əl edir. Bir sözlə, Paşinyan özünü lider kimi aparmır”.

Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov da oxşar fikirlər səsləndirib. Bildirib ki, Paşinyan həyəcandan özünü itirmişdi. Buna səbəb isə onun savadının, dünyagörüşünün olmamasıdır. Ermənistanın İrs Partiyasının rəhbəri, ölkənin ilk xarici işlər naziri Raffi Ovanisyanın qənaətinə görə, Paşinyan ölkəsinin problemlərini həll etmək gücündə olan biri deyil: “Paşinyan böyük nüfuza malik dünya liderlərinin yanında çox cılız görünür. Münxen görüşlərində də belə oldu. Diplomatiyadan tamamilə xəbərsiz olan naşı siyasətçi ölkəni beynəlxalq arenada təmsil edə bilməz”. Münxen görüşünü şərh edən Ermənistanın sabiq Milli Təhlükəsizlik Xidmətinin rəisi Mixayel Ambarsumyan bildirib ki, Ermənistan dünyada təhlükəsizlik baxımından ən geridə qalmış ölkələrdəndir. Paşinyan isə Münxendə özünü elə göstərməyə çalışırdı ki, Ermənistan hüquqi ölkədir. Ancaq cərəyan edən hadisələr reallıqdan çox uzaqdır.

Onu da vurğulayaq ki, Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyan yenidən öz ampluasına sadiq qalaraq beynəlxalq ictimaiyyəti yanlış məcraya yönəldən absurd iddialarla çıxış edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Paşinyanın Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən bunları deyib: “Baş nazirin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəldikdə, göründüyü kimi, baş nazir Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir. Bu isə, bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan, Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir. Ermənistan Baş nazirinin fikirləri həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir. Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasına gəldikdə bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xəttlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”.

Qeyd edək ki, siyasətini nala-mıxa vurmaq kursu üzərində quran Paşinyanın bu tipli açıqlamaları ilk dəfə deyil ki səslənir. Hər dəfə Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vacibliyindən danışan Paşinyan hökumətin iclaslarında açıqlama verərək Azərbaycanın sülh müqaviləsi imzalandıqdan sonra ərazi iddiası ilə çıxış edəcəyi barədə sərsəm fikirlər səsləndirir.

Sevinc Azadi, “İki sahil”