19 fevral 2024 23:21
355

Azərbaycanın beynəlxalq birliyin fəal üzvünə çevrilib

Dövlət başçısının Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər ölkəmizin, cənab İlham Əliyevin nüfuzunun təqdimatı oldu

Münxen Təhlüləsizlik Konfransı təhlükəsizlik və beynəlxalq siyasətin müzakirə olunduğu əsas siyasi platformalardan biridir. Konfransda iştirak edən Prezident İlham Əliyev qarşı tərəflərin müraciətləri əsasında ABŞ-ın Dövlət katibi Antoni Blinken, ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Mariani, ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn, Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnor, Bundestaqın Xristian-Demokrat / Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının üzvü Armin Laşet, Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqe, Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburq və ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidlə görüşlər keçirib. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər ölkəmizin, cənab İlham Əliyevin nüfuzunun təqdimatı oldu.

Xarici siyasətdə yeni istiqamətlər üstünlük təşkil etməlidir

Tarixi Zəfərimizdən sonra xarici siyasətdə yeni prioritetlərin müəyyənləşdirilməsi əsas vəzifə kimi qarşıda dayandı. Bu baxımdan ki, Azərbaycanın xarici siyasətinin əsas məsələləri Qarabağ münaqişəsinin həlli, eyni zamanda, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi idi.

2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin inkişaf və əməkdaşlıq perspektivlərini müəyyənləşdirən tarixi hadisə baş verdi. Belə ki, Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Azərbaycanın xarici siyasətində Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələsi olan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya uzun illər davam edən danışıqlardan sonra imzalandı.

Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bəzən eşidirik hansısa ölkələr, yaxud da ki, ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyir və beynəlxalq ictimaiyyət adından danışmağa çalışır. Sözü olmayanda deyir ki, beynəlxalq ictimaiyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz: «Birincisi, bu, təvazökarlıqdan uzaq olan məsələdir. Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz. Beynəlxalq ictimaiyyət isə bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət bizi dəstəkləmişdir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu hesab edirəm ki, heç kimə sirr deyil.» Cənab İlham Əliyev onu da bildirdi ki, ümumiyyətlə, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.

Azərbaycan hər zaman qlobal problemlərin həllinə öz dəstəyini verir

Bunun üçün təkcə 2019-cu ildən dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev qlobal problemlərə qarşı birgə səylərin göstərilməsinin vacibliyini önə çəkərək öncə Türk Şurasının, sonra isə Qoşulmama Hərəkatının koronavirusla bağlı Zirvə Görüşünün keçirilməsinin vacibliyini bildirdi və bunu reallığa çevirdi. COVID-19-la mübarizə tədbirlərinin aparıldığı zamanlarda Azərbaycan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Həmçinin «peyvənd millətçiliyi»nə qarşı mübarizə tədbirlərinin önündə gedən ölkəmiz bununla bağlı BMT-də qətnamənin qəbuluna nail oldu. Azərbaycanın hər bir təşəbbüsünün beynəlxalq dəstək qazanması nüfuzunun, ən əsası ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir.

Bu gün Azərbaycanın beynəlxalq nüfuzu ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibindən də ayıdın görünür. Qeyd etdiyimiz kimi, COP29 və Azərbaycanın ev sahibliyi etdiyi və edəcəyi digər qlobal tədbirlər ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artdığını göstərir. Prezident İlham Əliyevin andiçmə mərasimində qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən , etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur.

Bu nüfuzun formalaşmasının tarixi vardır. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə ölkəmiz dünyanın müxtəlif regionlarını bir araya gətirdi. Qurumun beynəlxalq nüfuzunun artmasında öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində bu çağırışları da səsləndirdi ki, biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik: «Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.»

Münxen görüşlərində Azərbaycanın iqtisadi imkanları da geniş təhlil edildi

Bu mühüm məqamı xüsusi qeyd etmək lazımdır ki, hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Yaxın gələcəkdə ölkəmiz yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və Anlaşma memorandumlarına əsasən qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq. Ötən ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı oldu. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

Onu da qeyd edək ki, azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

O da məlumdur ki, ötən ilin noyabr ayında Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasətin həyata keçirilməsinə geniş imkanlar yaratdığını bildirdi. Ölkəmizin son 20 ildə qazandığı sosial-iqtisadi göstəricilərə xüsusi diqqət yönəldildi. Bu müddətdə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Bu illər ərzində ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Belə ki. Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində hədəfləri açıqlayarkən diqqəti Qarabağın və Şərqi Zəngəzurun bərpasına yönəltdi. Ötən ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və cari ildə açılışı olacaq.

Göründüyü kimi, Azərbaycan hər bir sahədə əməkdaşlığa xüsusi önəm verir və bunu atdığı addımları ilə təsdiqləyir. Tarixi Zəfərimizdən sonra bu əlaqələrin daha geniş coğrafiyanı əhatə etdiyi göz qabağındadır. Azərbaycan ötən ilin oktyabr ayında 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Reallıq budur ki, Azərbaycan artıq on ildir beynəlxalq kosmik ailənin üzvüdür. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq Azərbaycanda kosmik sənayenin inkişafı davam etdirilir. Bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə yeni təkan verəcək. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müasirləşdirilmə gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir. Cənab İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresində bu məqamı da xüsusi vurğuladı ki, belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir: « Beləliklə, Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır.»

Azərbaycanın beynəlxalq birliyin fəal üzvünə çevrilməsi hazırkı dövrün reallığıdır

Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanıb. Ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizin gündəmə gətirdiyi hər bir layihə beynəlxalq dəstək qazanıb. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Ölkəmizin Avropa institutları ilə də əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, dövlətimizin xarici siyasətinin gündəliyini nümayiş etdirir.

Azərbaycanın yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Avropa ilə Asiyanın qovuşağında yerləşən Azərbaycan tolerantlıq məkanı, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır.

Tarixi Zəfərimizdən sonra Azərbaycan regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq, Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün qarşı tərəfə sülh təklifini etdi. Azərbaycan hər zaman sülhsevər ölkə kimi dünyanın diqqətindədir. Qonşu ölkələrlə, digər regionlarla sülh gündəliyini təşviq edir. Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşləri oldu. Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə öz dəstəyini göstərməyə və xoşməramlı əsasda Almaniyada bu istiqamətdə müvafiq görüşlərin keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirdi. Olaf Şolts qeyd etdi ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar və şərait yaradır. Sonra Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü oldu. Görüşdə Almaniya Kansleri açılış nitqi ilə çıxış etdi. O, Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğuladı.

Yeganə Əliyeva, “İki sahil”