19 fevral 2024 16:56
515

Bizim ailəmiz türk dünyasıdır!

Andiçmə mərasimində xarici siyasətimizin  hədəflərindən söz açan, dövlət başçısı kimi ilk rəsmi səfərini ənənəvi olaraq qardaş  Türkiyəyə reallaşdıran  Prezident İlham Əliyev   Türk Dövlətləri Təşkilatının  gücləndirilməsinin vacibliyini bu sözlərlə ifadə edib: «Bizim başqa ailəmiz yoxdur.»

Bəzi  ölkələrin, yaxud  ölkələr qrupunun  beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək, başqalarının  adından danışmaq  niyyətlərini  təvazökarlıqdan uzaq cəhdlər adlandıran Prezident İlham Əliyev  «Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz» sözləri ilə fikrini tam  ifadə edir.

 Müstəqilliyinin ilk illərindən  Azərbaycanın  bütün dövlətlərlə qarşılıqlı əməkdaqlığa , biri-birinin daxili  işlərinə qarışmamaq prinsipinə sadiqliyi beynəlxalq ictimaiyyət  tərəfindən özünü doğruldan diplomatiya kimi daim dəstəklənir, ölkəmizin nüfuzu  möhkəmlənir.  Prezident İlham Əliyevin bu günlərdə işini başa vuran Münxen Təhlükəsizlik Konfransı çərçivəsində  dövlət başçıları, nüfuzlu siyasətçilərlə, ekspertlərlə, şirkət rəhbərləri ilə aktual problemlərin həlli ilə bağlı keçirdiyi biri-birindən əhəmiyyətli  görüşlər Azərbaycan diplomatiyasının uğurlu səhifələrindəndir. Türk dünyası ilə birlik və həmrəyliyinin möhkəmlənməsi isə  xarici siyasətimizin əsas istiqamətlərindəndir.

 Artıq ənənəyə çevrilən  hər iki ölkənin dövlət başçılarının prezident seçkilərindən sonra  qarşılıqlı olaraq Türkiyəyə  və Azərbaycana  səfərləri iki qardaş ölkənin sarsılmaz dostluq nümunəsi kimi dəyərləndirilir.  Prezident İlham Əliyevin türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də  qardaş ölkəyə rəsmi səfəri  dövlət başçımızın  «Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır» sözlərinin həyatda  təsdiqini tapmasıdır..

 İllərin sınağından çıxan, bərkiyən, qırılmaz tellərlə bağlanan Türkiyə –Azərbaycan qardaşlığının əsl həmrəylik  nümunəsi olduğunu təsdiqləyən tarixi  məqamlar istənilən qədərdir. 15 sentyabr 1918-ci ildə   Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik əsarətindən xilas etməsi,  azərbaycanlıların Çanaqqala, Sarıqamış döyüşlərində  türkiyəli əsgərlərlə  düşmənə qarşı   eyni cəbhədə vuruşmaları qardaşlıq nümunəsi idi.

Türkiyənin regionda güclənən mövqeyindən    ehtiyatlanan qüvvələrin bir neçə il bundan əvvəl «Gezipark»da, Taksim meydanında, İstanbul Atatürk Hava Limanında törətdikləri  terror aktlarını, təxribatları qanlı  siyasət,   mənfur niyyətlər  kimi lənətləyərək qardaşlarına    mənəvi dəstək  olan  Azərbaycan və türk xalqları  birliyimizi dünyaya nümayiş etdirdilər.

 Türk dünyasının öndərlərindən olan Mustafa  Kamal  Atatürkün « Millətin zəkasından qaynaqlanan gücü heç bir qüvvət dayandıra bilməz» sözlərinin  hikmətini 15 iyul 2016-cı ildə xarici dairələrin planlaşdırdıqları dövlət çevrilişinə cəhdin qarsısını qətiyyətləri ilə alan türkiyəli  qardaşlarının yanında olan Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» aforizminin əbədiliyini  təsdiqlədi. Hərbi qiyamın qarşısının alınmasında milyonlarla insanın eyni məqsəd naminə  ayağa qalxması,   hakimiyyətə gəldiyi gündən xalqın maraqlarını əsas tutaraq fəaliyyətini dünya siyasətinə uyğun  tənzimləyən Türkiyə  ilə bu birlik  əsrlərdən qaynaqlanan milli-mənəvi dəyərələrə sadiqlik idi.   Bu səmimi qardaşlıq münasibətini  15 iyul hadisələri ilə bağlı  keçirdiyi görüşdə  mitinqlərdə  kənar partiyaların, həmkarlar təşkilatlarının bayraqlarının gətirilməsini məğbul hesab etməyən   cənab Rəcəb Tayyib Ərdoğan yalnız Şimali Kipr Türk Respublikasının və Azərbaycanın bayraqlarının dalğalanacağını bildirmiş, ölkəmizə  qardaş münasibətini bu sözləri ilə ifadə etmişdir : « Azərbaycan bizim ailəmizin üzvüdür.»  Hər iki xalq arasındakı  dostluğun sarsılmazlığı artıq aforizmə çevrilən bu sözlərlə də ifadə olunur: «Türkiyə ilə Azərbaycan tək ürəkdir!», « Biz birlikdə güclüyük!», «Türkiyə ikinci Vətənimiz deyil, iki Vətənimizdən biridir!»

 Bölgədə sülh, barışıq, əməkdaşlıq tərəfdarı olan Türkiyə qonşuları ilə   mehriban münasibətlərini genişləndirməklə iqtisadi əlaqələrin şaxələndirilməsinə də  töhfəsini verməkdədir.  Türkiyənin təşəbbüsü ilə  yaradılan  Cənubi  Qafqazda  Sabitlik və Əməkdaşlıq Platforması strateji tərəfdaşlıq,  sülhyaratma missiyasını həyata keçirir. 

 Liderlik fəaliyyətində demokratiyaya, insan hüquq və azadlıqlarının qorunmasına , hər kəsə fərdi yanaşma prinsipinə  üstünlük verən     Prezident Rəcəb Tayyib Ərdoğanın bölgələrə  səfərləri zamanı  insanlarla ünsiyyəti, şəhid ailələrinin ağrı- acısına  həssaslıqla yanaşması,  yoxsul ailələrə  göstərdiyi humanitar yardımlar dövlət başçısının şəxsi keyfiyyətlərini əks etdirməklə onun  əsl vətəndaş,  təcrübəli rəhbər olmasını təsdiqləyir.   Azərbaycan –Türkiyə Media  Platformasının (ATMP) yaradılması isə  türk dünyasına, islamofobiyaya qarşı  aparılan təxribatlarla  mübarizədə ideologi silah, körpü kimi özünü doğruldur.  İki qardaş arasındakı humanitar sahədə əməkdaşlığın  nümunəsi olan  bu platformanın   yaradılması isə hər iki qardaş dövlətin   mənəvi körpüsü,  informasiya mənbəyi,  dezinformasiyalara və  xarici mənbələrdən gələn qara piarlara qarşı birgə mübarizədə  vahid strategiya, ideoloji silahdır.«Biz nə qədər güclü olsaq, bizim həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər» söyləyən Prezident İlham Əliyevin sözlərini 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki siyasi qüdrətimiz, hərbi gücümüz təsdiqlədi.  Türkiyədə və Azərbaycanda sabitliyi pozmağa çalışanların qarşısı hər iki xalqın  birliyi ilə alındı.

 Vətən  müharibəsindən sonra Bakıda   keçirilən Zəfər paradında, Füzuli, Artvin-Rizə Beynəlxalq Hava limanlarının açılışlarında  Azərbaycanda, İzmirdə, İstanbulda  keçirilən, «TEKNOFEST»in festivallarında  Prezident İlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğanın qoşa dayanmalarından təşvişə düşənlər bu gücün güdrətini heç zaman unutmamalıdırlar. Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanması mərasimində isti münasibətləri təsdiqləyən  hər iki dövlətin başçılarının çıxışları əlamətdar  hadisə kimi tarixə yazıldı. «Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, 100 il bundan əvvəl imzalanmış Qars müqaviləsinə istinad edilən Şuşa Bəyannaməsi o deməkdir ki,  hər iki dövləti  dəmir yolu , avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışılır, bu dəhliz əməli işlərlə yaradılır. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır. 

Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri etimadnaməsini təqdim edərkən Prezident İlham Əliyevin söylədiyi «Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı» sözləri uzun müddət dünya siyasətçiləri arasında  müzakirə olundu.  Etiraf edildi ki, bu  birlik   gərginləşən geosiyasi maraqlara qarşı mübarizədə də   üstünlüyünü qorumaqdadır. Dünyanın enerji və nəqliyyat xəritələrini yenidən tənzimləyən, Azərbaycanın təşəbbüsləri ilə reallaşan layihələrin ardınca Türkiyənin də zəngin təbii enerji  ehtiyatına  malik olması  bu iki qardaş ölkənin dünyanın siyasi, iqtisadi sistemindəki rolunu daha da möhkəmləndirir.

Türkiyə-Azərbaycan  əməkdaşlığının bütünlükdə türk dövlətlərinin birliyinin möhkəmlənməsindəki  əvəzsiz rolu son illərdə  daha da intensivləşib. Qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasında əsas tərəfdaş olan  ölkələrimizin dünya siyasətində artan rolu türkçülüyün, turançılığın  sarsılmazlıq nümunəsidir.

Ötən ilin fevralında qardaş ölkənin bir neçə  bölgəsində baş verən zəlzələnin dəhşətli fəsadlarının aradan qaldırılmasında  səfərbər olan Azərbaycan xalqı  yenə də  haraya ilk çatan qardaş oldu. 

«Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər…Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir» sözləri ilə xalqımızın dəstəyinin davamlı olacağını bildirən Prezident İlham Əliyev bu vədinə də sadiq qalıb.  Ölkəmizin dəstəyi ilə Türkiyənin Kahramanmaraş vilayə­tində, ümumi sahəsi 32 hektar təşkil edən,  71 yaşayış binasının, sosial obyektlərin inşa olunduğu  “Azərbaycan” yaşayış məhəlləsi”ndə tikinti işləri sürətlənir.”

  Prezident Rəcəb Tayyib  Ərdoğanın  liderliyi ilə bu gün Türkiyə sürətlə inkişaf edir. Gücünə güc qatır. 28 may 2023-cü il  bütün türk dünyası üçün birlik, həmrəylik  bayramı kimi tarixə yazıldı. Həmin gün Türkiyədə ikinci turu keçirilən prezident seçkilərini  öz maraqlarına uyğun məkrlə izləyən bəzi dövlətlər türk xalqından daha  həyəcanlı idilər. Dünyanın düzənini sahmana salacaq siyasətin kimlər tərəfindən  idarə ediləcəyi iddiasında olanların eyniləşən, bəzən ziddiyət təşkil edən  ehtimalları seçki qutusundan çıxan nəticələrlə bəlli oldu. Türk xalqı bu dəfə də tarixin sınağından alnı açıq çıxdı. Qazanan  ədalət, xalqın sarsılmaz  iradəsi, milyonların qətiyyəti oldu.  Bütün rəqiblərinə qalib gələn  Rəcəb Tayyib Ərdoğanın uğuruna   sevinən Azərbaycan xalqı növbəti dəfə  islamofobiya, türkofobiya  müəlliflərinə qardaşlığın sarsılmazlıq nümunəsini  göstərdi. «Dünya beşdən ibarət deyil!» müdrik kəlamı ilə beynəlxalq aləmdə  böyük  nüfuz sahibi olan Prezident Rəcəb Tayyib Ərdoğan seçkidə qazandığı  Qələbəsini ona etimad göstərən xalqının birlik  və həmrəylik nümunəsi kimi dəyərləndirdi. Bu sevincə də ilk qoşulan Azərbaycan xalqı oldu.

Azərbaycan –Türkiyə qardaşlığının növbəti xoş sədası   Nyu-Yorkda eşidildi.  BMT Baş Assambleyasının 78-ci sessiyasındakı  çıxışında Azərbaycanla bağlı  qətiyyətini  «Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək» söyləyən Rəcəb Tayyib Ərdoğanın bu sözləri  Ermənistana , onun havadarlarına    ulularımıza xas paşa qətiyyəti idi. Bugünkü Türkiyənin iqtisadi, hərbi qüdrətinin ifadəsi bunlardır: «Akınçı», «Qızılalma», «Altay»”  «Togg»”, «Anadolu. «Akınçı»nın  Azərbaycana  gətirilməsi də qardaşlığın bir nümunəsidir. Son illərdə Azərbaycanla Türkiyənin siyasi, iqtisadi, hərbi qüdrətindən,   iki qardaş arasında möhkəmlənən münasibətlərdən narahat olanlara cavab  Prezident İlham Əliyevin  «Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayrıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik» sözləridir. Prezident İlham Əliyev qətiyyətlə vurğulayır ki,  bizim siyasətimiz böyük coğrafiyanı əhatə edən, hərbi gücü, iqtisadi inkişafı, təbii sərvətləri, nəqliyyat yolları ilə böyük əhəmiyyətə malik, gəncləşən, əhalisi artan, eyni kökdən qaynaqlanan türk dövlətlərinin birliyinə, həmrəyliyinə xidmət edir..

«Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik» söyləyən Prezident İlham Əliyev  müsəlman dövlətlərinin ümumi evi olan İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa da böyük önəm verir.

Qoşulmama Hərəkatında  sədrliyini başa vursa da,  təsisatın   üçlüyündə təmsil olunan Azərbaycanın bundan sonra da   problemlərin həllinə kömək göstərəcəyini bildirən Prezident İlham Əliyev ölkəmizin  COP29-a ev sahibliyinin də uğurla başa çatacağını əminliklə bildirir. Eyni zamanda, dünyada islamofobiyaya, neokolonializmə qarşı mübarizədə, bu mənfur, eybəcər meyilin tarixdən, Yer üzündən tamamilə silinməsi üçün dəstək göstərəcəyini bildirir : «Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.»

Xuraman İsmayılqızı, "İki sahil"