20 fevral 2024 00:12
402

BABALARIMIZ OĞUZLAR  (TÜRKMƏNLƏR)

(VIII yazı)

ANADOLU. SƏLCUQİLƏR, TÜRKMƏN BƏYLİKLƏRİ VƏ BİZANS

Səlib yürüşləri başlayandan Anadolu bitmək bilməyən qanlı savaşlara səhnə olmuş, faciələr meydanına çevrilmişdi. Sanki hamı hamıya qarşı müharibə aparırdı. Bu üzücü müharibələrin əsas iştirakçıları Bizans, ona bağlı kiçik xristian təşəkkülləri, Səlcuqilər, türkmən bəylikləri, yeni meydana gəlmiş latın dövlətləri idi. Amma ayrı-ayrı məliklər, şahzadələr, bəylər, qraflar da öz möhtəris maraqlarını gerçəkləşdirmək uğrunda dövlətlər və bir-birləri ilə ölüm-dirim mübarizəsi aparırdılar. Anadolu əhalisi bütün bu qüvvələrin əlində girova çevrilmişdi. Aramsız müharibələr bölgədə asayişin yaranmasına imkan vermir, talançılıq və qənimətçilik baş alıb gedirdi. İqtisadiyyat dağılmış, əkinçilik, sənətkarlıq, ticarət, mədəniyyət süqut etmiş, mərkəzi hakimiyyətlər iflic olmuş,  parçalanma və pərakəndilik ölkənin sosial-siyasi birliyini sarsıtmışdı...

Ən bərbad vəziyyət isə Anadolu Səlcuqiləri dövlətində müşahidə edilirdi. I İzəddin Məsud (1116-1155) hakimiyyətə gələndə dövlət dərin tənəzzül girdabına düşmüşdü. Legitim sultanın əlində yalnız Konya və civarı qalırdı. Onun kiçik qardaşı Toğrul Arslan isə Malatyada müstəqil şəkildə hökm sürürdü. Sanki Anadoluda iki müxtəlif Səlcuqi dövləti vardı. Sultan Məsud Danişməndilərdən Əmir Qazinin (1105-1134) qızı ilə evlənmişdi və hakimiyyətə də, faktiki olaraq, onun himayəsində gəlmişdi. Əmir Qazinin əsas niyyətələrindən biri əvvəllər Danişməndi torpağı olmuş Malatyanı geri almaq idi və 1124-cü ildə Məsudla ittifaqda bu istəyinə çatdı. Beləliklə, Malatyanın Səlcuqi hakimiyyətindən çıxması bahasına Toğrul Arslan aradan qaldırılmış oldu.

1130-cu illərdə Əmir Qazi gücünün zirvəsində idi. O, Anazarva ovalığında Kilikiya üzərinə hücuma keçən xaçlı ordusunu məğlubiyyətə uğradaraq, bol qənimət toplamış, döyüşdə öldürülən qoşun başçılarından II Boemondun başını kəsib, başqa qiymətli hədiyyələrlə birlikdə Abbasi xəlifəsi Əl-Müstərşid-billaha (1118-1135) göndərmiş, bir il sonra isə Kilikiyaya axın edib bir çox qalalar alaraq, erməni hakimi Levonu vergiyə bağlamış, bacısına aid Sumnaya (Zamantı) basqın edən xaçlıları yerində oturtmuşdu.  

Bu dövrdə Səlib yürüşçülərinin yardımı ilə köhnə torpaqlarının böyük bir qisminə yenidən yiyələnmiş Bizans özünü bölgənin hegemon gücü kimi aparırdı. Onun qarşısına çıxa bilən yeganə qüvvə isə hələ ki, Danişmənd bəyliyi idi. I Qılınc Arslanın ölümündən (1107) sonra Səlcuqi taxtına keçmiş Şahinşah (Məlikşah) 1110-cu ildə Bizans torpaqlarına qoşun yeritmiş, lakin təşəbbüsünün boşa çıxdığını görüb tez də barışıq istəmiş, faktiki olaraq Bizansın üstünlüyünü qəbul etmişdi. Hətta qardaşı Məsudun Konya taxtına sahib olmaq üçün üzərinə gəldiyini eşidəndə Bizans imperatorundan mədəd ummuşdu. Doğrudur, Səlcuqilərlə Bizans arasında sülh bağlanmışdı, amma heç kim bu formal müqaviləyə məhəl qoymurdu. Türkmənlər və Danişməndilər axınlarını davam etdirirdi, Bizans da öz işində idi.

İmperator Aleksi öldükdən sonra taxta keçən oğlu II İohann (Yuannis) Komnen (1118-1143) də atasının Anadolunu türklərdən təmizləmək siyasətini davam etdirirdi. O, addım-addım hədəfinə doğru irəliləyərək Dənizli (1119)  və Uluborlunu (1120) hakimiyyətinə aldı. Danişmənd-Bizans mübarizəsi 1126-1134-cü illərdə Qara dəniz, xüsusilə də Kastamonu bölgəsinə keçdi. Bizans imperatoru 1126, 1130 və 1133-cü illərdə buraya yürüşlər edib, Kastamonu və civarını tutdu, Əmir Qazi isə 1129, 1132 və 1133-cü illərdə cavab səfərlərinə çıxaraq, İohannın ələ keçirdiyi əraziləri azad etdi. Əmir Qazi eyni zamanda imperatorun üsyan etmiş qardaşı İsaak Komneni də himayəsinə götürərək, Bizansı daxildən zəiflətmək məqsədi ilə ona hərbi-siyasi dəstək verdi. 1129-1130-cu illərdə Danişmənd oğullarının latın dövlətlərindən Urfa (Edessa) qraflığı üzərinə qəzaya çıxdığı da məlumdur.

Beləliklə, Əmir Qazinin xaçlılar, Bizans və ermənilər üzərində qazandığı parlaq qələbələr nəticəsində Konya bölgəsi istisna olmaqla (bu ərazilər Sultan Məsuda məxsus idi) Sakaryadan Malatyaya qədər bütün Anadolu Danişməndi bəyliyinin nəzarətinə keçmişdi. 1134-cü ildə Xəlifə Əl-Müstərşid-billah və Böyük Səlcuqi sultanı Səncər Əmir Qaziyə mənşur, bayraq, davul, qızıl əsa, tac kimi hakimiyyət əlamətləri göndərərək “məlik” ünvanı vermiş və onu Şimali Anadolunun hökmdarı elan etmək üçün elçilər göndərmişdilər. Bu, Anadoluda türk-müsəlman hakimiyyət sahəsinin rəsmi şəkildə bölünməsi, Anadolu Səlcuqiləri dövlətinin ikinci plana keçirilməsi anlamına gəlirdi. Lakin iş belə gətirmişdi ki, dünyasını dəyişdiyi üçün göndərilən hakimiyyət əlamətləri və ünvan Əmir Qazinin özünə deyil, bəylik taxtına çıxan oğlu Məhəmmədə qismət olmuşdu.  

Əmir Qazinin vəfatını və Danişmənd bəyliyində yaranmış müvəqqəti qarışıqlıqları fürsət bilən II İohan bir müddət əvvəl əlindən çıxardığı Çankırı və Kastamonunu yenidən zəbt etdi. Amma çox keçmədən Məlik Məhəmməd Sultan Məsudun yardımı ilə bu torpaqlara bir daha sahib oldu. 1137-ci ildə Bizans imperatoru böyük bir ordu ilə Kilikiya səfərinə çıxanda yolunun üstündəki Səlcuqi yaşayış məntəqələrini viran etdi, Tarsus, Adana və Misis kimi şəhərləri ələ keçirdi. Onun başının Kilikiyada qarışmasından yararlanan Məlik Məhəmməd və Sultan Məsud isə orada törədilmiş dağıntı və işğallara Bizans torpaqlarına girməklə cavab verdilər, Qara dəniz sahillərinə və Sakarya çayına qədər irəlilədilər. İmperator, ordusunun bir hissəsini Sultan Məsudun üzərinə göndərmək istəsə də, fikrini dəyişib İstanbula döndü.

1136-cı ildə Bizansla Anadolu Səlcuqiləri arasında anlaşma müqaviləsi bağlanmasına baxmayaraq Danişməndi və Səlcuqi axınları ara vermirdi. 1139-cu ildə İohann bu səbəbdən sərhəddi pozaraq türk torpaqlarına daxil oldu və Niksar qalasını mühasirəyə aldı. Amma 6 ay davam edən bu mühasirə ona ağır itkiərdən başqa heç nə vermədi. Digər tərəfdən də asi qardaşı İsaakın oğlu İohannın türklərə sığınması imperatoru qorxuya saldı və o, mühasirəni yarımçıq dayandırıb paytaxtına qayıtmağa vadar oldu. Sultan Məsud isə mövqelərini möhkəmləndirmək üçün Antalya (Attalia) yaxınlıqlarına qədər irəlilədi. 1142-ci ilin baharında II İohann Antalya və Kilikiya üzərinə növbəti hücum kampaniyasına başladı. Lakin bu səfər onun üçün fəlakətlə nəticələndi: 1143-cü ilin martında Toros dağlarında ov edərkən qolundan yaralandı və aldığı ox yarasından öldü.         

Əmir Qazinin dünyasını dəyişməsindən (1134) sonra müəyyən hərəkət azadlığı qazanan Sultan Məsud Danişmənd asılılığından çıxmağa,  dövlətinin müstəqilliyinə nail olmağa can atırdı. 1142-ci ildə Məlik Məhəmməd də vəfat etdi və Anadolu Səlcuqiləri Danişməndilərlə ittifaqda onların bərabərhüquqlu müttəfiqinə çevrildi. Bəylik taxtı uğrunda çəkişmə və iğtişaşların qızışması isə Sultan Məsudun siyasi nufuzunu daha da yüksəltdi. O, yaranmış vəziyyəti düzgün qiymətləndirərək 1143-cü ildə Ankara, Çankırı və Kastamonunu, bir il sonra Elbistanı ilhaq etməklə köhnə Səlcuqi sərhədlərinin bərpasına başladı. Ərazilərini genişləndirməklə qısa müddət ərzində Danişməndoğulları ilə ittifaqda dominantlığı ələ aldı. Eyni zamanda Anadolu Səlcuqilərilərinin yenidən bölgənin güclü dövləti olduğunu bütün İslam dünyasına etiraf etdirdi. Bu isə Anadoluda hegemonluq uğrunda Bizansla mücadilənin yenidən qızışmasına səbəb oldu.

Konstantinopolisdə taxta çıxan I Manuel (1143-1180) də Sultan Məsud kimi sələflərinin siyasi xəttini davam etdirirdi. Məsud Anadolunun itirilmiş ərazilərini yenidən fəth etmək üçün nə qədər əzmkarlıq göstərirdisə, Manuel də türkləri bölgədən qovub çıxarmağa bir o qədər çalışırdı. 1145-ci ildə Sultan Məsud İsauriadakı (İçil) Brakena (Praçana) qalasını aldı, bir il sonra Manuel hərəkətə keçib, Menderes (Meandra) vadisini tutdu, Ağşəhərdə (Filomelium) qarşısına çıxan Səlcuqi ordusuna qələbə çaldı, şəhəri talan edib yandırdı və paytaxt Konya üzərinə yeridi. Sultan Məsud tədbirli davranaraq, düşməni şəhərin kənarında qarşılasa da, vuruşmada müvəffəq ola bilmədi və Konya mühasirəyə düşdü. Lakin uzun sürən mühasirənin nəticə vermədiyini görən Manuel sonda geri çəkilmək məcburiyyətində qaldı. 1147-ci ilin baharında tərəflər sülh danışıqlarına başladılar. Əldə edilən razılaşmaya əsasən Sultan Məsud Antalya və İçel bölgələrində aldığı əraziləri və Brakena qalasını Manuelə güzəştə getmək müqabilində hərbi gücünü qorumağa müvəffəq oldu. Nəzərə almaq lazımdır ki, bu zaman Avropada yeni bir xaçlı yürüşünə start verilmişdi və belə bir şəraitdə Bizansın zərərsizləşdirilməsi daha böyük önəm daşıyırdı. Sultan Məsud dövlətini yenidən təhlükəyə atmaq istəmirdi. 1147-ci il sülhündən I Məsudun ölməsinə (1155) qədər bu iki dövlət arasında hər hansı bir hərbi əməliyyatın olmaması da sübut edir ki, Səlcuqi sultanı bir neçə qalanın Manuelə verilməsi hesabına, əslində, Bizans imperiyasının türkləri Anadoludan çıxarmaq niyyətlərinin gerçəkləşməsinə fürsət verməmiş, hələ kifayət qədər bərkiməmiş  dövlətini növbəti xaçlı bəlasından xilas etmişdir. Bizansla sülhün əhəmiyyətindən danışarkən onu da yaddan çıxarmaq olmaz ki, bəzi mənbələr hətta Manuelin xaçlılara qarşı mübarizədə Sultan Məsuda yardım göstərdiyindən də soraq verir. Rəvayətə görə, alman imperatoru III Konradın qoşunlarına təhkim edilmiş bizanslı bələdçilər Səlcuqilərlə əlbir olaraq, 1147-ci ildə onun qoşunlarını irəlicədən şərtləşdirilmiş yerə gətirməklə Dorileon (Əskişəhər) civarında pusquya salmışlar. Hər necə olmuşsa da, Sultan Məsudun əvvəlcə almanlara, sonra isə Dənizli-Antalya arasında Fransa kralı VII Luinin qoşunlarına sarsıdıcı zərbələr endirməsi, 1149-cu ildə Maraşı xaçlılardan alaraq onları Tell-Bəşirə qədər təqib etməsi, 1151-ci ildə isə Behisni, Keysun, Ayntab, Duluk və Raban şəhərlərini latınların əlindən qoparması Bizans mənbələrində təsdiqini tapan tarixi faktlardır. O faktı da təkzib etmək mümkün deyil ki, 1116-cı ildə sələflərindən son dərəcədə dağınıq və gücsüz bir ölkəni əmanət alan Sultan I İzəddin Məsud 1155-ci ildə vəfat edəndə xələfi II Qılınc Arslana “artıq bütün Şərqdə böyük təsir gücünə malik çiçəklənən” (E.Məmmədov) bir dövlət təhvil vermişdi.

Oğlu Sultan II Qılınc Arslan da onun yolu ilə gedərək, Səlcuqi dövlətini Bizansın qəsdlərindən qorumuş, imperator Manuelin Anadoluya hakim olmaq təşəbbüslərini puça çıxarmış, rəqib türk xanədanlarını ortadan qaldırmaqla bölgədə sosial-siyasi birlik yaratmışdır. Miryokefalon döyüşündə qazandığı parlaq qələbə ilə bütün Anadoluda türklərin hakimiyyətini bərqərar etməsi II Qılınc Arslanın ən böyük tarixi uğuru sayılır. Bu zəfərlə Anadolu Səlcuqi dövləti tarixində ikinci yüksəliş dövrü başlamış və 1237-ci ilə (Sultan Əlaəddin Keyqubadın vəfatına) qədər davam etmişdir.

...II Qılınc Arslan da, demək olar, bütün Səlcuqi vəliəhdləri kimi taxta çıxar-çıxmaz ailədaxili müxalifətlə üzləşmiş, əvvəlcə ortancıl qardaşı Dolatın (Dövlətin) iqtidar iradəsini qırmış, sonra o biri qardaşlarını itaət etdirmişdi. Artuklular, danişməndlər, digər türkmən bəylikləri ilə nüfuz toqquşmalarında qələbələr qazanmış, mövqeyini gücləndirmişdi. Lakin onun əsas rəqibi şanlı Roma imperiyasını diriltmək xülyası ilə yaşayan Bizans imperatoru Manuel idi. O Manuel ki, bir gün bütün Avropanın hakimi olacağına inanır, özünü bütün xristian krallarından güclü sanır, Səlcuqi sultanlarına yuxarıdan aşağı baxırdı. 1162-ci ildə Manuel Macarıstan və Avropaya səfər üstündə idi, ölkəsinin təhlükəsizliyindən əmin olmaq istəyirdi. Qılınc Arslan da bundan istifadə edərək Bizansla sülh bağlamış, daxili məsələlərlə məşğul olmaq, ölkənin müdafiə xəttini gücləndirmək üçün vaxt qazanmışdı. Çünki Manuellə əvvəl-axır qarşılaşacağının qaçılmaz olduğunu anlayırdı.

Belə də olmuşdu. Başı Avropa səfərində qarışan Manuel bir də onda ayılmışdı ki, II Qılınc Arslan rəqiblərini aradan qaldıraraq taxtını möhkəmləndirib, türkmən axınları isə qarşısıalınmaz bir tufan kimi Qərbi Anadolunu cənginə alıb. Və narahatçılıq içində nəzərlərini öz ölkəsinə çevirməli olmuşdu. Bu zaman artıq sayı yüz mini aşan böyük bir türkmən kütləsi dalğa-dalğa Bizansın hüdudlarına axır, özünə yurd axtarır, qarşısına keçənləri əzib-keçirdi. Manuel Səlcuqi sultanına elçi göndərərək, türkmən axınlarının dayandırılmasını və aralarındakı sülh  anlaşmasına görə Bizansa qaytarmalı olduğu şəhərlərin verilməsini ondan tələb etdi. Tarixşünaslıqda Manueli ehtiyatlanmağa vadar edən  səbəblər arasında II Qılınc Arslanla Almaniya imperatoru Fridrix Barbarossanın dostluq münasibətləri də qeyd olunur. Manuel, Barbarossanı Avropada özünə güclü rəqib görür və onun Anadolu Səlcuqiləri ilə yaxınlaşmasını həzm edə bilmirdi. 1162-ci il anlaşmasına görə, Səlcuqi və Bizans bir-birlərinin “dostunu dost, düşmənini düşmən” bilmək öhdəliyi götürmüşdülər. Amma hadisələrin gedişi bizi Bizans imperatorunun Barbarossa amilini, olsa-olsa, sülhü pozmaq üçün bəhanə gətirə biləcəyinə inandırır; zira alman kralının Anadoluya hər hansı bir müdaxiləsinə dair fikir yoxdur. Manuelin əsas məqsədinin sürətli türkmən axınlarının qarşısının alınması olduğu isə, əksər mənbələrdə təsdiqini tapır.

Sultan II Qılınc Arslan çoxdandı ki, sülh müqaviləsinin yenilənməsini istəyir, Manuel isə səlcuqilərin Danişmənd əmirlərindən Zünnun və Şahinşahın torpaqlarını tutmasını bəhanə gətirərək, ağır təkliflər irəli sürür, işi uzadır, eyni zamanda da hüdud bölgələrində qalaları gücləndirir, yeni istehkamlar qururdu. Nəhayət, 1173-cü ildə türkmənlərin Egey bölgəsindəki Sandıqlı ovalığını otlağa çevirməsi xəbəri imperatorun səbir kasasını daşıran son damla oldu.

Bizans qoşunları Alaşəhərə hücüm edəndə Qılınc Arslan Süleyman adlı  elçisini qiymətli hədiyyələrlə İstanbul sarayına göndərib türkmənlərin axınlarına görə məsuliyyət daşımadığını bildirdi. İmperator isə Qılınc Arslanı  qətiyyətsizlikdə ittiham etdi və onu, sülh istəyirsə, türkmənlərə qarşı sərt cəza tədbirləri görməyə çağırdı. Qılınc Arslan Manueli sakitləşdirmək üçün türkmənlərə təsir göstərməyə çalışacağını bildirsə də, axınçılar artıq Dənizli, Berqama və Edremitə qədər gedib çıxmışdılar  və onları geri qaytarmağın mümkün olmadığını hər iki tərəf yaxşı anlayırdı. Elçinin gətirdiyi xəbərlərdən aydın görünürdü ki, Manuelin qəsdi həm türkmənlərin sərhəd ərazilərinə hücumlarına maneə törətmək, həm də Qılınc Arslanın Anadoludakı gücünü qırmaq üçün müharibəyə başlamaqdır. 

1175-ci ildə imperator bölgəyə hərbi qüvvə çıxardı və türkmənlərin yıxdığı Dorialeon (Əskişəhər) və Sublaion (Homa) qalalarını yenidən inşa etdirdi. Hətta qarşıdakı müharibəyə dini münaqişə donu geyindirmək məqsədi ilə Romaya elçilər də göndərdi. Amma Papa III Aleksandr ilin sonuna qədər ona yardım göndərmək imkanında olmadığını bildirdi. Bu əsnada Qılınc Arslan elçisi Süleyman vasitəsilə sülhü qorumaq təklifini bir də təkrarladı. Manuel onun təkid etməsini yanlış olaraq müharibədən çəkinməsi kimi yozdu və əvvəlki şərtlərini yenidən irəli sürdü. Halbuki türkmənlərin Bizans torpaqlarını tərk etməsi artıq mümkün deyildi, Manuelə sığınmış Danişmənd bəyləri Zünnun və Şahinşah qardaşlarından alınmış torpaqların onlara qaytarılması şərti isə, ümumiyyətlə, qəbulediləz idi və Qılınc Arslan bu məsələlər barədə mövqeyini dəfələrlə bildirmişdi. Bizans imperatoru danışıqlar bitməmiş Zünnunu qoşun başçılarından Mixail Gabras ilə Amasya, Şahinşahı isə  Andronikos Vatatseslə birlikdə Pafloqoniya (Anadolunun şimalında, Sinop və Çankırı kimi şəhərlərin daxil olduğu bölgə) üzərinə göndərdi. Guya onlar öz torpaqlarını silah gücünə azad etməyə gəlirdilər. Lakin birinci dəstə Əskişəhər yaxınlığında pusquya salındı, ikinci isə Niksar civarında məğlub edildi. Bundan sonra artıq tərəflər arasında hər hansı bir sülhdən söhbət gedə bilməzdi. Manuel 1176-cı ilin yazında Ayasofyada təntənəli mərasim keçirərək frank, serb, macar və peçeneqlərdən topladığı ordu ilə birbaşa Konya üzərinə yola çıxdı.

Sultan II Qılınc Arslan düşmənin paytaxta yürüşünü ləngitmək məqsədi ilə Bizans ordusunun keçdiyi ərazilərdə “yandırılmış torpaq” taktikasından istifadə etmək qərarına gəldi, əkinləri dağıtmaq, otlaqları, su mənbələrini sıradan çıxarmaq və çirkləndirmək əmrini verdi. Nəticədə dizenteriyaya tutulan yüzlərlə düşmən əskəri yolda ikən qırıldı. Manuel, Sultanın sonuncu barışıq təklifini də rədd etdi və sülh danışıqlarına yalnız Konyada başlayacağını söylədi. İşi belə görən Qılınc Arslan Əyridir gölünün şimalında, Kumdanlı adlanan məntəqədə yerləşən Miryokefalon (Karamıkbeli və ya Düzbel) adlı dar və sərt bir keçiddə pusqu qurdurdu və işi elə düzüb-qoşdu ki, Manuelin qoşunları ilə həmin keçiddə qarşılaşsınlar.

Müasir İspartanın şimalında, Qədim Trigiya vilayəti ərazisində 1176-cı ilin 17 sentyabrında baş verən Miryokefalon döyüşündə Bizans ordusu dəhşətli bir məğlubiyyətə uğradı. Gecə yarısınadək davam edən döyüşdə, demək olar, bütün ordusunu, silah-sürsat və ağır döyüş ləvazimatlarını, ən əsası isə  qurtuluş ümidini itirən Manuel, II Qılınc Arslandan barışıq istəməyə məcbur oldu. Razılaşmaya əsasən, Səlcuqi sultanlığının hakimiyyəti Alaşəhərin qərbinə qədər genişlənirdi. Əskişəhər və Sublaion qalaları söküləcək, imperator savaş təzminatı ödəyəcəkdi. Əslində, Miryokefalon qələbəsinin mənəvi-tarixi əhəmiyyəti hərbi-siyasi nəticələrindən qat-qat artıq idi. Bir kəlmə ilə ifadə edəcək olsaq, bu zəfər regionda qüvvələr nisbətinin tam və qəti şəkildə türklərin xeyrinə dəyişdiyini, siyasi hegemonluğun Bizansdan Səlcuqi dövlətinə keçdiyini göstərirdi. Anadolunu geri almaq ümidləri tamamilə boşa çıxıb qırılmış Bizans imperiyası bundan sonra bir daha türklərə qarşı irimiqyaslı hücum keçirməyə cəsarət göstərməyəcəkdi.

Miryokefalon döyüşü ərəfəsində baş verən hadisələr Anadolu türklərinin vahid mərkəzdə birləşməsinin nə qədər aktual olduğunu bir daha təzahür etdirmişdi. Bizansı məğlub etdikdən sonra Sultan Qılınc Arslan Danişməndilərin əlində olan Malatya üzərinə səfərə çıxdı. Səlcuqilərin çoxdankı hədəfi olan Malatya şəhəri 1175-ci ildə qardaşı Əfridunu öldürüb onun postuna oturmuş Danişmənd bəyi Məhməd  tərəfindən idarə olunurdu. Şəhər 4 ay mühasirədə qaldıqdan sonra  aclıq və qıtlıqdan bezən əhalinin ayağa qalxacağından qorxan Əmir Məhməd Sultan Qılınc Arslandan həyatına təminat verən əhdnamə alaraq Harputa getdi və beləliklə, 1178-ci ildə Malatya qəti şəkildə Anadolu Səlcuqilərinin hakimiyyəti altına keçdi. Danişməndilər bu zaman müxtəlif qollara parçalansalar da, Anadoludakı türkmən bəyliklərinin ən güclüsü hesab olunurdu. Bu mənada onarın yenilməsi və Malatyanın alınması Anadoluda siyasi birliyin yaradılması yolunda mühüm addım idi.

Bizans imperatoru Manuellə mübarizə isə hələ bir müddət də davam etmişdi. O, İstanbula qayıtdıqdan sonra sülh müqaviləsinin şərtlərini yenidən nəzərdən keçirmək niyyətinə düşmüş, Uluborlunun (Sozopolis) şərqində yerləşən Sublaion qalasını yıxdırsa da, Əskişəhərdəki istehkamları sökdürməkdən imtina etmişdi. Sultanın tələblərinə isə belə cavab vermişdi ki, bu öhdəliyi boynuna məcburiyyət qarşısında götürüb və artıq həmin şərtə riayət etmək istəmir. Manuelin anlaşmanı tam şəkildə yerinə yetirməkdən boyun qaçırması məsələnin sülh yolu ilə həlli üçün ümid yeri qoymurdu. Qılınc Arslan ədaləti güc yolu ilə bərpa  etməkdən başqa yol qalmadığını görüb Qərbi Anadoluya axınların yeni dalğasına start verdi. 1177-ci ildə 24 minlik Səlcuqi qoşunu Menderes  vadisinə girib, qarşısına çıxan qala və istehkamları tar-mar etdi, Aydına (Tralles) qədər irəliləyərək, bir çox şəhərləri ələ keçirdi. Bitinyadakı Əskihisar qalası mühasirəyə alındı. Manuel qoşunu ilə gəlib mühasirəni yarsa belə, Bizans dövləti artıq Anadoludakı üstünlüyü bir daha bərpa edə bilmədi. 1180-ci ildə Manuel öldükdən sonra isə ölkənin müdafiə sistemi sürətlə çökməyə başladı, bunun müqabilində türkmənlərin təzyiqi daha da yüksəldi, Kotieya, Soronol və Ankara alındı. 1182-ci ildə  Qılınc Arslan yenidən Bizans torpaqlarına geniş bir istila səfərinə çıxdı və Uluborlu civarındakı bütün qalaları alaraq, Kütahya və Əskişəhəri də ilhaq etdi. Anadolu Səlcuqilərinin zəfər yürüşü 1206-cı ildə Trapezundun, bir il sonra Antalyanın, 1211-ci ildə Menderes vadisinin ələ keçirilməsi ilə davam etdi. “Beləliklə, Səlcuq türklərinin ərazisi Egey dənizinədək (Adalar dənizi) genişləndi” (E.Məmmədov).

1183-ci ildə Manueldən sonrakı Bizans imperatoru III Aleksi də öldü və onun yerini Komnenlər xanədanına mənsub Andronikos (1183-1185) tutdu. Andronikosun səltənət illərində Bizans dövləti o qədər zəiflədi ki, o, tez-tez baş verən üsyanları yatırmaqdan ötrü Səlcuqi Sultanından yardım istəməyə məcbur oldu. II Qılınc Arslan fürsətdən yararlanaraq Bizansa 40 min nəfərlik bir ordu yeritdi. Bu ordu bölgədəki türkmənlərlə birləşərək, Rodos adası yaxınlıqlarına qədər irəlilədi, Likya sahillərində bir neçə qalanı zəbt etdi, 1185-ci ildə Alaşəhəri yağmaladı.          

II Qılınc Arslan bir qızını Hüsn-Keyfa məliki, artuklu bəyi Qara Arslanın oğlu Nurəddin Məhmədə ərə vermişdi. 1180-ci ildə onların ailəsində  münaqişə baş verdi. Sultan bu vəsilə ilə ölkəsinin şərq sərhədlərini genişləndirmək üçün Artuklu bəyliyi üzərinə qoşun göndərdi. Nurəddin Məhməd, Səlahəddin Eyyubiyə sığınaraq, ondan kömək istədi. Səlahəddinin müdaxiləsi ilə problem yoluna qoyuldu. Üstəlik danışıqlar əsnasında səlcuqilərlə eyyubilər Kilikiya erməni kralı II Ruben (1178-1187) üzərinə birgə yürüşə çıxmaq haqqında da razılığa gəldilər. Ruben xaçlılarla ittifaq bağlayaraq Bizansa aid Misis və Adana şəhərlərini zəbt etmişdi. O həm də türkmənlərə qarşı xüsusi təcavüzkarlığı ilə ad çıxarmışdı. Bu ərəfədə Kilikiyaya xeyli Hələb türkməni köçürülmüşdü və əvvəlki kral Mleh (onu Ruben qətlə yetirmişdi) onların burada məskunlaşmasına, sürülərini sərbəst şəkildə otarmasına razılıq vermişdi. Ruben isə bu anlaşmaya məhəl qoymayaraq türkmənlər üzərinə basqın etmiş, onların sürülərini əllərindən almış, etirazını bildirənlərə divan tutmuşdu. Kilikiya səfərində Sultan Qılınc Arslana yardım edəcəyini bildirən Səlahəddin Eyyubi, Qarahisar və Göksudan (Nəhr əl-Əzraq) keçərək erməni torpaqlarına girdi. İki qüvvətli sultana qarşı müqavimət göstərə bilməyəcəyini başa düşən Ruben əsir aldığı türkmənləri buraxıb, külli miqdarda diyət ödəyərək, barışmaq istədiyini bildirdi. 1180-ci ilin yazında tərəflər arasında müahidə imzalandı.

1187-ci ildə Səlahəddin Eyyubi Qüdsü aldıqdan sonra Avropa hökmdarları III Səlib yürüşünə başladılar. Səfərin başında Almaniya imperatoru Fridrix Barbarossa dururdu. Səlahəddin Eyyubi Bizans imperatoru II İsaak Angelos (1185-1195) ilə xaçlılara qarşı ittifaq anlaşması imzalamışdı (amma sonradan Bizans tərəfi bu anlaşmaya əməl edə bilmədi). Sultan Qılınc Arslan isə Barbarossa ilə dostluq münasibətləri qurmuşdu. 1190-cı ilin fevralında onun göndərdiyi elçilər imperatorun Ədirnədki düşərgəsində alman qoşunlarının Səlcuqi ərazilərindən sərbəst keçməsi, ərzaq və digər zəruri tələbat mallarını satın alması xüsusunda razılıq əldə etmişdilər. Barbarossa ordusu ilə Bizansın əlindəki Alaşehir və Dənizlidən keçərək Səlcuqi torpaqlarına daxil olmuşdu. Əvvəl-əvvəl hər şey qarşılıqlı yardım anlaşmasına uyğun gedirdi. Ancaq qəfildən alman qoşunu Uluborlu bölgəsində yaşayan türkmənlərin hücumuna məruz qaldı və buna cavab olaraq Ağşəhər üzərinə yeridildi. Burada onların qarşısına çıxan səlcuqi qüvvələrinə Sultanın oğulları Məlikşah və Məsud başçılıq edirdilər. Məliklər xaçlılara şiddətli müqavimət göstərsələr də, məğlub olacaqlarını və ağır itki verə biləcəklərini anlayaraq Konyaya çəkildilər. Barbarossa da onları təqib edərək 1190-cı ilin mayında Konyaya yeridi, onun qoşunu şəhərə girdi, dükan və bazarları talan etdi, bir çox insan öldürüldü. Sultan Qılınc Arslan və oğlu Məlikşah anlaşılmazlıq baş verdiyini və sülhə sadiq olduqlarını bildirdilər. Alman imperatoru da əslində Qüdsə getmək istədiyini və hər iki tərəfdən insanların ölməsinə raz olmadığını söyləyib, barışıq təklifini qəbul etdi. Anadolu Səlcuqi dövləti bu təhlükədən də xilas oldu.

1186-cı ildə artıq yaşlaşmış Sultan Qılınc Arslan Anadolu Səlcuqi dövlətini 11 oğlu arasında bölüşdürdü. 1188-ci ildə artıq xronikalarda  Tokat bölgəsinin- Rüknəddin Süleymanşah, Niksarın- Nəsirəddin Bərkyaruqşah, Elbistanın- Mugisəddin Toğrulşah, Qayserinin- Nurəddin Sultanşah, Sivas və Ağsarayın- Qütbəddin Məlikşah, Malatyanın- Müizəddin Qeysərşah, Konyanın- Səncərşah, Nigdenin- Arslanşah, Amasyanın- Nizamüddin Arqunşah, Ankaranın- Mühyiddin Məsudşah, Uluborlunun isə Qiyasəddin Keyxosrov tərəfindən idarə olunduğu göstərilir. Onlar malik olduqları bölgələrdə tam müstəqil və hüdudsuz hakimiyyət sahibləri idilər, hətta bəzən Bizansın torpaqlarına belə talançı axınlar edir, onun ərazilərini ələ keçirirdilər (belə hallar iki dövlət arasında mübahisəslərə səbəb olsa da, böyük sultan məlikləri buna görə tənbeh etmir, söhbət Səlcuqi sərhədlərinin genişləndirilməsindən gedəndə, bir yol tapıb, onlara haqq qazandırırdı). Bir sözlə, Məsud öz oğullarına “sultan” ünvanından başqa hər şey vermişdi. Amma onları ən çox cəlb edən də elə bu titul və sultanlıq taxtı idi. Buna görə də hələ atalarının sağlığından aralarında ixtilaflar yaranmışdı. Böyük sultan isə onların taxt mübarizəsini sakitcə izləyir, bəzən nəsihət etməkdən başqa əlindən bir şey gəlmirdi. 

Bu, türk törəsindən qaynaqlanan qədim bir ənənə idi və hakimiyyətin xanədan üzvlərinin ortaq mülkü sayılması düşüncəsinə əsaslanırdı. Bəzən məsələni Sultanın oğullarının çox olmasına müncər edənlər tapılsa da, zənnimizcə, bu cəhdlər yanlışdır. Fikrimizi belə bir fakt da sübut edir ki, 1192-ci ildə ölkənin əraziləri genişləndikdən sonra vilayətlərə göndəriləcək qədər məlik (şahzadə) olmadığından boş qalan yerlərə əmirlər və iqta sahibləri arasından valilər seçilməyə başlamışdı. İşin əsli bundan ibarətdir ki, türk törəsinə görə, hakimiyyət bir əldə cəmləşə bilməzdi. Sultan (böyük xaqan) öz iqtidarını və məmləkətini qədim ülüş (bölgü) prinsipinə uyğun olaraq paylaşmağa borclu idi.  Xatirinizdədirsə, Böyük Səlcuqilərin Dəndənəkan qələbəsindən sonrakı ilk toy mərasimindən (qurultay) bəhs edərkən Toğrul bəyin sultan seçildiyini, Çağrı bəy və digər nüfuzlu xanədan üzvlərinə isə “məlik”lik (yabğuluq) verildiyini göstərmişdik. Bu ənənə sonralar da yaşamış, məliklər göndərildikləri bölgələri sadəcə sultanın yerlərdəki nümayəndələri kimi deyil, tam hüquqlu sahibləri (əksər hallarda həmin bölgələr onlara iqta olunurdu) kimi idarə etmişlər. Xandəmirin “Tarixi-Həbibüs-siyər fi-əhbari əfradi-bəşər” əsərində belə çoxsaylı faktlardan daha biri ilə rastlaşırıq: “Sultan Məlikşah səltənəti dövründə özünün və başqalarının məqamını yüksəltdi. Rum məmləkətini Davud bin-Süleyman bin-Kutalmış bin-İsrailə bəxş etdi və Kirmanı Sultan Kavurd bin-Cəfər bəyə və Şam məmləkətinin bəzi bölgələrini qardaşı Təkişə və Xarəzmi Ənuştəgin Gürcaya və Hələbi Qasimüd-dövlə Ağsunqura və Mosulu Çəkirmişə və Həsən-Keyflə Farsı Rüknüd-dövlə Xumartəginə bəxş etdi və uzun illər boyunca bu vilayətlərin hökuməti bu şəxslərin və onların övladlarının əlində idi”. Sözümüzün canı ondadır ki, hər cəhətdən Böyük Səlcuqi dövlətini təqlid edən, özünü onun varisi və davamçısı sayan Anadolu Səlcuqi sultanları törəyə, köklü-köməcli hakimiyyət prinsiplərinə, o cümlədən də ülüş prinsipinə əməl etməyə bilməzdilər. Odur ki, II Qılınc Arslanı “uzun mücadilələrdən sonra Danişmənoğulları dövlətini ortadan qaldıraraq Anadoluda siyasi birliyi təmin etdiyi halda ölkəsini 11 oğlu arasında paylaşdıraraq bu siyasi birliyi öz əli ilə dağıtmaq”da (Mikayıl Bayram) günahlandırmaq, zənnimizcə, ondan törəni pozmasını gözləməyə bərabərdir ki, bu da mümkün deyildi. Unutmayaq ki, bu dövrdə Anadoluda türk törəsi hələ toxunulmaz olaraq qalırdı və bu toxunulmazlığın əsas təminatçısı da ölkənin etnik çoxluğunu təşkil edən türkmənlər idi.                   

Törəyə əsasən, türk xaqanları öz təbəələri üzərində suveren hüquqlara malik olduqları kimi, onlar qarşısında müəyyən öhdəliklər də daşıyırdılar. Həmin öhdəliklərin ən vacibi  isə onların hökmünə girən boy və əşirətlərin rifahının təmin olunması sayılırdı. Türkmən mühitində “ictimai rifah” anlayışı, aydın məsələdir ki, ilk növbədə əhaliyə ilxı və sürülərini otarmaq üçün əlverişli yaylaq və qışlaqların verilməsi ilə şərtlənir və Səlcuqi sultanlarını fəal məskunlaşdırma siyasəti aparmağa vadar edirdi. Hələ ilk Böyük Səlcuqi sultanları dövründən etibarən Anadoluda türkmən tayfalarının yerləşdirilməsi məqsədinə xidmət edən məskunlaşdırma siyasəti ardıcıl surətdə həyata keçirilmiş, bölgənin başdan-başa türk yurduna çevrilməsi ilə nəticələnmişdi. Doğrudur, Danişməndilər, Məngücüklülər, Saltuklular, Artuklular və Sökmənlilər də Anadolunun vadi, ovalıq və yaylalarında oturaq və köçəri türkmənləri yerləşdirməklə bu tarixi missiyanın yerinə yetirilməsinə öz töhfələrini vermişdilər. Ancaq gerçəklik budur ki, türkmənləri Anadoluda məqsədyönlü şəkildə məskunlaşdırmaq siyasətinin əsası Səlcuqilər tərəfindən qoyulmuş və bu xətt Səlcuqi dövlətçilik ənənəsinin başlıca ünsürlərindən biri təşkil etmişdir.

Məskunlaşdırma siyasəti bəhs etdiyimiz dövrdə də durmadan həyata keçirilirdi. Sultan I Məsud Konyanı tutduqdan sonra bu şəhərlə Qayseri arasındakı sahələri yaylaq və qışlaq məntəqələrinə bölərək qısa müddətdə köçəri türkmənlərə paylamışdı. II Qılınc Arslan Səlahəddin Eyyubi ilə birlikdə Hələb türkmənlərinin Kilikiyada yerləşdirilməsi üçün geniş plan hazırlamış və bu planı tam şəkildə yerinə yetirmişdi. Fəth olunan Anadolu torpaqlarında türkmənlərin məqsədyönlü surətdə yerləşdirilməsi siyasəti I Əlaəddin Keyqubad dövründə daha da sürətlənmişdi. Monqol istilası ilə əlaqədar Mavəraünnəhrdən, xüsusilə Xorasan bölgəsindən ailələri və sürüləri ilə axın-axın bu torpaqlara gələn  türkmənləri klassik məskunlaşdırma siyasətinə müvafiq qəbul edərək böyük diqqətlə dövlətin nəzərdə tutduğu torpaqlara yerləşdirən “Uluğ Sultan” onların xüsusi hörmət və etimadını qazanmışdı. 1228-ci ildə Uçoklardan qaramanlılar erməni hüdudlarına, bir neçə Bozok tayfası isə Kastomonu və Əskişəhərin sərhəd bölgələrinə köçürülmüşdü.

Səlcuqilərin məskunlaşdırma siyasəti, əsasən, türkmənlərin həyati ehtiyaclarının ödənilməsinə xidmət edirdi. Amma o biri etnik qrupların mənafeyini də diqqətdən kənarda qoymaq olmazdı. Sultanlar bu maraqların ahəngdar şəkildə uzlaşdırılması xətti yeridirdilər. Məlumdur ki, Anadoluda oğuzlarla birlikdə İran və Qafqaz əsilli gəlmələr də az deyildi. Əksəriyyəti tacir, sənətkar, alim və şeyxlərdən ibarət olan bu oturaq qruplar daha çox şəhərlərdə yerləşdirilirdi. Yerli əhali (xristian rumlular və qeyriləri) də, əsasən, şəhərlərdə və şəhər kənarlarındakı  məhəllələrdə yaşayır, imkan yarandıqca, köçəri türkmənlərin maraqlarına uyğun olaraq heyvandarlıq üçün əlverişli torpaqlardan köçürülürdü. Türkmənlər təbiətin qoynunda, açıq məkanlarda, obalar və elatlar şəklində yaşamağa alışdıqlarından Anadolunun çöllük torpaqları və otlaqları onları daha çox cəzb edirdi. Bu şəraitdə daha rahat və azad yaşayır, adət-ənənələrini, vərdişlərini davam etdirirdilər. Urbanizasiya və sosial komforta, sərvətə və qaynayıb-qarışmağa həvəs göstərən digər etnik zümrələrdən fərqli olaraq, türkmənlərin başlıca dəyər ölçüsü torpaq idi. Onlar buraya məhz torpaq ardınca, yurd tutmaq üçün gəlmiş, Anadolunun fəthində mühüm rol oynamış və bu yerləri özlərinə Vətən etmişdilər. Yeni yurdlarında da əski qayda-qanunlarını yaşadır, törəni müqəddəs sayır, yad təsir və müdaxilələrdən qoruyur, kimliklərinə, həyat və məişət tərzlərinə sədaqətlərini bu yolla ifadə edirdilər. Şəhərlərdə yaşayan oturaq türkmənlərin belə öz etnik-dini muxtariyyətlərini qoruduqları, digər qruplardan olan qonşularından  məsafə saxladıqları məlumdur. Tarixdən bilirik ki, bu dövrdə Anadolu şəhərlərində məhəllələr etnik-dini mülahizələrlə qurulub-fərqlənir, “yaxın qonşuluq” münasibətlərinə, demək olar, yol verilmirdi. Bu, hər nə qədər ümumi-sosial tendensiya olsa da, türkmənlərin (xüsusən, köçərilərin) qarışıq tipli həyat tərzinə dözümsüzlüyü həqiqətdir.

Alimlər Anadoludakı demoqrafik mənzərəni araşdırarkən əhalinin ümumi tərkibində türkmənlərlə azlıqların nisbətini təqribən 80-20% və ya 90-10% hüdudlarında müəyyənləşdirirlər. Kənd əhalisinin az qala hamılıqla türkmənlərdən ibarət olduğu, şəhərlərdə isə onların sakinlərin yarısını təşkil etdiyi söylənilir (Mustafa Kafalı və b.). Elə həmin etnik-demoqrafik dəyişikliklərin nəticəsidir ki, Qərb müəllifləri artıq XII əsrdən etibarən öz yazılarında Anadolunu “Turchia” (Türkiyə) adlandırmağa başlamışlar. İkinci Səlib yürüşünün iştirakçısı olmuş keşiş Odo de Deul belələrindəndir. Türkmənlərin sayca Anadolunun ən böyük etnik qrupu olduğunu ərəb müəlliflərindən İbnül-Əsir və başqaları da qeydə almışdır. Amma fikrimizcə, bu dövrü təkcə kəmiyyət göstəriciləri ilə deyil, daha çox kəmiyyətin keyfiyyətə keçməsi ilə səciyyələndirmək daha doğru olar. Bizans sərhədlərində və orduda gedən proseslər bunun ən bariz göstəricisi sayıla bilər.

Yuxarıda türkmənlərin Bizansa, hətta xaçlı alman qoşunlarına meydan oxuyacaq dərəcədə gücləndiyini müşahidə etdik. Onlar artıq Anadolu Səlcuqilərinin siyasi öhdəliklərini veclərinə almadan istədikləri vaxt Bizansın, yaxud hər hansı üçüncü dövlətin ərazilərinə axınlar edir, torpaqlarını ələ keçirir, əhalisini qorxudub daha təhlükəsiz yerlərə köçmək məcburiyyətində qoyurlar. Orduda da vəziyyətin dəyişdiyi nəzərə çarpır. Doğrudur, Böyük Səlcuqilərdə olduğu kimi, Anadolu Səlcuqiləri dövlətində də ordunun ən böyük hissəsini qulam və ya məmlüklər təşkil edir. Ancaq artıq türkmənlərin qalan bütün qoşun növlərində aparıcı yer tutduğunu,  qulamlarla rəqabət aparacaq gücə və nüfuza malik olduqlarını görmək çətin deyil. Götürək daimi mühafizə birliklərini. Qayseri, Sivas, Harput, Dəvəli-Qarahisar, Niksar, Malatya, Ərzincan, Nigdə, Amasya kimi önəmli hərbi mərkəzlərdə yerləşdirilən daimi mühafizə birliklərinin kontingenti əsasən türkmənlərdən təşkil edilir. Bu birliklərdən başqa, adıçəkilən hərbi mərkəzlərdə kiçik iqta sahiblərinin tabeliyindəki sipahi dəstələri, habelə gücləndirilmiş istehkamlarda xidmət keçən qüvvələr də yerləşir (bunlar isə, əsasən, türkmənlərdən ibarətdir) və həmin məntəqələrin subaşısının (mənbələrdə bəzən fars dilindəki qarşılığı ilə “sərləşkər” kimi qeyd olunur) tabeçiliyinə verilir. Bir sözlə, cəsarətlə demək olar ki, ölkənin siyasi mərkəzində qulamların xüsusi çəkisi nə qədərdisə, hərbi mərkəzlərində türkmənlərinki də təqribən o qədərdir. 

“Uc əskərləri” silahlı qüvvələrin daha bir çoxsaylı birliyidir. Formal olaraq sərhəd mühafizəçiləri sayılan bu qüvvələrin fəaliyyət dairəsi daha genişdir. “Uc əskərləri”, məskunlaşdırma siyasəti əsasında hüdud bölgələrinə yerləşdirilən türkmən qəbilələrindən ibarətdir və “uc bəylərbəyi”nin (ona “sahibi-ətrak”, yəni, “türklərin sahibi” də deyilirdi) tabeçiliyində fəaliyyət göstərir. Bizans və qonşu xristian ərazilərinə qəza axınları ilə onlar məşğul olurlar. Təkcə elə Kastomonuda uc bəylərbəyiliyini bir müddət Hüsaməddin Çoban, Ankara-Əskişəhər-Kütahya xətti bölgəsində Seyfəddin Qızıl kimi fateh sərkərdələrin icra etdiyini nəzərə alsaq, “uc əskərləri”nin ordudakı əhəmiyyətini bütün aydınlığı ilə anlaya bilərik. Əksəriyyəti timarlı iqta sahibləri olan “uc bəyləri” bəylərbəyinin əmrində hərəkət edirlər. Amma mərkəzi hakimiyyətin zəiflədiyi vaxtlarda (xüsusən monqol istilasının sonlarına doğru) daha müstəqil davranır, nəinki “uc bəylərbəyi”ni, ümumilikdə  dövləti tanımaqdan imtina edir, bəzən sultan və məliklərə qarşı üsyan qaldırır, hətta öz dövlətlərini də qurmağa da girişirlər. Qaramanoğulları, Germiyanoğulları, Əşrəfoğulları, Hamidoğulları kimi məşhur bəyliklər həmin “uc bəyləri” tərəfindən yaradılacaqdır.  

Müharibə dövrlərində, yaxud ehtiyac yarandıqda türkmənlərdən və ya ölkədə yaşayan xristian əhalidən muzdla əskər tutulması hallarının geniş yayıldığını görmək çətin deyil. Bundan başqa XIII əsrin ortalarında mənbələr “əşirət qüvvələri” adlanan daha bir qoşun növünün də dövlət xidmətinə alındığına şahidlik edir. Bu qüvvələrin mühüm bir qismi şərqdən köç edib, məskunlaşdırma siyasətinə uyğun şəkildə sərhəd bölgələrinə yerləşdirilmiş türkmənlər əşirətlərindən toplanır. Misal üçün, Xarəzmşah Cəlaləddinin vəfatından sonra Ahlat sərəskəri Sinanüddin Kaymaz xarəzmli əşirət rəislərindən Qır xan, Bərəkət xan və Sarı xanın öz əskərləri ilə səlcuqi xidmətinə girməsinə nail olmuşdu. Lakin sonradan II Qiyasəddin Keyxosrovun bəsirətsizliyi üzündən bu qüvvələrin Cəzirə və Suriyaya köçmək məcburiyyətində qaldığı tarixdən məlumdur.

Türkmənlərin bölgədəki etnik-demoqrafik dominantlığı onların dövlətlə münasibətlərində də yeni təmayüllərə rəvac vermişdir. Vaxt var idi ki, silahlı türkmən dəstələri Böyük Səlcuqi məliklərindən  hakimiyyətə gələcəkləri təqdirdə müəyyən öhdəlik və vədlər alaraq onların üsyankar çıxışlarını dəstəkləyir, mərkəzləşmə siyasətinə qarşı etirazlarını bu cür ifadə edirdilər. Sonra vaxt gəldi ki, bir türkmən qrupu Sultan Səncəri əsir götürdü, dövlətlə bağlarını qopardı, Böyük Səlcuqiləri rəzil etdi. Amma nə əvvəl, nə də sonra türkmənlər dövlətə qalib gələ bilmədilər, üsyanları qan gölündə boğuldu, Sultan Səncər azadlığına qovuşdu, uduzan isə hər bir halda onlar oldular: gözdən düşdülər, etibarlarını itirdilər və dövlətlə münasibətləri pozuldu.

Anadolunun fəthi və türk yurduna çevrilmə prosesi başlamasaydı, türkmənlər bəlkə də marginallaşıb tədricən sıradan çıxacaqdılar. Fəthlər onlara ikinci nəfəs verdi, onların siyasi taleyini kökündən dəyişdi. İndi artıq onlar bütün Şərqin ən qüdrətli etnoslarından biri kimi bölgənin siyasi həyatında müstəsna rol oynayırdılar. Böyük Səlcuqilər dövründəki proseslərdə türkmənlər siyasətə təsadüfdən-təsadüfə qoşulmuş, təşəbbüsləri olmuşsa da, bəsit qisasçılıq və qənimətçilikdən irəli getməmişdi. Dövlət işlərindən (xüsusilə ordudan) kənarlaş(dırıl)dıqdan sonra onlar Böyük Səlcuqilərin zəiflədilməsi yolunu tutmuş, alternativ güc mənbəyi kimi nisbi muxtariyyətlərini qoruyub saxlayaraq, müxtəlif siyasi qüvvələr arasında manevrlər etmiş, bəzən cari maddi-praqmatik niyyətlərinə çatmaq üçün sultanlarla düşmənçilikdən də çəkinməmişdilər.

Anadolu türkmənlərinin mövqeyi isə tamamilə başqadır. Onlar özlərini mərkəzi hakimiyyətə qarşı qoymur, əksinə, dövlət idarəçiliyini əllərinə almaq istəyir, bu yolla etnik üstünlüklərini siyasi cəhətdən də təsbit etməyə çalışırlar. Əksər türk tarixçiləri Anadolu Səlcuqiləri dövlətində mərkəziyyətçi təmayülün II Qılınc Arslanın səltənət illərində güclənməyə başladığını, monqol istilasına qədər davam etdiyini yazırlar. XII əsrin sonları-XIII əsrin əvvəllərindən etibarən artıq türkmənlərin də güclü dövlətin təməl prinsipi olan vahid mərkəziyyətçiliklə barışdığını söyləmək mümkündür. Səbəbi aydındır: siyasi tənəzzülün ağrı-acıları, xarici təcavüzlə birlikdə dağınıqlıq və pərakəndiliyin gətirdiyi sosial bəlalar onları talelərini Anadolu Səlcuqi dövləti ilə bağlamağa, mərkəzi hakimiyyətin bərqərar olması və davamlı şəkildə güclənməsi uğrunda mübarizəyə qoşulmağa sövq edir. Həm də artıq bir mərkəzdə birləşmiş mütəşəkkil siyasi qüvvə kimi! Bu dəyişiklik son yüz ildə türkmənlərin dünyagörüşündə baş vermiş müsbət təkamülün göstəricisi sayıla bilər. Amma bunu onların törədən, əski adətlərdən, alplıq ənənələrindən üz döndərmələri kimi anlamaq və qiymətləndirmək qətiyyən doğru olmaz. Zira türkmənlər mərkəziyyətçilik prinsipini  də klassik dövlətçilik təlimləri daxilində yox, türk hakimiyyət anlayışı çərçivəsində qəbul edir, onu öz qədim dövlətçilik baxışları ilə uzlaşdırmağa çalışırlar. Onların qədim törə və ənənələrdən qaynaqlanan və etnik əlahiddəlik çaları kəsb edən bir kimlik şüuruna yiyələndikləri və bu əsasda öz siyasi-mədəni mərkəzlərini formalaşdırdıqları hələ Danişməndilər dövründə sezilir. İndi isə onlar özlərini dövlət hakimiyyətinin legitim iddiaçıları kimi görməyə başlayır və bununla da ölkədə əsası hələ Böyük Səlcuqilər dövründə qoyulan və o gündən bu günə öləzisə belə heç vaxt sönməyən türk-iranlı rəqabəti yenidən aktuallaşır, alovlanır, hətta siyasi qarşıdurma həddinə çatır.

Artıq bildiyimiz kimi, Anadolu ölkəsi (“Diyari-Rum”) mərkəzdə sultan, bölgələrdə isə məliklər tərəfindən idarə olunurdu. Danişmənd bəyliyi zamanında həmin bölgələrdən ikisi daha mühüm siyasi-mədəni mərkəz kimi ön plana çıxmış və digərlərini öz orbitinə ala bilmişdi. Bunlar türkmənlərin təmərküzləşdirkləri Tokat, Sivas və Amasya bölgəsi və İran təmayüllü Malatya bölgəsi idi. Biri ənənəvi türkmənçilik düşüncəsini, digəri isə klassik müsəlman (“İran”) dövlətçilik ənənələrini təmsil edən bu siyasi mərkəzlər, həmin bölgələrə təyin olunan məliklərə  gənc yaşlarından “sahib çıxır”, onları himayələrinə alaraq yetişdirir, dəstəkləyir və hakimiyyətə gətirməyə çalışırdılar. Mikayıl Bayramın araşdırmalar nəticəsində gəldiyi qənaətə əsasən, “Danişmənd oğulları zamanında Tokat və Malatya mədəni özəllikləri ilə ölkənin mühüm elm və fikir mərkəzlərinə çevrilmiş, sonralar Səlcuqi şahzadələrinin təhsil və təlim mərkəzləri olmuşdu. Nəticədə Tokat və Malatyada bir-birinə zidd iki müxtəlif fikri-mədəni və siyasi çevrə yaranmışdır ki, bunlar da  kəskin rəqabət içindədir. Tokat, Amasya, Niksar bölgələrində formalaşan sosial-mədəni dairə və siyasi təfəkkür alplıq, qazilik ülküsünə, türk milli mədəniyyətinə əsaslanır. Bunun qarşılığı olaraq Malatya və ona yaxın ərazilərdə isə İran mədəniyyətinə dayanan başqa bir mədəni çevrə və siyasi güc mərkəzi görürük. Hər areal zaman-zaman “öz şahzadəsi”ni iqtidara gətirməyə çalışmış, bu istiqamətdə fəaliyyətlər ara verməmişdir. Dövlət qulluğunda olan bəylər və əmirlər də bu iki siyasi zehniyyətdən birini mənimsəmişdir. Alternativ güc mərkəzləri arasında hökm sürən əkslik Anadolu Səlcuqilərinin bütün tarixi boyunca davam etmiş, saysız-hesabsız sosial və siyasi hadisələrin meydana gəlməsinə səbəb olmuş və hətta dövlətin yıxılmasında da rol oynamışdır”.

Sultan Qiyasəddin Keyxosrovun bütün səltənət dövrü (1192-1196 və 1205-1211) bu iki hakimiyyətyönümlü mərkəz və onların təmsil etdikləri siyasi təmayüllərin daşıyıcıları arasında gedən şiddətli mübarizələri sərgiləməklə türkmənlərin tarixini öyrənmək baxımından mühüm yer tutur.

1192-ci ilin avqustunda Sultan Qılınc Arslan xəstələndi və təxminən 80 yaşında həyata vida etdi. Türkmənlər hakimiyyətə onun vəliəhd şahzadə olan kiçik oğlu Qiyasəddin Keyxosrovun gəlməsini etirazla qarşıladılar və Tokat məliki Rüknəddin Süleymanşahın taxt hüququna istinad edərək onun iqtidara gətirilməsi üçün hərəkətə başladılar. 1196-cı ildə Süleymanşah qoşunu ilə Konyaya çatdı və şəhəri mühasirə etdi. Dörd aylıq mühasirə dövründə şəhər ağsaqqalları bir neçə dəfə onun düşərgəsinə elçi gondərərək, razılaşma əldə etməyə çalışsalar da Süleymanşah və türkmən əmirləri taxtı almaqda israrlılıq göstərdi. Qiyasəddin Konya camaatının sıxıntı çəkməsinə razı olmayıb, şəhəri tərk etmək qərarına gəldi. Qardaşlar arasında anlaşma imzalandıqdan sonra o, dərhal şəhərdən çıxarıldı və yardım ala biləcəyi yerlərə yolu bağlandığı üçün bir müddət Anadoluda dolaşdı. Qiyasəddin şahzadəliyi dövründə Uluborlu məliki olmuşdu, orada dəstəkçiləri vardı. Digər tərəfdən anası məşhur Komnen xanədanına mənsub idi. Məlum olduğu kimi, Komnenlər Bizansın köklü zadəgan nəsillərindən sayılırdı və bu nəsildən bir neçə imperator çıxmışdı. Anadolunu tərk edərsə, Qiyasəddinin tez-gec dayılarına sığınacağını nəzərə alan türkmənlər onun Bizans və Uluborlu istiqamətinə getməsinə imkan verməmişdilər. Əvvəlcə bir müddət Hələbdə Səlahəddin Eyyubinin oğlu Əl-Məliküz-Zahirin yanında qalan Keyxosrov oradan Diyarbəkr, Ahlat və Harputa getmiş, Anadolunun cənubunda və şərqindəki dövlətlərdən yardım ala bilməyincə Trabzona üz tutmuşdu. Komnenlər xanədanının oradakı qolunun yardımı  ilə dəniz yolu ilə İstanbula, dayılarının yanına getmişdi. 

Rüknəddin Süleymanşah (1196-1204) isə Konyada Səlcuqi taxtına oturan kimi o biri qardaşları ilə hesablaşmağa başlamışdı. Əvvəlcə Arqunşahın əlindən Amasyanı, Bəhramşahdan Niksar bölgəsini aldı. Ona dərhal itaətini bildirdiyi üçün Elbistan məliki Toğrulşaha toxunmadı. 1200-cü ildə  Malatya məliki olan digər qardaşı Müizəddin Kayserşahın üstünə getdi və şəhəri ələ keçirdi. Harputda hökmranlıq edən Artuklu bəyliyini biət etdirdikdən sonra 1202-ci ildə Saltuklu bəyliyini ortadan qaldırdı. Ankara məliki Məsudla mübarizəsi bir qədər gərgin keçdi. Məlik Məsud digər qardaşları ilə müqayisədə daha güclü və nüfuzlu idi. Çankırı, Kastomonu, Bolu və Əskişəhər hakimlərinə də söz keçirə bilirdi. Onu məğlub etmək üçün II Süleymanşahın Ankaranı 3 il mühasirədə saxladığı rəvayət olunur. Nəhayət, Məsud şəhərdən çıxıb uc bölgələrə yollanmağa razılaşmış, böyük ehtimalla yolda öldürülmüşdür. Ancaq bundan sonra Süleymanşah özü də çox yaşamamış, deyilənə görə, Gürcüstan səfərinə gedərkən yolda xəstələnib dünyasını dəyişmişdir (1204).

Süleymanşahdan sonra taxta çıxarılan oğlu III İzəddin Qılınc Arslan (1204-1205) cəmi 6 yaşında idi, odur ki, idarəçilik işləri ilə anası məşğul olurdu. Bu xüsus türkmənləri razı salmamış, onların arasında fikir ayrılığı yaranmışdır. Vəziyyətdən heç də məmnun qalmayan dövlət əyanları və bəzi bəylər isə Qiyasəddinin yenidən taxta gətirilməsi üçün hərəkətə başlamışlar. Belə bir qrupun olduğu sənədlərdə də təsdiqini tapır və həmin bəylərin arasında Danişməndilərin Yağıbasanoğulları qolundan Müzəffərəddin Mahmud, Zahirəddin İli və Bədrəddin Yusufun adları çəkilir. Onlar III Qılınc Arslana toxunmaması şərti ilə Keyxosrovu Konyaya dəvət etmiş, o da qardaşı oğluna Tokatın idarəsini verəcəyini boyun olmuşdur (lakin sonradan, bildiyimiz kimi, sözündə durmamış, onu ortadan qaldırmışdır).     

Qiyasəddin birinci səltənəti dövründə qədim İran hökmdarlarının davamçısı, eyni zamanda “Diyari-Rumda kayzeri-Rumun yerinə qaim bir qeysər” olduğunu daim vurğulamış, bununla da türkmənlərlə münasibətləri kəskinləşdirmişdi. Onun taxtdan endirilməsində də türkmən amili həlledici olmuşdu. Bu təcrübəni unutmayan keçmiş sultan sürgündə ikən uc bölgələrində hüdudları mühafizə edən türkmən qazilərinin dəstəyini qazanmağa çalışmış, buna müəyyən qədər nail olmuşdu. İbnül-Əsir Qiyasəddinin ikinci dəfə taxta oturmasında uc türkmənlərinin rolunu  nəzərdə tutaraq yazır: “Süleyman öldü, üməra oğlunu sultanlığa gətirdi. Fəqət uc türkmənləri buna müxalifət etdilər. Onların bu bölgədə sayları çoxdur”. Digər tərəfdən Komnenlər ailəsi ilə qohumluğu Anadoludakı xristian əhalinin də Keyxosrova loyallığını şərtləndirmişdi. Hər halda 1204-cü ildə taxta dəvət alanda onun ordusunun qaynatası Manuel Mavrazemosun əmrindəki Bizans əskərlərindən və türkmən dəstələrindən təşkil edildiyi məlumdur. Qiyasəddin Keyxosrov bu qüvvə ilə İzmit və Kütahya üzərindən Uluborluya keçmiş, buradakı tərəfdarları ilə birləşərək Konyaya yerimişdi.

Düşünmək olardı ki, o, türkmənlərlə umu-küsüləri unudacaq, ikinci iqtidarı dövründə onlara arxalanacaq və ölkə əhalisinin aparıcı qüvvəsi kimi onları layiq olduqları pilləyə qaldıracaqdır. Lakin bunu görmürük. Bəlkə də tam tərsi baş verir. Belə ki, tarixçilər Qiyasəddinin ikinci səltənəti dövründə Səlcuqi siyasi düşüncə və dövlət fəlsəfəsində tamamilə yeni bir tendensiyanın yarandığı qənaətindədirlər. Baş verən ideoloji dəyişiklik özünü nədə göstərir? Türkmənlər ənənəvi olaraq Səlcuqi sultanlarının qədim Əfrasiyab (Alp Ər Tonqa) soyundan gəldiklərinə inanır və onları turani qövmlərin xaqanı sayırdılar. Bu baxışlar sistemində İran və Turan bir-birinin antipodu, əks qütbü hesab olunur, İran əsilli Səlcuqi təbəələrinə ögey münasibət bəslənilirdi. Türkmənlər eyni zamanda Anadolu ərazisini özlərinin “qılınc haqqı” bilir, yerli xristian əhali ilə az qala, savaş əsirləri kimi davranır, onları hüquqi cəhətdən özlərindən aşağı statusda görürdülər. Qiyasəddin Keyxosrov isə türkmənlərin etnik-siyasi dominantlığını qəbul etmir, ölkənin bütün qövmlərinin hökmdarı olduğunu nəzərə çarpdırmaqla hakimiyyətinin sosial bazasını genişləndirmək, digər etnik zümrələrin dəstəyini qazanmaq yolunu tutur. O, ölkədəki dini-etnik qrupları hamılıqla öz siyasi hakimiyyəti altında toplayaraq, oğullarından İzəddin Keykavusu Malatyaya, Əlaəddin Keyqubadı Tokata, qaynatası Manuel Mavrazemosu isə xanədan mənsubuymuş kimi Uluborlu çevrəsinə- Dənizli, Honas, Menderes bölgələrinə Məlik təyin etməklə həm türkmənlərin, həm İran kökənlilərin, həm də yerli xristianların hökmdarı olduğunu vurğulayır.  Qeyd etmək lazımdır ki, bundan sonra türkmən və İran əsilli əmirlərlə birlikdə çox sayda rum və erməni mənşəli knyazların da Səlcuqi dövləti idarəçiliyinə cəlb olunduğunu görürük. Eyni zamanda Sultan Qiyasəddin Keyxosrovun oğlanlarını İzəddin Keykavus, Əlaəddin Keyqubad, Cəlaləddin (İbrahim) Keyfəridun adlandırmaqla öz nəslinin dastani əcəm şahlarının davamçısı olduğunu  nəzərə çarpdırmaq istədiyi, sonralar da bu kimi ünvanları özlərinə ləqəb götürən sultanların sayının çoxaldığı məlumdur.

Türkmən-iranlı ədavətinə son qoymaq, yerli xristian xalqlarla müsəlmanlar arasında sülh və etimadı artırmaq kimi xoş niyyətlərlə pərdələnən bu ideoloji kurs Qiyasəddindən sonra da bir müddət davam edir. Əlaəddin Keyqubad dövrünə aid faktlar buna dəlalət edir. Türkmənlərin “Uluğ sultan” adlandırdıqları Keyqubad Alanyadakı Alara xanı kitabəsində “sultanül-ərəbi vəl-əcəmi” (ərəb və əcəmlərin sultanı), eləcə də “sultanür-Rumi vəl-ərməni vəl-əfrənc” (Rumun, ermənilərin və qərb xalqlarının sultanı) ünvanları ilə təqdim olunur. Tarixçilər, adətən, belə təqdimatları, qədim türklərin cahan hakimiyyəti məfkurəsi ilə əlaqələndirirlər. Hazırda Antalya muzeyində nümayiş etdirilən bir möhür bu xüsusda böyük maraq kəsb edir. Möhürün bir üzündə Əlaəddin Keyqubadın portreti həkk olunmuş və “əs-sultanül-müəzzəm Əlaüd-dünya vəd-din Keyqubad bin Keyxosrov” sözləri yazılmışdır. Ulu Sultanın portretinin hər hansı bir Şərq hökmdarına deyil, Böyük İskəndərə bənzədilməsi diqqəti xüsusilə çəkir. Mütəxəssislərin fikrincə,  bu yolla onun Makedoniyalı İskəndər kimi Qərbin və Şərqin hökmdarı olduğu nəzərə çarpdırılır. Möhürün o biri tərəfində Anadolu Səlcuqi dövlətinin simvolu olan aslan motivi işlənmiş, kənarında isə “Əbül-fəth” ifadəsi həkk olunmuşdur. Bildiyimiz kimi, “Əbül-fəth” ləqəbi Səlcuqi sultanlarının ümumi ünvanıdır və onlara xas fatehlik ülküsünü vurğulayır. Aslan isə əski İran şahlarının rəmzi olduğu üçün bu möhürlə Sultan Əlaəddinin həm də onların davamçısı kimi tanıdılması qənaəti tarixşünaslıqda geniş yayılmışdır.        

Bütün bu cəhdlərə baxmayaraq, onu da deyək ki, tarixə I Qiyasəddin Keyxosrovun adı ilə daxil olan bu ideoloji kurs türkmənləri razı sala bilməzdi və elə buna görə də onların ciddi müxalifəti ilə qarşılaşmış, son nəticədə özünü təsdiq edə bilməmiş, iflasa uğramışdır...

N.MUSTAFA

(ardı var)