19 fevral 2024 16:53
382

Yeni dövrün yeni vəzifələri

Prezident İlham Əliyevin Andiçmə mərasimindəki nitqi müqayisəli-nəzəri kreativləri ilə yadda qaldı. Cənab Prezident çıxışına belə bir fikirlə başladı: “İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçkilərdə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır.”

Onun xalq qarşısında verdiyi vədlərin ən mühümü ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ötən müddətdə rəşadətli ordumuzun misilsiz şücaəti ilə işğal altındakı ərazilərimiz, o cümlədən mədəniyyət paytaxtımız olan Şuşa şəhəri, ümumilikdə 300-dək yaşayış məntəqəsi azad edildi. Separatizm və terrorizm yuvası olan Xankəndi banditlərdən təmizləndi, baiskarlar Bakı təcridxanalarında xalqın mühakiməsinə verildi.

Bu mənada qürurla demək olar ki İkinci Qarabağ müharibəsi və birgünlük antiterror əməliyyatı Zəfər tariximizin şanlı səhifələridir. Məhz bu zaman həm Ermənistan ordusunun 15 min nəfərlik terrorçular korpusu iflic vəziyyətinə salındı, həm də ikinci dəfə təslim olmağa məcbur edildi. Nəhayət, qondarma qurumun ləğvi ilə bağlı qərarlarına imza atdılar. Cənab Prezidentin Xankəndidə səsvermə prosesini reallaşdırması qələbə simfoniyasının akkordları oldu. Bununla da müstəqil dövlət quruculuğu prosesi qarşıya qoyulmuş bütün vəzifələrin başa çatdırılması ilə yekunlaşdı.

İndi isə bütöv Azərbaycan olaraq yeni dövr başlayır.

- Öncə Milli Ordumuzun modernləşməsi prosesi fasiləsiz olaraq davam etdirilməli, hərbi-sənaye kompleksimizin güclənməsində növbəti, ikinci mərhələ genişmiqyaslı olmalıdır;
- Sərhədlərin qorunmasında kompleks mexanizmlər hazırlanmalı, sərhəd qoşunları daha güclü vəziyyətə gətirilməlidir. Çünki ölkə daxilində risklər olmasa da, bütün potensial təhdidlər ölkəmizin kənarında formalaşır.

Dəmir yumruq kimi birləşən xalqımızın mühüm vəzifələrindən bəhs edərkən cənab Prezident gənclərin milli-mənəvi dəyərlərə sədaqət ruhunda böyüməsi sahəsində əldə edilmiş uğurların daha da möhkəmlənməsi, onların beyinlərinin saf olmasına xüsusi diqqət yetirmişdir. Çünki artan ideoloji təhdidlər sərhəd tanımır. Burada ən böyük mənəvi sərvətimiz olan ailə tərbiyəsi xüsusi prioritet olaraq gündəmdə saxlanmalı, Azərbaycan ailəsi spesifik dəyər kimi qiymətləndirilməlidir.

Bu baxımdan Azərbaycanda vətəndaş cəmiyyətinin statusunun gücləndirilməsi ilə milli həmrəyliyin əsaslarınin formalaşdırılmasına, xüsusilə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinin dəyər kimi ideoloji işin önündə dayanmasına müstəsna əhəmiyyət verməyin zəruriliyinə toxunulmuşdur.

Cənab Prezidentin  çıxışında toxunduğu digər mühüm prioritet – Qarabağ və Şərqi Zəngəzurun bərpası idi. Onun verdiyi məlumata görə, indiyədək 120 min hektar ərazi artıq minalardan təmizlənib. İndiyədək 5400 keçmiş köçkün beş yaşayış məntəqəsində yerləşdirilib. İlin sonunadək 5 şəhərə, 15 yaşayış məntəqəsinə, 20.000 keçmiş köçkün yerləşdirilməlidir.

Nəhayət, cənab İlham Əliyevin andiçmə mərasimində toxunduğu bir neçə taleyüklü məsələlərdən birinə toxunmaqla fikrimi yekunlaşdırmaq istəyirəm. Bu, texnoloji inkişafımızla bağlı prioritetlərin dəyərləndirilməsidir. Bu sahədə ölkə ictimaiyyəti o qədər də geniş məlumata malik olmasa da bilirik ki, son 1-2 ildə bu istiqamətdə kadr hazırlığına, maliyyə resurslarının səfərbər olunmasına çox böyük diqqət yetirilmişdir. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiqi bizim də gündəlik həyat tərzimizə çevrilməlidir. Əks təqdirdə geridə qalacağıq.

Bu məsələyə toxunan cənab Prezident demişdir: Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq, əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır. Ona görə texnoloji inkişafa nail olmasaq, burada geniş, yəni, bir neçə min yox, on minlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik. Ona görə hesab edirəm ki, bütün qurumlar və eyni zamanda, cəmiyyət bunu da vəzifə kimi bilməlidir və görməlidir”.

Həsən Bayramov,
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü,
Pedaqogika elmləri doktoru, professor