19 fevral 2024 11:07
405

Azərbaycan xalqı böyük xalqdır

7 fevral tarixində ölkəmizin həyatında mühüm və qürurverici hadisə yaşandı. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi fonunda bütün ölkə ərazisini əhatə edən prezident seçkiləri keçirildi. Qalib xalqın qalib Liderinin qələbəsi harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını daha da  qürurlandırdı. 92,12 faiz səs qazanaraq Prezident seçilən cənab İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində “İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm” söyləyərək bu realllıqları da diqqətə çatdırdı ki, bu illər uğurlarla, qələbələrlə dolu illər oldu. Çətinliklər də, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək inkişaf və tərəqqi yolu ilə uğurla getdi.

Əsas hədəf ərazi bütövlüyümüzün təmin edilməsi idi. Azərbaycan üç il öncə tarixinin Zəfər səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gündə 30 ilin işğalına son qoymaqla hansı gücə, qüdrətə malik olduğunu nümayiş etdirdi. Zəfərimizə gedən yol müasir tariximizin ən möhtəşəm səhifələri kimi vərəqlənir, Azərbaycanın bu illər ərzində bir əsrə bərabər yol keçdiyi xüsusi qeyd olunur. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində  Azərbaycanın son 20 ildə Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf etdiyini əsaslı şəkildə diqqətə çatdırdı. İqtisadi və siyasi müstəqilliyini günbəgün artıran Azərbaycanın tarixi Zəfərimizdən sonra beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi xüsusi vurğulandı.  2023-cü ilin 19 sentyabr tarixində həyata keçirilən  bir günlük lokal antiterror tədbirlərinin nəticəsində suverenliyimizin təmin olunması Ordumuzun bir daha gücünü, peşakarlığını, döyüş qabiliyyətini təsdiqləməklə yanaşı, Azərbaycanın qarşısında geniş imkanlar yaratdı. Cənab İlham Əliyev andiçmə mərasimində, həmçinin antiterror tədbirlərinin qaçılmaz olduğunu da hadisələrin təhlili əsasında  qeyd etdi. Bir daha vurğulandı ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq: “Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.”

Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı. Dövlət başçısı İlham Əliyev hədəfləri açıqlayarkən bu çağırışı da səsləndirdi ki,  milli birlik daimi olmalıdır. Çünki Azərbaycanın önəmi artır. Bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır. Bunu  gündəlik həyatda görürük: “Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq - biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir.”

   Cənab İlham Əliyev azərbaycançılıq ideologiyasının inkişafı və təbliği məsələsinə də xüsusi diqqət göstərib. Təbii ki, tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin öyrənilməsi, nəsildən-nəslə çatdırılması əsas hədəflər sırasındadır. Prezident İlham Əliyev daim çıxışlarında gənclərin  vətənpərvərlik ruhunda tərbiyəsinə çağırışlar edir. Andiçmə mərasimində də qarşıdakı dövrün mühüm hədəfi kimi bu çağırış edildi:  “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır.”

   Kiçik dövlət kimi dəyərləndirilən ailələrin  gənclərin sağlam ruhda tərbiyəsində rolu inkaredilməzdir. Hər bir valideyin uşaqlarının Vətənə layiq övlad kimi yetişdirilməsindən  qürur hissi keçirir. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu gün  gənclərimiz hərbi xidmətə  böyük ruh yüksəkliyi ilə gedirlər, Bu, bir tərəfdən dövlətin orduya diqqət və qayğısının, digər tərəfdən isə gənclərin torpaq, Vətən sevgisinin göstəricisidir. Qanları, canları ilə tarix yazan şəhidlərimizin və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayır, qurub-yaradırıq.

  Gənclərimizdə  vətənpərvərlik  hissinin aşılanmasında məktəblərin də rolu böyükdür. Hazırkı dövrə müraciət etsək 44 günlük İkinci Qarabağ müharibəsində hər biri bir qəhrəmanlıq dastanı yazan gənclərimizin həyat yolu geniş təbliğ edilir, yaratdıqları məktəbin öyrənilməsi bir çağırış kimi qarşımızdadır. Həmçinin məktəb gənclərin Azərbaycanın  gələcəyi üçün milli ruhda tərbiyə olunmalarına xüsusi diqqət göstərir. Təhsilə qayğı ilə yanaşı, onların bir vətəndaş kimi yetişmələri əsas hədəflərdəndir. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində bu kimi məsələlərə xüsusi diqqət göstərdi. “Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir” söyləyən cənab İlham Əliyev bildirdi ki, ikinci yerdə məktəb tərbiyəsidir. Belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır: “Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır.”

Göründüyü kimi, əsas çağırış gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsidir. Dövlətimizin bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqətdədir. Hər birimiz bu çağırışa öz töhfəmizi verməyə səy göstəririk. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 7 fevral prezident seçkilərində göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir. Belə olan halda heç bir kənar qüvvə bizə qarşı  məkrli plan həyata keçirə bilməz. Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır.

Gülər Kərimova,
​ YAP Şabran rayon təşkilatının məsləhətçisi