18 fevral 2024 00:57
548

ABŞ regionda Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır - ŞƏRH

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub. Görüşdə Antoni Blinken ölkəmizin COP rəhbərliyini öz üzərinə götürməsindən söz açmaqla yanaşı,  Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusunda olduğunu bildirib: “ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir”.

COP29-un bizim ikitərəfli gündəliyimizin önəmli bir hissəsi olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir: “Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm”.

Yeni reallıqları diktə edən qlobal lider

Qeyd edək ki, Münhən səfəri çərçivəsində Prezident İlham Əliyevin 3 ABŞ rəsmisi ilə görüşü olub. Şübhəsiz, bu,  əlaqələrin inkişaf perspektivlərinin olduğunu bir daha nümayiş etdirir. Bu,  həm də ABŞ tərəfinin  Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunun göstəricisidir. Bütün bunlar  Münxendə Prezident İlham Əliyevin daha çox yeni reallıqları diktə edən qlobal lider kimi qarşılanmasından,  dövlət başçımızın əməkdaşlıq və regional təhlükəsizlik məsələlərindəki baxışlarından faydalandıqlarından xəbər verir. Hətta əminliklə vurğulamaq olar ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi bu görüşlərdə Azərbaycanın potensialını yenidən göstərdi, ölkəmizin bəyan etdiyi əməkdaşlıq və inkişaf prioritetlərinin alternativsizliyini təsdiqlədi.

Şübhəsiz, bunu Fransanın təhriki və rəhbərliyi ilə aparılan anti-Azərbaycan təbliğatının fiaskosu, Azərbaycanın yeni xarici siyasət prioritetlərinin qəbullanması, münasibətlərə müəyyən anlaşılmazlıqlar yaradan məsələlərin artıq keçmişdə qalması  kimi dəyərləndirmək olar. 
ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin hələ 1990-cı illərdən Azərbaycan ilə ABŞ arasında əməkdaşlığı və Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdə Prezident İlham Əliyev ilə birgə tərəfdaşlığı məmnunluqla xatırlaması, Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırması, əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulaması, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirməsi bir daha belə qənaətə gəlməyə imkan verir.  Bəli, dövlət başçısı İlham Əliyevin yeritdiyi siyasət tam mənası ilə öz bəhrələrini verir. Artıq ABŞ da regionda Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

ABŞ bu məsələdə ölkəmizi  dəstəkləyirsə...

Digər tərəfdən, hazırda Ermənistan-Azərbaycan normallaşma prosesi öz axarı ilə davam edir. Artıq  Qarabağ problemi də həllini tapıb.  Azərbaycan öz müstəqilliyinə və tam suverenliyin nail olub. Bu mənada mövcud vəziyyət Ermənistan-Azərbaycan əlaqələrinin tam potensialının üzə çıxarılması baxımdan əhəmiyyətlidir. Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesi artıq  ikitərəfli xarakter daşıyır. Rəsm Bakı da  dəfələrlə bildirib ki, onun başqa niyyəti yoxdur. Yəni, Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır. ABŞ da bu məsələdə ölkəmizi  dəstəkləyirsə, şübhəsiz bu, təqdirəlayiqdir. Bu, həm də gələcək əlaqələrin Ermənistan ilə Azərbaycan arasında prosesin əsirinə və ya hədəfinə çevrilməyəcəyindən xəbər verir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin andiçmə  mərasimindəki çıxışından da göründüyü kimi, Azərbaycan bu məsələdə qlobal spekulyasiyalara meydan verməyəcək.   Yəni, faktiki olaraq İlham Əliyevin iradəsi o yöndədir ki, qalib tərəf olaraq bizim Ermənistan kimi üçüncü dünya dövləti ilə münasibətlərə xüsusi vaxt ayırmaq niyyətimiz yoxdur. Andiçmə mərasimində də deyildiyi kimi, “İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, sülh müqaviləsi imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”.

Qeyd edək ki, Azərbaycan müstəqilliyə qovuşan dönəmdən beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində zəruri istiqamətlərdən biri olub. Şübhəsiz, bu görüşlərdən sonra  iki dövlətin əməkdaşlığının genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”