18 fevral 2024 12:16
411

Münxendə qarşı tərəflərin xahişi ilə keçirilən görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun göstəricisidir

Dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi, Azərbaycan müntəzəm şəkildə Prezident İlham Əliyevin şəxsində Münxen Təhlükəsizlik Konfransına dəvət alır. Bu il də sözügedən konfransda iştirak edən Qoşulmama Hərəkatına dörd illik uğurlu sədrliyi dövründə dünyanın müxtəlif regionlarını bir araya gətirib konsensusu inkişaf etdirən Azərbaycan Prezidenti Münxen platformasının da imkanlarından istifadə edərək qlobal və regional təhlükəsizlik məsələləri ilə bağlı öz dəyərli fikirlərini bölüşür.

Bunun məntiqi nəticəsidir ki, Azərbaycanın dünya miqyasında nüfuzu daha da artır, mövqeyi nəzərə alınır. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ilə görüşməyə səy göstərənlər arasında ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun, ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin, İsrail Prezidenti İsxak Hersoqun, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin, Almaniya Kansleri Olaf Şoltsun, ABŞ Dövlət katibi Antoni Blinkenin, Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və nəzarət üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçin və Banqladeşin Baş naziri xanım Şeyx Hasinanın olması dövlətimizin və dövlətimizin başçısının artan nüfuzunun göstəricisidir.

Cənubi Qafqaz, Xəzər dənizi, Qara dəniz, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa və digər regionlarla geniş əlaqələrə malikdir olan Azərbaycan, bu bölgələrin bir çox ölkələri ilə yaxın tərəfdaşlıq əlaqələri qurub və səmərəli qarşılıqlı əməkdaşlığın inkişafına nail olub. Bununla da ölkəmiz beynəlxalq müstəvidə özünün müstəqil siyasətini həyata keçirməyi bacaran etibarlı tərəfdaş imicini qazanıb. Torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünü və suverenliyini təmin edən, BMT-nin qətnamələrini həyata keçirən Azərbaycan qalib dövlət kimi nüfuzunu daha da artırmaqla tərəfdaşlarının sıralarını genişləndirir.

Ölkəmizin beynəlxalq nüfuzunun artmasında, Qoşulmama Hərəkatına dörd il uğurla rəhbərlik etməsi, pandemiya dövründə ehtiyacı olan dövlətlərə humanitar yardım göstərməklə yanaşı, böyük dövlətlərin peyvənd monopoliyasına qarşı mübarizə aparması, üzv olduğu bütün təşkilatlarda aktiv və səmərəli iştirak etməsi, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi, iqtisadi və siyasi qüdrətini daima artıraraq qalib dövlətə çevrilməsi mühim rol oynayan amillərdən olub. Nəticədə dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu tədqiqat, elm mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərin toplaşdığı mühüm platforma olan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ilə görüşməyə təşəbbüs göstərənlərinin sayı artır, iqtisadi sferada regional və qlobal layihələrin həyata keçirilməsi istiqamətində rəsmi Bakının mövqeyi öyrənilir.

Məhərrəm Ağalaroğlu,
“İki sahil”