16 fevral 2024 23:59
349

Azərbaycan dövlətinin və onun Liderinin qlobal nüfuzunun göstəricisi - ŞƏRH

Münxendə qarşı tərəflərin xahişi ilə Azərbaycan Prezidenti ilə görüşlərin keçirilməsi ölkəmizin qlobal miqyasda artan rolunun və dövlət başçımızın şəxsi nüfuzunun, dünya siyasətinə oynadığı böyük rolun təsdiqidir

Azərbaycanda son 20 ildə həyata keçirilən daxili və xarici siyasətin uğurları ölkənin dünya miqyasındakı reytinqini getdikcə artırır. Bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Ən əsası Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması Azərbaycanı dünyada qalib dövlət kimi tanıtdı. Bugünün reallıqları ondan ibarətdir ki, Azərbaycan müstəqil bir dövlət kimi regionda və bölgədə etbarlı strateji tərəfdaşdır. Eyni zamanda,  ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir.

 Dünyanın bir sıra nöqtələrində baş verən müharibələr dünya iqtisadiyyatına da ciddi zərər vurmaqdadır və belə bir şəraitdə enerji böhranının yaranması qaçılmazdır. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir. Qeyd etmək lazımdır bu gün Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı durmadan artmaqdadır.

Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilir. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi, çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.

2003-cü ildən başlayaraq ölkəmizin xarici siyasət sahəsində böyük uğurlar əldə edilib. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb.  Ölkəmiz müsəlman aləmində çox böyük hörmət, nüfuz qazanıb. İslam həmrəyliyi ilə bağlı atılan addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin apardığı siyasət, yəni, həm ölkə daxilində, həm də xaricdə bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi tədbirlər İslam aləmində həmrəyliyi, əməkdaşlığı və İslam birliyini daha da möhkəmləndirir.

Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Hazırda Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın iştirakı, keçirilən görüşlər bir daha göstərir ki, Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıyır. Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münxen şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin qarşı tərəfin müraciətləri əsasən artıq İtaliyanın "Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Mariani, ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun,  Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso, ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn,  Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadeful, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla  ayrı-ayrılıqda ğörüşləri olub. Burada xüsusi diqqət çəkən məqam odur ki, Azərbaycan Prezidenti ilə keçirilən bu görüşlərin hər biri qarşı tərəflərin müraciəti, xahişi əsasında olub. Bu fakt, həm ölkəmizin qlobal miqyasda artan nüfuzunun, həm də şəxsən dövlət başçımızın dünya siyasətinə oynadığı böyük rol, nüfuzu ilə bağlıdır. Xarici siyasətimiz bərabərhüquqlu münasibətlərə,  qarşılıqlı hörmət, xoş münasibət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri üzərində qurulub. Xarici siyasətin konturlarını dövlət başçımız inaqurasiya mərasimində səsləndirib: “Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.”

Azərbaycanın çoxvektorlu xarici siyasəti diqqətəlayiqdir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən bəhrələnməklə daim yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri irəli sürür. Azərbaycan dünya dövlətləri ilə ikitərəfli münasibətləri əhəmiyyətli hesab edir. 

Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır.

Bütün bunları nəzərə alaraq əminlikdə demək olar ki, qarşı tərəflərin xahişi ilə  Münhendə keçirilən görüşlər, aparılan danışıqlar Azərbaycanın xarici siyasətində qazandığı uğurları möhkəmləndirəcək, geosiyasi proseslərdə oynadığı rolu daha da artıracaq. Bu fakt isə təsdiqləyir ki, Azərbaycan regional güc mərkəzi statusundan çıxaraq artıq qlobal proseslərə təsir edə bilən dövlətə çevrilib.

Şəmsiyyə Əliqızı, “İki sahil”