17 fevral 2024 00:36
357

Zəfərlərdən ilhamlanan müzəffər ölkənin qalib gəncləri

Gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan gənclərimiz cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edir və onların fəaliyyəti Azərbaycanın inkişafına əhəmiyyətli töhfələr verir.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra gənc nəslə göstərdiyi xüsusi diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Dünyəvi dövlət quruculuğu prosesində gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev gənclər siyasətinin ayrı-ayrı istiqamətlərini dəqiq və mükəmməl şəkildə müyyənləşdirirdi. Bu istiqamətdə gənc kadrların hazırlanması və təşkilatlanması üçün Ulu Öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirildi. 1996, 1999 və 2003-cü illərdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, bura xaricdə yaşayan həmvətənlərimizin də dəvət olunması bu istiqamətdə mühüm siyasi dönüş yaratdı. 1997-ci il fevralın 1-də Ümummilli lider Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında" Sərəncam imzaladı. Bu Sərəncama uyğun olaraq hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. 1999-cu ilin iyulunda ölkə başçısı tərəfindən "Dövlət gənclər siyasəti haqqında" Fərman verildi. Fərmana uyğun olaraq təsdiqlənmiş Tədbirlər Planında gənclər siyasətinin bütün istiqamətləri öz əksini tapdı. 2002-2003-cü illərdə qəbul olunan "Gənc istedadlar üçün xüsusi təqaüd təyin edilməsi haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" sənədlərin gənclərin həyatında xüsusi rolu oldu. Eyni zamanda, Gənclər, İdman və Turizm Nazirliyi müvafiq dövlət orqanları ilə birlikdə "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və digər problemlərin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu haqqında" və s. proqramlar hazırlandı. Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi və respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi ümumi işə öz töhfələrini verdi. Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsində daha ciddi tədbirlər görmək, həyata keçiriləcək gənclər siyasətini tənzimləmək məqsədilə hazırlanmış "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu 2002-ci il tarixli Prezident Fərmanı ilə qüvvəyə mindi.

Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artır.2003-cü ildən sonrakı dövrdə  Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə isə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu,

2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" dövlət proqramlarının uğurla həyata keçirilməsi, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün "Prezident Mükafatı"nın təsis edilməsi, gənclər forumlarının keçirilməsi gənc nəslin hərtərəfli inkişafını stimullaşdırıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar açdı. Dövlət Proqramı çərçivəsində gənclərə dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq imkanı verildi. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında” eləcə də "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunmasına dair Prezident sərəncamları Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə geniş imkanlar yaratdı. Bakıda və regionlarda istifadəyə verilən "Gənclər ev"ləri (mərkəzləri), olimpiya idman mərkəzləri gənclərin maraq dairəsini genişləndirdi, asudə vaxtın mənalı və səmərəli təşkili üçün yeni imkanlar açdı. Gənc idmançılarımızın qələbələri sayəsində Azərbaycan Bayrağı xarici dövlətlərdə qürurla yüksəlir. İdmançılarımız Bakıda keçirilən Birinci Avropa Oyunlarında komanda hesabında ikinci yeri, IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutdu. Bütün bunlarla paralel olaraq, ölkəmizdə könüllülük hərəkatı inkişaf etdi. Könüllülük fəaliyyəti gənclərdə faydalı əmək və həmrəylik kimi dəyərlər aşılamış olur.

Gənclərə ayrılan daha bir diqqətin nəticəsidir ki, ölkəmizin bir neçə şəhəri müxtəlif illərdə Azərbaycanın "Gənclər paytaxtı" elan edilib. 2012-ci ildən başlayaraq hər il paytaxt Bakı şəhəri istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri "Gənclər paytaxtı" elan olunur. Bu günədək Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Mingəçevir kimi şəhər və rayonlarımız Azərbaycanın "Gənclər paytaxtı" seçilib. "Gənclər Paytaxtı" 1 il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər və rayon gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, yeni ideya və layihələrin həyata keçirilməsinə dəstək verir. Bütün bu və ya digər layihələr, həyata keçirilən tədbirlər gənclərin ictimai-siyasi fəallıqlarına, müxtəlif sahələrdə uğurlar əldə etməsinə yeni yollar açır.

Azərbaycan gənclərinin inkişafına, müxtəlif sahələrdə nailiyyətlər əldə edən gənclərə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən misilsiz dəstək göstərilir. Elm, təhsil, səhiyyə, mədəniyyət, ekoloji sahələrə aid proqram və layihələr hazırlanaraq həyata keçirilir. Heydər Əliyev Fondu ölkəmizlə yanaşı xaricdə yaşayan tanınmış, öz yüksək bilik və qabiliyyəti ilə seçilən müvəffəqiyyət qazanmış gənc həmvətənlərimizə də böyük diqqət ayırır. Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil edir, ölkənin yaradıcı və elmi potensialının artırılmasına böyük köməklik göstərir.

Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına zəmin yaratdı. Bu, Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzmində özünü göstərdi. Hələ 2020-ci ilin iyulunda Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan sonra on minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan gəncliyi 44 günlük müharibədə düşmən üzərində parlaq qələbənin əldə olunmasında xüsusilə fərqləndi. Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar. Onların hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi.

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində  bildirdi ki,  elə gənc nəsil yetişib ki, Vətən uğrunda, torpaq uğrunda, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər bizim gənclərimiz.

Gənclər ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Şaxtaya, soyuğa, qara baxmayaraq, Laçın-Xankəndi yolunda etiraz aksiyasına qatılan iştirakçıların böyük əksəriyyətini gənclər təşkil edirdi.

Gənclərə bütün sahələrdə imkanlar yaradan, onların öz bacarıqlarını nümayiş etdirməsi üçün lazım olan bütün addımları atan cənab Prezident, həmçinin Azərbaycan gəncliyinin milli dəyərlərə bağlı, vətənpərvər ruhda böyüməsinə hər zaman önəm verib. Dövlətimizin başçısı andiçmə mərasimindəki çıxışında  vurğuladı ki, əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir.

Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində onu da diqqətə çatdırdı ki, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Dövlətimizin başçısı sözügedən nitqində bildirdi ki, gənclərin milli dəyərlərə sadiqlik ruhunda yetişməsində ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır: “Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir”.

Bu gün gənclər Azərbaycanın yeni quruculuq mərhələsinin avanqard qüvvəsi kimi elm və təhsil sahələrində yüksək nailiyyətlər qazanaraq gələcək inkişafın dayanıqlı təməllərini atırlar. Elmtutumlu və rəqabətqabiliyyətli iqtisadiyatın əsas kadr bazası da məhz gənclərdir. Azərbaycan dövləti iqtisadi və maliyyə imkanları artdıqca, gəlirlərin bir hissəsini məhz gənclərin yüksək təhsilinə və savadlı peşəkar kadr kimi yetişmələrinə xərcləyib.  Azərbaycan hökuməti “qara qızıl”ın insan kapitalına və intellektual mülkiyyətə yönəldilməsi strategiyasına sadiq qalaraq  gənclərin rəqabət qabiliyyətli rəqəmsal dövlət quruculuğunda əsas güc mənbəyi kimi irəlidə dayanmasına sərmayələrini davam etdirir. Yeni nəsil  gənclik dövlətin sükanına sahib olacaq etibarlı və sadiq qüvvədir. Onların orada, hansı vəzifə tutmasından asılı olmayaraq başlıca amalı Azərbaycan dövlətidir, Vətənə sədaqətdir. Çünki onlar 30 il əvvəl bu ruhda tərbiyə ediliblər və bugünkü tərbiyənin də kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır.

Yaqut Ağaşahqızı, “İki sahil”