17 fevral 2024 01:16
372

Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir

Dövlət başçısı İlham Əliyev andiçmə mərasimindəki nitqində bu reallığa da diqqəti yönəltdi ki, 7 fevral prezident seçkilərində göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir

“Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.” Dövlət başçısı İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində bu çağırışı etdi.

Bu çağırış özündə mühüm məqamları ehtiva edir. Bu baxımdan ki, yeni dövrün hədəfləri əvvəlki illərin hədəflərindən fərqlidir. 30 il torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması amalı ilə yaşadıq. Bu gün isə qalib xalq olaraq tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından bəhs edirik. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdır. Bundan böyük xoşbəxtlik ola bilərmi? Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılıb.

7 fevral tarixində müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə üzrə prezident seçkiləri keçirildi. Qalib xalqın qalib Liderini dəstəkləyən xalqımız bu Qələbəni Prezidentə etimadın və inamın, aparılan siyasətin qazandırdığı uğurlara dəyərin ifadəsi kimi qeyd edir. Dövlətinin, xalqının gələcəyini düşünən Lider daim ölkəsini zəfərdən-zəfərə aparır. Bugünümüzü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə bu faktor özünü daha aydın şəkildə göstərir.

Müstəqilliyimizin bərpasının ilk illəri Azərbaycanın tarixinə qaranlıq səhifə kimi yazılıb. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbaycan müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanı bu çətin vəziyyətdən xilas edən Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, zəngin təcrübəsi, idarəçilik bacarığı oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixinin yeni, parlaq səhifəsini yazdı. Dövlət başçısı İlham Əliyev «Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır» söyləyərək bildirir ki, çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?

Cənab İlham Əliyev bu məqamı da vurğulayır ki, əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalanmış olarıq: «O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.” Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər həlledici illərdir. Dövlətçiliyin əsasları qoyuldu. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna başlanıldı. Nizami ordunun yaradılması, kadrların yetişdirilməsi istiqamətində önəmli addımlar atıldı. O kadrlar bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər. Heç də təsadüfi deyil ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri adlandırılır. Ümummilli Lider hələ 1992-ci ildə xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətinə cavabında Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək hər kəsi onun qorumağa çağırmışdır. Dahi şəxsiyyətin aforizmə çevrilən «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisi müstəqillik tariximizin ayrı-ayrı mərhələlərini müqayisə etdikdə daha aydın görürük. Reallıq budur ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın hansı vəziyyətdə olduğunu düşünmək çətin deyildi. Ölkə, xalq o zaman xoşbəxt olur, gələcəyə inamla addımlayır ki, onu düşünən, inkişafına, tərəqqisinə səy göstərən, imzasının imzalar arasında görünməsində maraqlı olan, ən əsası müstəqil siyasət yürütməyi bacaran, bütün hallarda dəyişməz mövqeyini ortaya qoyan Lideri vardır. Azərbaycan xalqı o xoşbəxtliyi yaşayan xalqlardandır. Hər zaman ölkəsinə, xalqına bağlı olan Ulu Öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə Azərbaycanın gələcəyi barədə düşünmüş, tərəqqisi üçün bütün qüvvə və bacarığını ortaya qoymuşdur. Ümummilli Lider bildirmişdir: «Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam.»

2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verdi. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində bildirmişdi ki, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Həyat onu göstərdi ki, cənab İlham Əliyevin 20 ildən artıq Prezidentlik dövrünün 17 ilində torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində xeyli işlər görüldü. «Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür. Çünki bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var» söyləyən cənab İlham Əliyev bildirir ki, 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Müharibədən sonra yeni dövr başlayır: «Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.»

Artıq yeni dövrün yeni reallıqlarına uyğun olaraq uğurlu addımlar atılır və nəticə göz önündədir. Dövlət başçısı İlham Əliyevin ötən ilin mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Qarabağın tacı Şuşadan səsləndirdiyi “İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır. Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə bu torpaqları bizə verməmək üçün gecə-gündüz əlləşirdi. Həm coğrafi relyefə arxalanırdı, 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğularına arxalanırdı və himayədarlarına arxalanırdı. Hesab edirdi ki, biz bu vəziyyətlə barışacağıq. Amma mən deyirdim ki, yox, barışmayacağıq. Deyirdim bunu, gərək məni eşidəydilər. Deyirdim ki, gec-tez gələcəyik, bir təpiklə düşməni qovacağıq, öz Bayrağımızı qaldıracağıq və öz doğma torpaqlarımızda yaşayacağıq. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi” fikirləri Azərbaycanın 30 illik işğal dövründə hansı arzu ilə yaşadığını və bu gündən sabaha baxaraq hansı hədəfləri müəyyənləşdirdiyini nümayiş etdirdi.

Ümummilli Lider Heydər Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qoruyur. Belə ki, Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra mühüm çağırışlarından biri bu oldu ki, müstəqilliyimizi və suverenliyimizi daimi yaşatmaq üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir. Bu çağırış da səsləndirilirdi ki, xalq heç vaxt öz kökünü yaddan çıxarmamalı, öz tarixini öyrənməli, milli mədəniyyətindən heç zaman ayrılmamalıdır. Dahi şəxsiyyətin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Ümummilli Lider tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi Vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə sıx bağlılığı, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Bunun üçün son 20 ildən artıq dövrdə Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Görülən işlərin uğurlu nəticəsi 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.

Bunları qeyd etməyimiz səbəbsiz deyil. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimindəki nitqində bu məsələlərə xüsusi diqqət yönəltdi. Azərbaycançılıq ideologiyasının, azərbaycançılıq prinsiplərinin ölkəmizdə çoxdan bərqərar olunduğunu qeyd edən cənab İlham Əliyev bildirdi ki, Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz - onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik: “Biz hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur. Deyə bilərəm ki, bu sahədə çox böyük tarixi nailiyyətlər var, baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, bizim aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur. Bu istiqamətdə bundan sonra da lazımi addımlar atılacaq.” Prezident İlham Əliyev, eyni zamanda, qeyd etdi ki, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır: “Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq - biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir.”

Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Ölkəmizdə müxtəlif millətlərin, xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayır. Əvvəldə də qeyd etdiyimiz kimi, 44 günük İkinci Qarabağ müharibəsi bu birliyin nümayişi oldu. Dövlət başçısı İlham Əliyevin sərəncamları ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi də bunu təsdiqləyir.

Tariximizin öyrənilməsinə gəldikdə isə cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Bu mühüm addım tariximizin ayrı-ayrı dövrlərinin öyrənilməsinə geniş imkanlar yaratdı. Bir daha sübut olundu ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir.

Tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin öyrənilməsi gənc nəslin qarşısında dayanan əsas vəzifələr sırasındadır. Tarixi Zəfərimiz, həmçinin bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması Azərbaycan gənclərinin Vətən, torpaq sevgisinin təqdimatı oldu. Dövlət başçısı andiçmə mərasimində bu reallıqlara söykənərək bildirdi ki, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Bu xoşbəxtlik də vurğulandı ki, Azərbaycan ailəsi sağlam, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc, uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir. Belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə, milli ləyaqətlə, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması və qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir.

Dövlət başçısı birliyimizə, həmrəyliyimizə söykənərək onu da diqqətə çatdırdı ki, 7 fevral prezident seçkilərində göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir. Belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz. Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq. Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.

Artıq əvvəldə də qeyd etdiyimiz kimi, yeni dövr başlayır. Bu əminlik də ifadə edilir ki, yeni dövr uğurla davam edəcək. Təbii ki, buna əsas verən əvvəlki dövrün reallıqlarıdır. Azərbaycanın hər bir məsələyə kompleks yanaşması, birliyimizin, həmrəyliyimizin qorunması zəfərdən-zəfərə inamla addımlamağa əsas verir. Qarşıya qoyduğumuz bütün hədəflərə nail olacağıq. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Dövlət başçısı İlham Əliyevin andiçmə mərasimindəki nitqini “Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!” fikiləri ilə tamamlaması gələcək hədəflərin təqdimatı oldu. Bu baxımdan ki, növbəti qayıdış ünvanı Qərbi Azərbaycandır. Qalib Liderimiz belə bir əminliyi ifadə edir ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar: “Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır.”

Yeganə Əliyeva, “İki sahil”