17 fevral 2024 01:37
400

Bərpa edirik, qururuq, yaradırıq, köçürük...

İftixarla deyə bilərik ki, bütün parametrlərinə görə Azərbaycan bu gün Cənubi Qafqazın ən inkişaf etmiş dövlətidir. Dünyada da söz, nüfuz sahibidir. Bütün bunlar dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı Lider, qalib Sərkərdə kimi yazılan Prezident İlham Əliyevin mükəmməl siyasətinin nəticəsidir. Şübhəsiz, bu prosesdə xalqımızın da rolu böyükdür. Yəni, xalq-iqtidar, lider-xalq birliyi sayəsində Azərbaycanda misli-bərabəri olmayan uğurlara imza atılıb.

Doğrudur, bu yolda çətinliklər də olub, problemlər də. Ancaq Azərbaycan xalqı öz Prezidenti ətrafında bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə sinə gərib, inkişaf və tərəqqi yolu ilə addımlamaqda davam edib. Ən əsası məhz bu birlik sayəsində  44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edilib, ərazi bütövlüyümüz bərpa olunub. Erməni daşnaklarının bir neçə əsr boyunca apardıqları Azərbaycan xalqının milli kimliyini dağıtmaq, məhv etmək siyasəti də növbəti dəfə elə Vətən müharibəsində iflasa uğrayıb. Bu mənada demək olar ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik məktəbinin yetirməsi Prezident İlham Əliyevin Azərbaycan dövləti qarşısında müstəsna tarixi xidməti  xalqımızı düşmən üzərində qələbə çalmağa bütöv millət halında apara bilməsində olub. Xalqımız və onun lideri bütün dünyaya sübut edə bilib ki, Azərbaycan milli birlik yaratmağa, milli vəhdətə nail olmağa, bir “dəmir yumruq” kimi birləşməyə qadir xalqdır. Ölkəmizdə  xalq–iqtidar birliyi beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir.

2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbiri nəticəsində isə bu birlik Qarabağ yarasını birdəfəlik  kəsib atıb, Xankəndidəki hərbi xuntanın ömrünə son verib. Nəticədə məmləkətimiz  öz suverenliyinə qovuşub. Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə ötən il Dövlət Bayrağımızın ucaldılması, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradının təşkili, bu il həmin məkanlarda da prezident seçkilərinin keçirilməsi xalq-iqtidar birliyinin nəticəsi idi. Bəli, biz bu vəhdət sayəsində bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Beləliklə, Azərbaycan Respublikası müstəqil dövlət kimi özünün bütün strateji hədəflərinə nail olub, qarşısına qoyduğu vəzifələri layiqincə həyata keçirib. Bu parlaq Qələbə  Azərbaycan xalqının böyük xalq olduğunu bir daha nümayiş etdirir. Yəni, bütün bunlarda möhtərəm dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik olubsa, xalq-Prezident  birliyi də bir o qədər önəm daşıyıb.

İndi hayların təxminən 30 il ərzində vandalcasına dağıdıb yerlə-yeksan etdikləri yurdlarımızda günün tələbləri səviyyəsində abadlıq-quruculuq işləri gedir. Doğma yurdlarımız yenidən dirçəldilir, uzun illər kənarda qaldığı inkişaf axarına qovuşur, məcburi köçkünlər öz yurd-yuvalarına qayıdırlar. Yeri gəlmişkən qeyd edək ki, bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaqlar. Həmin məkanlarda görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra belə sürətlə bərpa işlərinin aparılması dünya tarixində görünməmiş hadisədir. Bəli,  bərpa edirik, qururuq, yaradırıq, köçürük. Şübhəsiz, bütün bunlar da xalqımızın əzminin əyani sübutudur.

Prezident İlham Əliyev çıxışlarında və müsahibələrində də dəfələrlə vurğulayıb ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. “Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir” deyən dövlətimizin başçısı İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində də bu birlikdən bir daha söz açıb. Bildirib ki, bütün bunlar Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, indi  yeni dövr başlayır: “Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir”.

Bəli, bu gün də belə bir həmrəyliyin şahidiyik. Prezident İlham Əliyev 7 fevral prezident seçkilərinin fonunda bu məqamı xüsusi qeyd etdi ki, seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz.

Yeri gəlmişkən, andiçmə mərasimi zamanı Prezident İlham Əliyevin  xalqa təşəkkür edərkən kövrəlməsi də diqqət mərkəzində olub. Şübhəsiz, dövlətimizin başçısı  xalqın 7 fevral 2024-cü il seçkisinə böyük ruh yüksəkliyi ilə getməsindən, seçici aktivliyinin yüksəkliyindən və əksəriyyətin (92,12%) növbəti dəfə Ona səs verməsindən, bir sözlə, xalqın böyük sevgisindən, etimadından təsirlənmişdi. Xalqımız Prezidentin "dəmir yumruğ"u ətrafında birləşərək bir daha müdrik rəhbərə öz dəstəyini nümayiş etdirmək üçün seçkiyə gəlmişdi. Bunu elə Xankəndidə seçki bülletinini qutuya atmaqla separatizmin tabutuna son mismar vuran dövlət başçımızın xalqımıza, xalqımızın öz rəhbərinə  verdiyi dəyər kimi qiymətləndirmək olar.

2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə  xalqına  verdiyi hər vədini yerinə yetirən möhtərəm Prezidentimiz həmişə olduğuğu kimi, yenə də Azərbaycan xalqını əmin etdi ki, qədirbilən xalqına ləyaqətlə xidmət etməkdə davam edəcək. Xalqın sosial-rifahının daha da yaxşılaşdırılması istiqamətində bir sıra ilklərə imza atacaq: “Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək”. Bu isə o deməkdir ki, bundan sonra da ölkəmizdə  xalq-iqtidar tandemi xarüqələr yaradacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”