17 fevral 2024 00:11
371

Bələdçisi qarğa olanın burnu həmişə zibillikdə olar

Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edən Qənimət Zahid və Arif Şahmarlı kimi satqın avantüristlərin sosial şəbəkələrdəki azğınlığının yalnız bir adı var-Vətənə xəyanət

Fransada sığınacaq taparaq oralardakı ermənipərəsət ağalarının sifarişi və pulları ilə “Azərbaycan saatı” adlı internet tv-də Azərbaycanın əleyhinə mənəviyyatsızcasına “qara piar”kampaniyası aparan Qənimət Zahid bu günlərdə əsl simasını (simasızlığını) bir daha ortaya qoydu. Doğrusunu deyək ki, əslində jurnalistika ilə məşğul olduğu bütün dövrlərdə xidmət etdiyi məkrli dailərin sayəsində komfort şəraitində yaşayan, “Araz aşığımdan, Kür topuğumdan” fəlsəfəsi ilə cəh-cəlal içində kef edən, yağ içində böyrək kimi bəslənən Q.Zahid son zamanlar sosial şəbəkələrdəki çıxışları, absurd monoloqları, ölkəmizin beynəlxalq imicinə ləkə yaxmağa hesablanmış şər-böhtanları bizləri, bütövlükdə bütün toplumu narahat etməyə bilməz.

“YouTube” və “Facebook”dakı çıxışları, eləcə də ikiüzlülüyü, riyakarlığı ilə özünü ifşa edən, tamamilə mənəvi-əxlaqi deqradasiyaya uğrayan Q.Zahidin və “keçmiş səfir” Arif Şahmarlının ölkə başçısının fevralın 14-də andiçmə mərasimindəki çıxışı ilə bağlı səsləndirdikləri məntiqsiz, əsassız iddialar yuxarıda dediklərimizi bir daha təsdiq etdi. Dediklərimiz isə ondan ibarətdir ki, milli maraqlara qənim kəsilən Qənimət Zahid ermənipərəst dairələrdən aldığı tezis və direktivlər əsasında fəaliyyət göstərir. Bu, birmənalıdır. Hamımız yaxşı bilirik ki, qatı ermənipərəst mövqeyi ilə tanınan Fransa kimi bir ölkədə texniki vasitələrinin alınması üçün böyük maliyyə vəsaiti tələb edən internet televiziyası yaratmaq çox çətin və müşkül məsələdir. Belə olan halda Q.Zahidin Fransaya çatar-çatmaz, çox qısa müddətdə bahalı internet tv yaratması haqlı olaraq suallar doğurur. Bütün bunlar özü də onun fəaliyyəti barədə təsəvvür yaratmırmı?

Təbii ki, Q. Zahidə bu sahədə kömək edən məkrli dairələr, necə deyərlər, “gizli əllər” onun fəaliyyətini də istiqamətləndirir, daha doğrusu idarə edir. Belə olmasaydı bu zat özü kimi xəyanətkar Arif Şahmarlı ilə səs-səsə verərək, xorla ölkə başçısının andiçmə mərasimindəki çıxışında türk dünyası, İslam Əməkdaşlıq Təşkilatı ilə bağlı söylədiyi fikirlərə, yeni dövrdə ərazi bütövlüyü, severenliyini tamamilə təmin edən Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı vurğulanan prioritetlərə, sifarişlə, həyasızcasına qara yaxmazdı.

Əslində ermənipərəst dairələrin sifarişlərini canla-başla yerinə yetirən Q.Zahid də, özünü “keçmiş diplomat” kimi təqdim edən A. Şahmarlı da özləri də yaxşı bilirlər ki, qırx dörd günlük müharibədəki qələbəsi ilə regionda yeni reallıqlar yaradan türk dünyasının, eləcə də Cənubi Qafqazın mühüm əhəmiyyətli ölkəsi olan Azərbaycan bu gün “qitələrarası körpü” rolunu oynayır.

Bu mənada Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin sədri, professor Mehmet Seyfəddin Ərolun bütün bunlarla bağlı açıqlaması diqqəti çəkir. M.S.Ərolbildirir ki, beynəlxalq münasibətlərin yenidən inşası prosesində xüsusilə yeni güc mərkəzlərinin gələcəyini təyinetmə potensialı olan bölgələrin irəli çıxması Qafqazda və Mərkəzi Asiyada da dəyişikliklərin, transformasiyaların olmasını qaçılmaz edir. Ona görə də cənab İlham Əliyevin öz nitqində türk dünyası barədə vurğuladığı məqamlar qarşımızda bizi gözləyən proseslərin çox açıq şəkildə oxunduğunu göstərir: “Dəyişən geosiyasi vəziyyətdə qardaş Azərbaycanın üzərinə götürdüyü məsuliyyət və oynayacağı rol həyati əhəmiyyət daşıyır. Qarabağda qazanılan qələbədən sonra yeni mərhələ başladı. Cənubi Qafqazda formalaşacaq yeni düzən başlayan mərhələnin də taleyini müəyyənləşdirəcək. Azərbaycan Çindən başlayan, Mərkəzi Asiyadan və Xəzərdən Cənubi Qafqaza, oradan Türkiyə və Avropaya uzanan “Bir kəmər, bir yol” layihəsinin gerçəkləşdirilməsi, eyni zamanda qədim İpək Yolunun yenidən canlandırılması istiqamətində yalnız enerji sahəsində deyil, həm də dəhliz siyasəti və marşrutların təhlükəsizliyi məsələsində kritik ölkə mövqeyindədir. Cənab İlham Əliyev də yeni müharibədən çıxmış ölkənin Ali Baş Komandanı və prosesləri oxuya bilən təcrübəli siyasətçi kimi vacib məqamları qardaş ölkələrimizin də nəzərinə çatdırmağı özünə borc bilib”.

İndi əsl gerçəkləri anladınmı, Q.Zahid? Şair demişkən, sən haradan anlayasan ey özündənbixəbər qafil?  Təbii ki, ermənipərəst dairələrin qrantları ilə erməni lobbisinin mütəşəkkil surətdə fəaliyyət göstərdiyi Fransadan ölkəmizə dil uzadan, Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edən Q.Zahid və A. Şahmarlı kimi satqın avantüristlərin sosial şəbəkələrdəki azğınlığının yalnız bir adı var-Vətənə xəyanət. Erməni lobbisinin əlaltıları ilə sarmaş-dolaş olan bu mənəviyyatsız, mağara təfəkkürlü marginalların, necə deyərlər, qiblələri, dini-imanları, pul kisələri, sifarişçi və bələdçiləri də məhz həmin dairələrdir. O bələdçiləri isə xalqımız çox yaxşı tanıyır. Atalar yaxşı deyib ki, bələdçisi qarğa olanın dimdiyi həmişə zibillikdə olar.

Zahid Rza, “İki sahil”