16 fevral 2024 23:31
349

Uğurlarımızın qarantına çevrilən Lider

Azərbaycan üçün artıq yeni bir dövr başlayır. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər seçkisindəki Qələbədən sonra ölkənin ictimai-siyasi, sosial-mədəni həyatı üçün yeni hədəflər müəyyənləşdirilib. Bildiyiniz kimi, cənab İlham Əliyev prezident seçkilərində 92,12 faiz səslə yenidən Prezident seçildi. Zəfərimizin, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin müəllifi olan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalq qalib Liderinə səs verməklə bir daha təsdiqlədi ki, Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində yeni dövr üzrə müəyyənləşdirilən hədəfləri mesaj verdi. “Seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz” deyən Prezident bildirdi ki, iyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir.

Yerigəlmişkən cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndə xalqı əmin etmişdi ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir. Bəli, bu illər uğurlarla, qələbələrlə dolu illər olmuşdur. Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərizində ölkəmizin qazandığı uğurlar hər bir vətəndaşın diqqətindədir. Dövlətimizin başçısı Prezidentlik fəaliyyətinin 20 illiyi dövründə verilən hər bir vəd, qarşıya qoyulan vəzifələr yerinə yetirildi. Ötən 20 illik tariximiz Azərbaycanın böyük bir salnaməsini yaratmış, güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan dövlət kimi öz imicini təsdiqləmişdir. Dövlət siyasətinin müasir modelini yaradan Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik məharəti, milli maraqlara əsaslanan daxili və xarici siyasəti bütün sferalarda yüksək nailiyyətlərlə müşayiət olunur.

Ölkəmizin siyasi, iqtisadi, sosial mənzərəsi göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləyib. Bir sözlə, 2003-cü ilin oktyabrından cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət məhz milli dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin Azərbaycana xidmət fəlsəfəsinin və mahir idarəçilik üslubunun məntiqi nəticəsi olaraq bu gun ölkəmizdə bərqərar olan sabitlik, təhlükəsizlik və vətəndaş həmrəyliyi davamlı, dönməz xarakter almışdır. Milliyyətindən, dilindən, irqindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, hər bir insanın öz həyati tələbatlarının təmin olunmasına səfərbər olunmuş bu münbit mühit, eyni zamanda, demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin qarantı kimi çıxış edir. Bu ictimai harmoniya mürəkkəb coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan ölkə imicini möhkəmləndirmiş, milli maraqların təminatında yeni mərhələnin əsasını qoymuşdur.

2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Bu Qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldu və öz adını da tarixə əbədi yazdı. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada qalib dövlət, qalib xalq kimi tanındıq.

Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı layihələri ilə sözünü deyir. Dövlət başçımız Şuşa, Qubadlı, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl və işğaldan azad edilmiş digər rayonlarda olarkən yeni layihələrin həyata keçirildiyini hər kəs gördü. İşğaldan azad edilmiş bütün şəhər və rayonların Baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığı uğurla icra olunur. Təbii ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Cənab Prezident görülən işlərin sürətlə aparılmasının tarixdə görünməmiş bir hadisə olduğunu bildirib: “Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”.

Bir sözlə, cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində ölkənin daha hərtərəfli inkişafının, xüsusən də iqtisadi və sosial rifah kontekstində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Cənab İlham Əliyev andiçmə mərasimində bir sıra mühüm məqamlara toxundu, o cümlədən dövlət başçısının “Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır” sözləri bir müəllim kimi məni çox qürurlandırdı. Yaşasın Prezidetimiz!

Bəhram Şiriyev,
Əməkdar müəllim