17 fevral 2024 02:57
434

Makron süni regional və qlobal münaqişələr üçün səhnələr qurur

Azərbaycan Fransanın islamofobiya və neokoloni kimi bəşəri dəyərlərə zidd amillər ilə mübarizəsini bundan sonra da davam etdirəcək

Müasir fransız cəmiyyətinə süni şəkildə təlqin edilən “bərabərlik”, “qardaşlıq”, “dünyəvilik” şüarlarına arxalanaraq ölkədə irqi və dini azlıqların problemlərinə məhəl qoyulmaması, daxili siyasətdə onlara qarşı ayrı-seçkilik, seqreqasiya və təcridetmə, xarici siyasətdə isə “Şərq xristianlarının müdafiəsi” bəhanəsi ilə müsəlman çoxluqların yaşadığı ölkələrin hədəfə alınması əslində məhz tarixi müstəmləkəçilik və neokolonializm siyasətinin təzahürləridir. Fransız müstəmləkəçilərin əsrlər boyu davam edən və yeni dövrün tarixinə qədər uzanmaqla müsəlman ölkələri və müsəlmanlara qarşı törətdiyi cinayətlərin miqyası həddindən artıq böyükdür. Fransa dünyanın müxtəlif regionlarında – Amerika, Afrika, Asiya qitələrində, Okeaniya bölgəsində 50-dən artıq dövlətin ərazisini işğal, sərvətlərini talan edib, xalqlarını uzun illər əsarətdə saxlayıb, milyonlarla insanı qətlə yetirib və kölə halına salıb, insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də nüvə sınaqları həyata keçirməklə Əlcəzairin müsəlman əhalisinin sağlamlığına ciddi ziyan vurub, müharibə cinayətləri törədib. Fransa yerli müsəlmanların taleyini idarə edib, imperiya daxilində yerli iqtisadiyyatları Fransa iqtisadiyyatının inkişafı üçün istismar edib.

Müasir Fransa siyasi və ictimai diskursunda müsəlman və qaradərili əhaliyə münasibətdə supremasist və irqçi meyillər getdikcə artmaqdadır. Dünyəvilik və İslam mövzusunda çıxışlarının birində Fransa Prezidenti Emmanuel Makronun “İslam dini hazırda bütün dünyada böhran yaşayır”, “Fransada İslamı xarici təsirdən azad etmək lazımdır” kimi bəyanatları heç də təsadüfi deyil. 2021-ci ildə Fransada bir çoxları tərəfindən irqçi və anti-İslam kimi səciyyələndirilən hakim partiyanın təşəbbüsü ilə irəli sürülmüş “İslam separatçılığı qanunu” qəbul edilib. 2022-ci il noyabrın 3-də Milli Assambleyanın Afrika əsilli deputatı Karlos Martens Bilonqonun ölkəyə üz tutan miqrantların vəziyyətinə dair çıxışı zamanı sağçı deputatlardan biri onun ünvanına “Qoy Afrikaya getsin” çağırışı etdi. Bu hadisələr nəinki Fransada, bütün dünyada ikrah hissləri doğurdu və geniş tənqid olundu. Dünyanın real siyasi mənzərəsi üzərində söz sahibi ola bilməyən Makron süni regional və qlobal münaqişələr üçün səhnələr qurur, müzakirələr təşkil edir. Hətta “boyundan yuxarı tullanaraq”, Ermənistanı silahlandıraraq yeni müharibəyə təhrik edir. Fransanın anti-Azərbaycan siyasətinin bir səbəbi də buradan qaynaqlanır - Azərbaycan daim dünyada artan neokolonizm meyillərinə qarşı çıxışlar edir, bəzi ölkələrin əsarətində qalmış müstəmləkələrin öz azadlıqlarına qovuşması uğrunda səyləri birləşdirir, tarixə ədalət prizmasından qiymət verir. Azərbaycanın bütün məsələlərə yanaşması qəti və birmənalıdır - ədalət, beynəlxalq hüquq, ləyaqət prinsipləri hər zaman ön planda çıxış edir.

“Dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq”. Bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib. Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyimizi göstərdiyimizi və göstərəcəyimizi bildirən dövlət başçısı vurğulayıb: “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar”. Prezident İlham Əliyevin sözügedən açıqlaması nəinki Fransaya, Azərbaycana qarşı neokolonializm siyasəti yürütməyə çalışan bütün qüvvələrə verilən bir mesajdır. Ölkə başçısı dəfələrlə bu istiqamətdə ölkəmizin kimsədən çəkinməyəcəyi və haqlı davasını bütün platformalarda davam etdirəcəyini vurğulayıb. İslamofobiya və neokolonializm siyasəti Azərbaycanın maraqlarına toxunduğuna görə, bu sahədə hansısa bir boşluq diqqətdən kənarda qalmamalıdır.

Məlumdur ki, bu gün Fransada nəinki islamofobiya, hətta Azərbaycanofobiya meyilləri güclənib. Qoşulmama Hərəkatına rəhbərlik etdiyi 4 il müddətində Azərbaycan bu sahədə çox böyük işlər gördü. Xüsusən də Fransanın neokolonializm siyasəti ciddi şəkildə tənqid olundu. Artıq bir neçə Afrika ölkəsi neokolonializm siyasətindən xilas olub. Ötən il Azərbaycan təhlükəsizlik orqanları tərəfindən bir neçə Fransa kəşfiyyatçısının ifşa olunması ciddi uğurdur. Bu səmərəli işin sayəsində Fransa xüsusi xidmət orqanlarına, onların buradakı şəbəkəsinə ağır zərbə vuruldu. Onlar təkcə Azərbaycanda yox, Gürcüstanda, Moldovada ifşa edildilər. Hətta onların Qərbi Afrikadakı agentura şəbəkəsi də ifşa olundu. Bir sözlə, Azərbaycanın səyləri sayəsində Fransa çox ağır zərbə aldı. O üzdən, Paris ölkəmizə qarşı getdikcə daha çox qərəzli və aqressiv mövqedən çıxış edir. İmkan düşən kimi, müxtəlif platformalarda Azərbaycanı hədəf alır, qərəzli bəyanatlar səsləndirir. Elə bunun nəticəsidir ki, Fransa jandarmeriyasının generalı Ermənistan sərhədindən bizə binoklla baxmağa məcbur olur. Azərbaycanın apardığı siyasət nəticəsində Fransanın Burkina Fasoda 4 agenti ifşa olundu və ölkədən çıxarıldı. Artıq bir neçə ölkədə də Fransanın müstəmləkə siyasətinə qarşı proses başlayıb. Fransanın rezidentləri ifşa edilərək ölkələrdən çıxarılır. Bu işdə də başlıca rolu Azərbaycan dövlətinin Fransanın neokolonializminə qarşı apardığı uğurlu siyasət oynayır.

Sevinc Azadi, “İki sahil”