16 fevral 2024 22:56
375

Bizim ailəmiz Türk dünyasıdır - ŞƏRH

Böyük hərbi potensial, güclü iqtisadiyyat, təbii sərvətlər, nəqliyyat yolları, gənc, artan əhali və bir soydan, kökdən olan xalqların birliyi  - Türk Dövlətləri Təşkilatı

Andiçmə mərasimində "Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amillərdir" söyləyən Prezident İlham Əliyev bəzi  ölkələr qrupunun  beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyini, başqalarının adından danışmaq niyyətlərini yolverilməz,  təvazökarlıqdan uzaq  cəhdlər adlandırıb

Beynəlxalq aləmdə mövqeyi möhkəmlənən, müxtəlif ölkələrdə  diplomatik korpuslarının sayını artıran, dövlətlərarası qarşılıqlı münasibətlərə  hörmətlə yanaşan  Azərbaycanın ikitərəfli  və çoxtərəfli  xarici siyasəti prinsipiallığı ilə seçilir.  Rəsmi Bakı etibarlı tərəfdaş kimi tanınır. Xoş niyyət , səmimi əlaqələr əsasında inkişaf edən  ölkəmizin  BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilməsi, Qoşulmama Hərəkatına, Türkdilli  Dövlətlərin  Əməkdaşlıq Şurasına  ( indiki Türk Dövlətləri Təşkilatı)  uğurlu sədrlikləri Azərbaycanın diplomatiya tarixinin yaddaşlarda qalan səhifələrindəndir.

Tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma

Bir məqamı xatırlyayaq. Dünyanın diqqətlə izlədiyi və beynəlxalq aləmdə  müzakirə  mövzusuna çevrildiyi  ABŞ Silahlı Qüvvələri Qərargahının rəsmi nümayəndələri ilə  Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin   görüşlərinin Bakıda keçirilməsi ölkəmizin  diplomatiyada özünü doğruldan siyasətinin nəticəsi idi. Dünya dövlətləri ilə beynəlxalq əlaqələrini «Xarici siyasətlə bağlı təşəbbüslərimiz, eyni zamanda, bizim iqtisadi imkanlarımızı da artırır. Çünki hazırda Azərbaycanın iqtisadi inkişafı, o cümlədən xaricə qoyulan investisiyaları ilə də bağlı olacaqdır. Belə olan halda dünyada nə qədər çox dostlarımız olsa, bizim iqtisadi inkişafımız o qədər də uğurlu olacaqdır» bu sözləri əsasında  formalaşdıran, təkmilləşdirən Prezident İlham Əliyevin əsas tələbi    daxili siyasətin məntiqi davamı olan  xarici  siyasətimizin milli maraqlar əsasında  qurulmasıdır:  «Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq.» Ölkəmizin dünyada sivilizasiyalararası körpü rolunu oynaması, multikultural dəyərlərə sadiq dövlət kimi tanınması, qlobal problemlərin, mühüm hadisələrinin  müzakirə olunduğu masalarda , danışıqlarda söz sahibliyini prinsipiallığı, ədəalətli mövqeyi ilə  təsdiqləməsi  Prezident İlham Əliyevin özünü doğruldan və dəstəklənən diplomatik səylərinin, zamanın çağırışı olan «Tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma» siyasətinin  təsdiqidir.

Hücum taktikası, dərin zəka, zəngin dövlətçilik təcrübəsi

Müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirən,  siyasətin şahmat taxtasında həmişə ağ fiqurlarla oynayan Prezident İlham Əliyevin dərin zəkası,  zəngin dövlətçilik təcrübəsi ilə  rəqiblərini «mat» qarşısında  qoyduğu məqamlar çox olub. Təlimatlandırılmış ermənipərəst xarici KİV-lərə müsahibələrində  daha çox müşahidə olunan  qətiyyətlilik və təmkinlilik, hadisələri düzgün təhlil edib məntiqli cavabları ilə qarşı tərəfi « tərksilah», susmağa məcbur edən, arqumentləri ilə  təəccübləndirən Prezident İlham Əliyevin qətiyyəti  ölkəmizin xarici siyasət kursunun da əsasını da təşkil edir.  Mahir diplomat və dövlət xadimi,  yüksək intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyevin  münasibətləri uzlaşmayan, müxtəlif qütblü tərəflər arasındakı gərginliyi «yumşaltmaq» təcrübəsi xarici siyasətimizin humanizm prinsipləri əsasında qurulduğunu da göstərir.

Ölkəmizin xarici siyasətini enerji təhlükəsizliyinin dövlətlərin milli təhlükəsizlik strategiyası ilə eyniləşdirildiyi hazırkı  dövr üçün xarakterik olan «Müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək» prinsipləri əsasında  inkişaf etdirən Prezident İlham Əliyevin  enerji diplomatiyasının ən uğurlu  layihəsi Cənub Qaz Dəhlizinin başa çatdırılması, dünyanın nəqliyyat xəritəsinə yeniliklər gətirən Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsidir.

Mədəniyyətlərarası dialoq məkanına çevrilən, Dünya Dini Liderlərinin sammitlərinə, Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edən Azərbaycanın təşəbbüslərinin dəstəklənməsi xarici siyasətimizə beynəlxalq səviyydə göstərilən dəstək, etimaddır. Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlət olduğu kimi, humanist təşəbbüsləri  beynəxalq səviyyədə dəstəkləndi.  Cənab İlham Əliyevin təşəbbüsləri ilə Türkdilli Dövlətlər Təşkilatı, Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində COVİD-19 pandemiyasına qarşı milli, regional və qlobal  mübarizə üçün  video formatda keçirilən  Zirvə  görüşləri, BMT Baş Məclisinin xüsusi sessiyası bütün dünya dövlətləri tərəfindən dəstəkləndi.  Azərbaycan beynəlxalq müstəvidə «peyvənd millətçiliyi»”nə qarşı prinsipial mövqe ortaya qoydu. Koronavirusla mübarizəyə dəstək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımlar göstərdi.

Xalqımızın monolit birliyi və Prezidentinə sonsuz inamının ifadəsi

Artıq tarixin arxivinə atılmış  Qarabağ  münaqişəsinin  Azərbaycanın Zəfəri ilə başa çatması, Şuşada, Xankəndidə,  işğaldan azad edilmiş bütün ərazilərimizdə  Azərbaycanın Dövlət Bayrağının dalğalanması  xarici siyasətimizin,  iqtidar- ordu-xalq  birliyinin Qələbəsi  kimi tarixə yazıldı. Prezident İlham Əliyev  Ali Baş Komandan kimi sərkərdəlik vəzifəsini də yerinə yetirərək ərazi bütövlüyümüzü,  suverenliyimizi  təmin etdi. Daşnakların iki əsrə yaxın  sərsəmlədikləri «miatsum» ideologiyasını, erməni faşizmini kökündən  məhv etdi.  Qərbin mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müdafiə Kollecinin (National War College), Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikasının yüksək qiymətləndirilməsi, öyrənilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin  güclü iradəsinin, qətiyyətinin, yenilməz ordumuzun  rəşadətinin,  xalqımızın monolit birliyinin və Prezidentinə sonsuz inamının ifadəsi idi.

 İkinci Qarabağ müharibəsində qazandığımız Qələbədən sonra da beynəlxalq səviyyəli görüşlərdə, danışıqlar masalarında keçirilən üç tərəfli görüşlərdə qətiyyəti ilə Ermənistanın baş naziri Nikol Paşinyanı rəzil vəziyyətinə salan,  qəbul olunan sənədlərdə «Dağlıq Qarabağ» ifadəsinin bir predmet kimi işlədilməsinin  qarşısını alan Prezident İlham Əliyevin 2020-ci ili noyabrın 10  imzalanan üçtərəfli Bəyanatda qeyd olunan  kommunikasiyaların açılması ilə bağlı  səyləri də uğurlu diplomatik  addımlardandır.
 Fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərini  izləyən  çoxsaylı müşahidəçilərin bəyanatlarında   Azərbaycanda həyata keçirilən demokratik islahatlar barədəki  xoş sözlər, dövlət başçımızın ünvanına gələn təbrik teleqramları Prezident İlham Əliyevə, özünü doğruldan   xarici siyasətimizə də hörmət və etimadın ifadəsidir.

AŞPA-nın Azərbaycana ehtiyacı var

 Çox təəssüf ki, qazanılan bu uğurlara  kölgə salmaq, Azərbaycana qara yaxmaq kampaniyası, ermənipərst dairələrin ölkəmizə əsassız təziyqləri davam edir. Avropa Şurasının Azərbaycan əleyhinə apardığı təxribat kampaniyası, Avropa İttifaqının Ermənistandakı «mavi jiletli» Monitorinq Missiyası təmsilçilərinin «binokl diplomatiyası» beynəlxalq hüquq normaları və dövlətlərarası qarşılıqlı hörmət , etimad, biri-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında  formalaşan  Azərbaycanın xarici siyasəti ilə müqayisədə   əsassız cəhdlərdir.  AŞPA-nın qış sessiyasında ölkəmizə  qərəzli münasibəti  artıq beynəlxalq aləmdə də etirazla qarşılanıb. Türkiyə Böyük Millət Məclisinin AŞPA-dakı nümayəndəsi Zeynep Yıldızın qurumun qış sessiyasında söylədiyi kimi,  AŞPA-nın müxtəlif münaqişələri həll edib yoluna qoymağı bacaran dünyəvi təşkilat ola bilməsi üçün Azərbaycana ehtiyacı var.

Prezident İlham Əliyevə ünvanlanan  təbriklər sırasında ATƏT-in Baş katibi Helqa Maria Şmidin, Avropa İttifaqı Şurasının Prezidenti  Şarl Mişelin, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun olması Azərbaycanın, onun Liderinin Avropada yüksək nüfuz qazanmasından xəbər verir.

Azərbaycanın özünü bütün dünyaya tanıtması üçün nəhəng layihə - COP29

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbin müsahibəsində Birləşmiş Ştatların  ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini,  Azərbaycanın  COP29-a ev sahibliyi etməsini dəstəklədiyini bildirməsi, «Bizim üçün fərqi yoxdur ki, Ermənistan ilə Azərbaycan arasında sülhün əldə edilməsində vasitəçi rolunu kim oynayacaq, əsas odur ki, sülh olsun. Bu vasitəçi Rusiya da ola bilər, ABŞ da, bizim üçün fərqi yoxdur" söyləməsi,  ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıdığın vurğulaması,  rəsmi Bakı ilə  bərpaolunan enerji sahəsində əməkdaşlığa xüsusi önəm verməsini  xaiırlatması ölkəmizin enerji sahəsində şaxələndirmə siyasətinə verilən qiymətdir. COP29-un Azərbaycanın özünü bütün dünyaya tanıtması üçün nəhəng bir layihə olduğunu vurğulayan diplomatın müsahibəsində yer alan  «Təbii ki, logistik məsələlər də diqqət mərkəzində olmalıdır. Həmçinin diplomatik məsələlər də var. Azərbaycan tədbiri elə təşkil etməlidir ki, heç bir dövlət kənarda qalmasın. Amma Azərbaycanın bu cür tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə heç bir şübhəm yoxdur. COP29 Azərbaycanın öz liderlik xüsusiyyətlərini göstərmək fürsətidir. ABŞ olaraq bizim enerji sahəsinə böyük marağımız var. ABŞ-ın xarici siyasəti barədə onu deyə bilərəm ki, bizim Avropa ilə əməkdaşlığımız hər zaman prioritet məsələ olacaq”» sözləri dünya birliyində  dəstəklənən  Azərbaycanın xarici siyast kursunun uğurlarının etirafıdır.

7 fevralda  keçirilən növbədənkənar prezident seçkilərinin  qalib olan, fevralın 14- də  andiçmə mərasimində ölkədə sabitliyin, iqtisadi yüksəlişin və inkişafın təşviqi üçün   daha geniş imkanların yaradılacağını, modernləşmə və infrastrukturun inkişafı istiqamətində səylərin intensivləşdiriləcəyini  bildirən cənab İlham Əliyev  beynəlxalq əlaqələrin və əməkdaşlığın genişləndiriləcəyini də vurğuladı.   ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqe nümayiş etdirənlərə, daxili işlərimizə müdaxilələr də layiqli cavab veriləcəyi xəbərdarlığını  çatdırdı.

Hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz

 Andiçmə mərasimində "Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır" söyləyən Prezident İlham Əliyev   hansısa ölkələrin, yaxud da ki, ölkələr qrupunun  beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyini, başqalarının adından danışmaq cəhdlərini yolverilməz adlandırıb: «Birincisi, bu, təvazökarlıqdan uzaq olan məsələdir. Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz. Beynəlxalq ictimaiyyət isə bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət bizi dəstəkləmişdir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu hesab edirəm ki, heç kimə sirr deyil."  Eyni zamanda, vurğulandı  ki, Azərbaycan diplomatik missiyasını daha geniş mənada Türk Dövlətləri Təşkilatı çərçivəsində  davam etdirəcək.  

Bizim ailəmiz Türk dünyasıdır

Cənab İlham Əliyev «Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir» sözləri ilə böyük coğrafiyanı əhatə edən TDT-ni böyük hərbi potensial, güclü  iqtisadiyyat, təbii sərvətlər, nəqliyyat yolları, gənc , artan əhali baxımından və bir soydan, kökdən olan xalqların birliyi kimi xarakterizə edib. Hər zaman Azərbaycanın yanında olan, xarici siyasətimizdə özünəməxsus yeri ilə seçilən  İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verib. Qarşıdakı illərdə  xarici siyasət istiqamətində yeni üfüqlərin açılması zərurini diqqətə çatdıran, «Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədardır» söyləyən Prezident İlham Əliyev bildirib ki,   Azərbaycan COP29-a ev sahibliyi müddətində bəzi qüvvələr tərəfindən dəstəklənən  islamofobiyaya qarşı mübarizədə də ön sıralarda olacaq, fəallığını artıracaq, əvvəl olduğu kimi,  yenə neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olacaq: «Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.»

Xuraman İsmayılqızı, "İki sahil"