16 fevral 2024 00:34
430

Dolu pul kisəsi axmağı tez danışdırar

Öz liderinə xəyanət edən Əli Kərimlidən nə desən gözləmək olar

Hamımız yaxşı bilirik ki, bütün dünyada son onilliklərdə təxminən eyni mərkəzlərdən idarə olunan xaotik, anlaşılmaz qanlı olay və proseslər baş alıb gedir. Yəni, belə demək mümkünsə, bu gün planetimiz təlatümlü dənizi xatırladır. Dünyada gedən qızğın proseslər isə bu dənizdə böyük fırtınalar və dağıntılar yaradan qasırğaya bənzəyir. Qlobal istiləşmə, quraqlıq, daşqınlar bəşəriyyəti aclıq, yoxsulluq kimi humanitar fəlakət təhlükəsi ilə üz-üzə qoyub. Bütün bunların fonunda Prezident İlham Əliyev uzaqgörən siyasəti, qeyri-adi əzmkarlığı, iradəsi, dərin zəkası və mahir diplomatiyası ilə Azərbaycan adlı gəmini bu təlatümlü dənizdən peşəkarcasına, necə deyərlər, sakit “okeana” çıxarmağı bacarıb.

Bu, bir gerçəklikdir ki, Azərbaycanın tarixi Zəfəri ilə bitən İkinci Qarabağ müharibəsi regionda yeni reallıqlar yaradıb. Məhz bu reallıqların fonunda bu gün respublikamız təkcə regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Həmçinin dünyada gedən proseslərə yeni baxışın praktiki cəhətdən reallaşdırılmasının nəticəsidir ki, ölkəmiz hətta üzv olmadığı beynəlxalq qurumlarda belə öz sözünü deyə bilir.

Ən əsası isə odur ki, 7 fevral prezident seçkiləri ilə yeni dövrə başlayan, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan qarşıdakı illər üçün yeni hədəflərini müəyyənləşdirdi. Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki çıxışında yeni dövrün hədəf və prioritetlərini, eləcə də yeni dünya nizamında ölkəmizin yerini, mövqeyini elan etdi.

Təbii ki, Azərbaycanın bütün bu uğurları Ermənistanı, onun havadarlarını və ölkəmizdəki radikal müxalifəti çox narahat edir, necə deyərlər, onların kürkünə birə salır. “Sosial media kütlə psixologiyasını idarə etməyin ən rahat yoludur”- deyə düşünən bəzi məkrli qüvvələr, anti-Azərbaycan dairələr öz yalan və saxta məlumatları ilə cəmiyyəti çasdırmaq, respublikamızın beynəlxalq imicinə, eləcə də milli maraqlarına zərbə vurmaq məqsədilə çirkli pulları ilə bəslədikləri antimilli qüvvələrdən daha çox istifadə edirlər. Başda AXCP sədri Əli Kərimli olmaqla ölkədəki radikal müxalifət təmsilçiləri və xaricdəki məlum “siyasi mühacir” qaragüruhu sosial medianın informasiya məkanındakı üstünlüklərindən istifadə edərək internet tv-lərdə, “YouTube”da, “Facebook”da və s. ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasının rəngini daha da tündləşdiriblər.

Ölkəmizin əleyhinə həyasızcasına aparılan qərəzli kampaniyanın əsas fiqurlarından olan Ə.Kərimli öz əsassız iddiaları, hədyanları ilə diqqəti daha çox çəkir. Belə ki, erməni lobbisinin təsiri altında olan fondlardan aldıqları çirkli pulların müqabilində bu həşəmətli “bəy” demək olar ki, dil-qəfəsə qoymur. Məsələnin mahiyyəti ilə bağlı bir epizoda diqqət edək. Belə ki, Ə.Kərimli özünün sosial şəbəkə hesabında yazır: “Xalqımızın qurtuluş şansı doğrudanmı qaldı bir də 7 ildən sonraya deyənlərə cavab vermək istəyirəm ki, məgər bu hakimiyyət iqtidara seçki yolu ilə gəlib? Məgər onlar doğrudanmı xalqın səsi ilə hakimiyyətə gəlib, xalqın səsi ilə hakimiyyətdə qalıblar ki, Azərbaycanda da hakimiyyətin dəyişməsi seçki qrafikinə bağlanmış olsun. Ona görə 7 ildən sonraya qaldı deyənlər bu prosesə ya sadəlövh yanaşırlar, ya da məqsədli şəkildə pessimizm yaradırlar”.

Vay, vay vay... Açıq-aşkar görünür ki, siyasi bioqrafiyası yalanlarla, xəyanətlərlə dolu olan Ə.Kərimli erməni lobbisinin dili ilə danışır. Belə bir müdrik söz var: “Dolu pul kisəsi axmağı tez danışdırar”. Anti-Azərbaycan dairələrin sifarişi ilə, eləcə də öz acizliyini və gücsüzlüyünü anlayaraq seçkiləri “boykot” edən, şəxsi ambisiyalarının və hikkəsinin əsirinə çevrilən “cəbhəçilər”in “əbədi şefi” özü də yaxşı bilir ki, müdrik xalqımız ötən seçkilərdə olduğu kimi, milli və siyasi həmrəyliyimizin təntənəsi olan Zəfər seçkiləri günündə də ölkəmizin daha parlaq gələcəyi naminə öz yenilməz iradəsini növbəti dəfə dünyaya bəyan etdi. Prezident İlham Əliyev Azərbaycanın həyatında mühüm rola malik olan, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində xalqın 92,12 faiz səsini qazandı.

Bizcə dünyanın ən demokratik, demokratiyanın beşiyi sayılan ölkələrindən Prezidentimizə gələn təbrik məktubları Ə.Kərimlini dəli edib. O məktubların hamısında bildirilir ki, məhz bu seçkilərdən sonra da Azərbaycan inkişafa doğru daha sürətlə irəliləyəcək, ölkədə sosial və iqtisadi sabitlik dərinləşəcək, xalqınızın rifahı naminə yeni nailiyyətlər əldə ediləcək.

Nəhayət, hər kəsə bəllidir ki, AXC-Müsavat tandeminin birillik hakimiyyəti dövründə dövlət idarəçiliyində yüksək postda təmsil olunan Əli Kərimli həmişə bütün xəyanətlərdə və uğursuzluqlarda öz rolunu məharətlə oynayıb. Keçmiş dövlət başçısı, AXCP-nin mərhum sədri Əbülfəz Elçibəy də müsahibələrində bunu dəfələrlə vurğulamışdı. Ə.Elçibəy deyirdi ki, Ə.Kərimlinin bir əli mənim cibimdə, digər əli isə başqalarının cibindədir. Ə.Kərimli nəinki el malına, respublikanın var-dövlətinə xain gözlə baxmış, o, hətta ona çörək vermiş, vəzifə sahibi etmiş öz lideri Ə.Elçibəyə də xəyanət etmişdi. Hər şey ortadadır...

Zahid Rza, “İki sahil”