16 fevral 2024 01:14
402

Fransa neokolonializmi: Vəhşi, irqçi, müstəmləkəçi, quldar...

Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu dövlət istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə almağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub.

Fransanın bu neokolonizm siyasətinin hələ də davam etdirir. Məsələn, Korsikanın azadlıq mübarizəsi Fransa üçün artıq uzun illərdir ki, “baş ağrısına” çevrilib. Eyni zamanda, sərhədlərindən çox uzaqda yerləşən ərazilərə belə iddialarını davam etdirən rəsmi Paris müasir dövrdə müstəmləkə siyasəti yürütməsi ilə seçilir. Məsələn, Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası buna bariz misaldır. Xatırladaq ki, Mayot adası hazırda departament formasında Fransanın nəzarətində olan adadır. Mayot adası və onun ətraf bölgələrinə Qəmər Adaları İttifaqının haqlı iddiaları əsaslıdır - ada əhalisinin sayı 188 422 nəfərdir və etnik tərkib baxımından ada əhalisinin böyük əksəriyyəti qəmərlilərdir. Adada Afrika qitəsindən gələn şəxslər üstünlük təşkil edir. Həmçinin əhalinin 90 faizindən çoxu müsəlmanlardır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi isə Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanıyıb. Fransa isə beynəlxalq hüquqa hörmət göstərməyərək özünün müstəmləkəçilik siyasətindən əl çəkmir - Mayot Adası əsl sahiblərinə təhvil verilmir.

Bu günlərdə Fransa daxili işlər naziri Cerald Dermanen deyib ki, Mayot adasında doğulmuş miqrantların uşaqlarına Fransa vətəndaşlığı almaq imkanı milli qanunvericilikdən çıxarılacaq: "Biz Mayot adasında miqrantlara qarşı radikal bir qərar qəbul etmək niyyətindəyik. Fransız valideynlərin övladı olmasanız, fransız olmaq mümkün olmayacaq. Onun sözlərinə əsasən, yaxın vaxtlarda konstitusiyaya müvafiq dəyişiklik edilə bilər. Qeyd edək ki, əcnəbilərin Fransa ərazisində doğulan uşaqlarına ölkə vətəndaşlığı verilir, lakin bu qərar yalnız Mayot adasına qarşı tətbiq ediləcək.

Mayot adasında doğulmuş miqrantların uşaqlarına Fransa vətəndaşlığı almaq imkanı haqqında qərar ölkə daxilində qarışıqlıq yaradıb. Bəziləri sərt immiqrasiya siyasətini dəstəkləsə də, digərləri vətəndaşlığa daha əhatəli yanaşmanı müdafiə edib. Mayot adasında doğulan miqrantların vətəndaşlıq hüquqlarını ləğv etmək qərarı müstəmləkə tarixinin, miqrasiya siyasətinin və müasir siyasi reallıqların mürəkkəb kəsişmələrini özündə əks etdirir. Qəbul ediləcək qərar isə doğulduğu yerdən asılı olmayaraq bütün şəxslərin ləyaqətini və hüquqlarını müdafiə edən hüquqi sənəd olmalıdır.

Azərbaycan isə Fransanın müstəmləkəçilik siyasətini bütün platformalarda ifşa edir. 2023-cü il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Fransanın istismar etdiyi müstəmləkələrin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq üçün Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəlmiş və yekun bəyannamə qəbul edilmişdi.

Ötən il sentyabrın 22-də Nyu-York şəhərində yerləşən BMT-nin mənzil-qərargahında "Dekolonizasiya: Sakit İnqilab" adlı konfrans, ardınca oktyabrın əvvəllərində BMT Baş Assambleyasının Siyasi və dekolonizasiya məsələləri üzrə 4-cü komitəsində Bakı Təşəbbüs Qrupunun məruzəsinin dinlənilməsi və Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması baxımdan önəmli hadisələr oldu. Həmin ilin oktyabrında isə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçilərinin iştirakı ilə "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçirilib. Belə bir konfransın keçirilməsi  təsisatın artıq müstəqil qlobal subyekt kimi özünü doğrultduğunu göstərməklə bərabər, həm də qlobal miqyasda şər yuvasına çevrilmiş Fransa ilə onun başa düşdüyü dildə danışılmağa başlandığını göstərməkdədir.

Nigar Orucova, “İki sahil”