15 fevral 2024 17:06
325

Güclü iqtisadiyyat, Lider qətiyyəti, xalqın inamı

Son 20 ildə ölkəmizdə qazanılan uğurların təməl prinsiplərini təşkil edən bu amillər  daha mühüm hədəflərə çatmaq üçün yol xəritəsidir  

2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində  xalqın yüksək etimadını qazanaraq  Azərbaycana rəhbərliyə başlayan, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalacağını bildirən  cənab İlham Əliyev liderlik fəaliyyətini «Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz" prinsipi  əsasında təkmilləşdirdi. Liderlik kefiyyətləri ilə seçilən,   insanları ətrafına cəlb etməklə qüdrətli Azərbaycanı dünyada tanıdan cənab İlham Əliyev  Prezident kimi KİV-lərə ilk müsahibəsində jurnalistin « Sizcə  Sizi asan işlər gözləyir, yoxsa çətin» sualını əsl Liderə xas, xalqımızın milli ruhuna, zamanın tələblərinə  uyğun,   qətiyyətlə cavablandırdı  "Həm çətin, həm də asan. Asan o mənada ki,  artıq Azərbaycanda  ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində  Heydər Əliyevin siyasəti Azərbaycanda  çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində  gözəl binanın inşa  edilməsi asan görünə bilər.  Amma eyni zamanda  həyat yerində  durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə çətinliklər də olacaqdır."

Problemləri  xalqa arxalanaraq,  siyasi iradəsinə güvənərək   həll edən,    mövcud imkanlardan, daxili potensiallardan səmərəli istifadə etməklə  zamanın yeni çağırışlarını, hədəflərini  liderlik qətiyyəti ilə təhlil edib ən səmərəli variantın həllinə üstünlük verən Prezident İlham Əliyev   güclü , qüdrətli Azərbaycan naminə yorulmadan çalışdı və bu gün də  eyni qətiyyətinə sadiqdir.

"Mən həmişə  Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə  Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim" söyləyən  Prezident İlham Əliyev Liderlik fəaliyyətində xalq iradəsini  özü üçün fəaliyyət proqramı kimi dəyərləndirib. "Biz müstəqil ölkəyik, Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər… Bizim taleyimiz öz əlimizdədir" söyləyən cənab İlham Əliyev Azərbaycanı dünya siyasətinə  təsir imkanları artan ölkə  səviyyəsinə çatdırdı. 

Müasir dövlətçilik  tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan dünyanın iqtisadi sisteminə  dinamik inkişafı ilə seçilən ölkə kimi inteqrasiya etdi.  Dövlət başçımızın idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı.  Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində ətrafında birləşdiyi cənab İlham Əliyevə etimadını  təkrarladı.

Azərbaycanı sürətlə inkişaf etdirərək bölgədə lider dövlət  olaraq tanıtmaq kimi müqəddəs amal naminə  fədakarlıq göstərən  cənab İlham Əliyevin Liderliyi sayəsində  ölkəmiz dünya birliyində söz sahibliyi şansını qazandı. Prezident kimi  fəaliyyətə başladığı ilk gündən  Azərbaycanın ərazi bütövlüyünün bərpasını ümdə vəzifə kimi qarşısına qoyan  Prezident İlham Əliyev dövlətimizin  iqtisadi və hərbi gücü ilə  vədini yerinə yetirdi. XXI əsrdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin əsəri olan güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib.

 Prezidentin «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» Fərmanı ilə iqtisadi inkişaf konsepsiyamızın əsası qoyuldu.  Ölkənin hərtərəfli  inkişafına dair davamlı və sistemli  Dövlət Proqramları qəbul olundu  Respublikamızın sosial-iqtisadi inkişafının real dinamikası, strategiyası  dəqiqliklə müəyyənləşdirildi. Regionların sosial-iqtisadi inkişafı üzrə dörd Dövlət Proqramının həyata keçirilməsi ilə  bölgələrdə yeni iş yerləri, istehsal müəssisələri, sənaye obyektləri yaradıldı.   Aqrar sahənin inkişafına əngəl olan problemlər aradan qaldırıldı. Yeni yaradlan fermer təsərrüfatları kənd təsərrüfatı avadanlıqları, mal-qara ilə  təmin olundu. Torpaq əsl sahibinə  etibar edildi.

Hazırladığı neft strategiyası ilə Azərbaycanı dünyada tanıdan Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən olan «Əsrin müqaviləsi»nin imzalanması, coğrafiyasının genişləndirilməsi, Xəzərlə Qara dəniz və Aralıq dənizini birləşdirən enerji  layihələrinin şaxələndirilməsi, yeni  layihələrin hazırlanması  ilə  xarici investorların  Azərbaycana marağı,  Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft- qaz kəmərlərinin ardıcıllarının sayı artdı. «Ümid»”, «Babək»” və «Abşeron»” yataqlarının kəşfi ilə ölkəmizin tükənməz  qaz ehtiyatlarına sahib olması  təsdiqləndi. «Əsrin müqaviləsi»”nin  iyirminci  ildönümündə Səngəçalda Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu.  Prezident İlham Əliyevin dünyada möhkəmlənən nüfuzu sayəsində Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng «Azəri-Çıraq-Günəşli» neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsinin yeni dövrü başlandı.   Cənub Qaz Dəhlizinin bütün seqmentlərinin, sonuncu Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının  Avropaya ixracı reallaşdı. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin,  Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan regionun ən böyük ticarət və logistika, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzlərinə çevrildi. Son illərdə sürətlə dəyişilən geosiyasi reallıqlar, mürəkkəbləşən siyasi kataklizmlər, artan rəqabətlər  şəraitində ölkəmizin dünyanın  enerji və nəqliyyat layihələrinə  yeni nəfəs gətirməsi Prezident İlham Əliyevin  siyasi iradəsinin,  xarici siyasət strategiyasının, düzgün müəyyənləşdirilən enerji diplomatiyasının, xalqa verdiyi  vədlərin, uzaqgörən  siyasətinin məntiqi nəticəsi idi. Həyata keçirilən islahatların, reallaşan layihələri ilə   Cənubi Qafqazda böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik  Azərbaycan  eyni zamanda, sivilizasiyaların  birləşdiyi məkan kimi diqqət çəkdi. Orta Dəhliz layihəsinin aparıcı tərəflərindən biri kimi tanındı.

 Son 20 ildə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur.  Füzuli,  Zəngilan Beynəlxalq Hava limanlarından sonra hazırda inşası davam etdirilən Laçın   Hava Limanının istismara verilməsi ilə   sayı  doqquza  çatacaq hava nəqliyatımızın marşrutları da şaxələndiriləcək,

  Prezident İlham Əliyevin alternativi olmayan  Azərbaycanı «yaşıl enerji”» ölkəsinə çevirmək siyasəti dünya dövlətləri tərəfindən tam dəstəklənir,  tanınmış ölkələrin, investorların  alternativ enerji layihələrinə marağı artır.  Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması  ilə  ölkəmizin qitə dövlətləri ilə əməkdaşlığı daha da genişlənir.

«Güclü iqtisadiyyat ən önəmli şərtdir» söyləyən  Prezident İlham Əliyevin əsas tələbi, qarşıya qoyduğu vəzifə  iqtisadi və sosial islahatların paralel aparılmasıdır.  Azərbaycanda ümumi daxili məhsulun  3,6, dövlət büdcəsinin xərclərinin 30 dəfə artması bu siyasətin uğuru olmaqla ölkə  vətəndaşlarının sosial müdafiəsinin daha etibarlı təminatına yönəldilib. 20 ildə qeyri-neft sektoru üzrə ÜDM-nin 3,4 dəfə artması ölkədə yaranan sabit sərmayə mühitinin uğurudur. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın yüksələrək, 13.256 manat təşkil etmişdir. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində  «Made in Azerbaijan» adlı brendlərin, ekoloji təmiz  məhsulların ixrac coğrafiyasının genişləndirilməsi  özəl sektorun inkişafına  əlavə imkanlar yaratmışdır.  Görülmüş məqsədyönlü tədbirlər nəticəsində  qeyri-neft ixracı 8 dəfədən çox artmış, respublika üzrə 51 aqropark yaradılmışdır. Ümumi gücü 4 min MVt olan 71 yeni elektrik stansiyası istismara verilmiş, respublika üzrə  qazlaşdırma prosesi 96,3 faizə çatdırılmışdır.  Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi paytaxt sakinlərinə önəmli töhfə olmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində ümumi sututumu 500 milyon kubmetrə yaxın olan 8 iri su anbarı (o cümlədən Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş və ya təmir-bərpa edilmişdir. 

Ölkə iqtisadiyyatının inkişafı, vətəndaşların rahatlığı naminə  yol-nəqliyyat strukturlarının inşasına da diqqət artırılmışdır. 2003-cü ildən etibarən respublika ərazisində  20 min kilometrə yaxın avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilmişdir.  Xeyli  sayda körpülər və yol ötürücüləri tikilmişdir.  Sosial yönümlü  dövlət büdcəsində ən çox vəsait  vətəndaşların rahatlığının, sosial müdafiəsinin təminatına  yönəldilmişdir. 2003-2023-cü illərdə  orta aylıq nominal əməkhaqqı 12 , minimum əməkhaqqı isə 38 dəfədən çox artmış,  orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlmiş, yoxsulluq səviyyəsi 45 faizdən 5,5 faizə endirilmişdir. Paytaxtda və regionlarda idmanın güclü maddi-texniki bazası yaradılmış, 50-ə yaxın Olimpiya İdman Kompleksi tikilmiş, Azərbaycan idmançıları beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında uğurlara imza atmışdır. Azərbaycanın Birinci Avropa, IV İslam Həmrəyliyi  Oyunlarının təşkilində göstərdiyi təşəbbüskarlıq indi də  xoş sözlərlə  yad olunur.  Avropa və dünya səviyyəli yarışların keçirildiyi məkana  çevrilən ,   multikultural, tolerant,  sivilizasiyalar diyarı kimi tanınan  Azərbaycanın  idman ölkəsi  adlandırılması hər biri ciddi səy tələb edən  layihələrin beynəlxalq səviyyədə dəstəklənən təşəbbüslərinin  təzahürüdür.     

İkinci Qarabağ müharibəsindəki  Zəfərdən sonra  Ermənistanın işğalından azad edilmiş ərazilərdə bərpa –quruculq işlərinə başlanılması ölkəmizin iqtisadi qüdrətini geniş mənada dünyada tanıdır. Qısa müddətdə 121 qəsəbə və yaşayış kompleksi inşa edilmiş, enerji və su təsərrüfatlarının inşasına, bərpasına diqqət artırılmışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. 

Nailiyyətlər isə tükənməzdir.  Vətən müharibəsindəki Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunlardakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılmasının təməlini iqtisadi inkişaf sayəsində möhkəmlənən maliyyə imkanlarımızdan səmərəli istifadə amili təşkil edir. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası,  həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına yönəldilmişdir.  Prezident İlham Əliyevin birinci xanım Mehriban  Əliyeva ilə azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq etmələri, eyni zamanda,  dövlət başçımızın vətəndaşlıq məsuliyyətinə inamla yanaşmasının, verdiyi vədlərə sadiqliyinin təzahürüdür. 

Şanlı  Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində  üçrəngli Bayrağımızın Qarabağın  və Şərqi Zəngəzurun hər tərəfində dalğalanması və suverenliyimizin bərpası tarixi hadisədir və  xalqımızda hədsiz qürur hissi doğurur. Bu gün dövlətimizin başçısı bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, dincliyə, əmin-amanlığa nail olunması istiqamətində  təşəbbüslər irəli sürür,  bölgədə  sabitliyin təminatı naminə çalışır, mübarizəsini əsl lider qətiyyəti ilə təsdiqləyir.

Cənab  İlham Əliyev rəqabətqabiliyyətli insan kapitalının formalaşmasını, yüksək ixtisaslı kadrların yetişdirilməsini hər zaman diqqətdə saxlayır.  COVID-19 pandemiyasının başlandığı ilk gündən dövlət başçısı tərəfindən bu sahədə göstərilən çevik reaksiya və vaxtında atılan operativ addımlar, həyata keçirilən 4 sosialyönümlü islahatlar  paketi nəticəsində  ölkəmiz bu qlobal sınaqdan minimum itkilərlə çıxmışdır. Eyni zamanda, yeni texnologiyaların və kosmik sənayenin inkişafı prioritet sahə kimi diqqətdə saxlanılmışdır. 
Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. «Azerspace-AP», «Azersky» və «Azerspace-2» peykləri uğurla fəaliyyət göstərir.  2026-cı və 2028-ci illərdə Azərbaycanın ilk süni peykinin orbitə buraxılması nəzərdə tutulur. Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi kosmik sənaye, müasir texnologiya və innovasiya sahələrində böyük uğurlara malik ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. 

Dövlət başçımızın zamanla ayaqlaşan, bəzi məqamlarda nümunə göstərilən diplomatiyası da  Azərbaycana hər zaman uğur gətirmişdir. Prezident İlham Əliyevin dünya miqyasında yüksək nüfuzu sayəsində 2011-ci ilin oktyabrında Azərbaycan gərgin mübarizə şəraitində keçən səsvermədə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzvü seçilmişdir. Prezident İlham Əliyevin diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki,  Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuş Azərbaycan artıq 2019-cu ildə bu təsisata  rəhbərliyə layiq görülmüş,  uğurlu fəaliyyətinə, tətbiq etdiyi yeniliklərə görə sədrlik səlahiyyəti daha 1 il  uzadılmışdır.

Qısa sadalanan  və əlavə izaha ehtiyacı olmayan qalibiyyət xronikasından da aydın olur ki,  Prezident İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri nəzərdə tutulduğundan da artıq, yüksək səviyyədə  yerinə yetirmişdir.  Qalibyyət zirvəsində isə  işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsində qazanılan Zəfərimiz dayanır. Bu gün Azərbaycan xalqı dövlətçilik  tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır.  Hər bir azərbaycanlı «Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq» sözlərini qürurula səsləndirir. 

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və  bir günlük lokal xarakterli  antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizə möhtəşəm Böyük Qayıdışdır. Bu uğurların təməlində qətiyyəti, prinsipial, milli maraqlara hesablanmış ardıcıl siyasət , liderlik yenilməzliyi və nəhayət,  güclü Azərbaycan amili dayanır. İqtisadi sistemin formalaşdırılması və təkmilləşdirilməsi,  daim nəzarətdə olan maliyyə sabitliyi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin həllinə yönəldilən diqqət sayəsində  cəmiyyətdə sabitlik və təhlükəsizlik üçün münbit şərait  yaranmış, Azərbaycan siyasi  sabitlik adasına çevrilmişdir. Ölkəmizdə  hərbi sənayenin təkmilləşməsi, ordu quruculuğu istiqamətində aparılan islahatların  keyfiyyət baxımından yenilənməsinin nəticəsidir ki,  artıq dünyada sözünə imzası qədər dəyər verən Azərbaycanla bütün sahələrdə hasablaşırlar.

 Uğurlu, müstəqil və prinsipial xarici siyasət, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, ölkəmizin beynəlxalq nüfuzunun artması, dünyada etibarlı tərəfdaş imici qazanması 7 fevralda keçirilən  prezident seçkilərinin nəticələri ilə bir daha təsdiqləndi.  Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının bu siyasətə inamı, güvəni  Prezident İlham Əliyevin seçkilərdə 92, 12 faiz seçici etimadını qazanması oldu.

Bu günlərdə  Prezident kimi andiçmə mərasimində "2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik" söyləyən  cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə  Xankəndidə səs verməsi prosesində iştirakı, Ermənistana və  hayların havadarlarına daha ciddi  xəbərdarlıq oldu. Prezident İlham Əliyevin  "Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək" sözləri qətiyyətlilik nümunəsi kimi xalq tərəfindən dəstəklənir. «Biz heç kimdən heç nə xahiş etmirik. Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik» söyləyən Prezident İlham Əliyev   gələcək  üçün nəzərdə  tutulan inkişaf strategiyamızın istiqamətlərini də düzgün müəyyənləşdirir : Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, diplomatik uğurlar, xalq-iqtidar birliyinin möhkəmlənməsi.   Dövlət başçımızın «Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək» sözləri xalqın öz müdrik rəhbərinə inamından və reallıqdan qaynaqlanır.

Xuraman İsmayılqızı, "İki sahil"