15 fevral 2024 15:44
463

Yeni dövrün böyük nailiyyətləri olacaq

Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava, böyük birlik dövlətimizi daha da gücləndirir

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması tarixi ədalətin və beynəlxalq hüququn bərpası idi ki, bunu da Azərbaycan öz gücünə reallaşdırdı. Bu böyük Qələbəyə aparan yol isə heç də asan olmadı. Bu gün biz torpaqlarımızın işğaldan azad olunmasından sonsuz qürur duyuruq. Ancaq unutmamalıyıq ki, heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. İşğal dövrü üç onilliyi əhatə etdi. Otuz ilə yaxın müddət ərzində Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti apardı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salındı, qaçqın, köçkün vəziyyətinə düşdü. Xalqımıza qarşı soyqırımı, hərbi cinayətlər törədildi. İşğal dövründə beynəlxalq təşkilatlar, güc mərkəzləri, ATƏT-in keçmiş Minsk qrupu münaqişənin real həlli üçün hansısa bir əməli addım atdımı?

Yox! Əslində, beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib işğal altına aldığı ərazilərimizdən çıxarmalı idilər. Bu, edildimi? Yenə də yox! Beynəlxalq praktikada təcavüzkara qarşı sərt cəza tədbirləri görülür. Ermənistana münasibətdə də sanksiyalar tətbiq edilməli idi. Ancaq bəhs olunan qurumlar otuz il ərzində Ermənistana “gözün üstdə qaşın var” demədilər, onların fəaliyyəti işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqdan uzağa getmədi. Ermənistan və bu ölkənin xaricdəki havadarları birləşərək işğalı əbədiyyətə qədər davam etdirməyə çalışırdılar, bundan ötrü min cür ssenarilər hazırlayırdılar. Bütün bunlar İkinci Qarabağ savaşının baş verməsinə səbəb oldu. Əks həlda müharibənin qarısını almaq mümkün olardı.

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimindəki nitqində bu məsələlərə toxunaraq bildirdi: “İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa əməl etsəydilər, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər”.

Azərbaycan işğal faktı ilə heç vaxt barışmadı. Ölkəmiz xoş məram nümayiş etdirərək aparılan danışıqlarında daim konstruktivlik göstərirdi. Paralel şəkildə, Silahlı Qüvvələrimizin döyüş hazırlığının yüksəldilməsi, ordunun maddi-texniki təchizatının gücləndirilməsi, peşəkar kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılırdı. Prezident İlham Əliyev həmişə qətiyyətlə bildirirdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç vaxt razı olmayacaq, münaqişə sülh yolu ilə həllini tapmasa, hərb yolu seçiləcək. Nəhayət, 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması zərurətə çevrildi. Düşmənin keçmiş təmas xətti boyunca təxribatları səngimirdi, əksinə getdikcə daha intensiv hal alırdı. Aydın görünürdü ki, Ermənistan yeni torpaqları ələ keçirmək istəyir. Düşmən cəzalandırılmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi.

Müharibəni şanlı Zəfərlə başa vuran Azərbaycan ədalətli və prinsipial yanaşmalarına sadiqdir. Lakin postmüharibə dövründə revanşizm mövqeyindən çıxış edən məğlub Ermənistanın təlimatları ölkə hüdudlarından kənardan aldığı aydın şəkildə müşahidə edilir. Məlumdur ki, uzun illər ərzində Ermənistan və təcavuzkar dövlətin ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir. Bu səbəbdən rəsmi İrəvan dünyada hərbi cinayətkar ölkə kimi tanınmalıdır. Bir neçə gün öncə baş verən təxribat da rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. Prezident İlham Əliyev bildirib: “Üç il ərzində biz yenə də səbir göstərmişdik, biz yeni gərginləşmə vəziyyəti yaratmaq fikrində deyildik və İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər keçən dövr ərzində bunun bütün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir. Düzdür, Ermənistan və onun arxasında duran qüvvələr bunu görmək istəmirlər. Ancaq hər şey sənədləşdirilib, bu gün heç nəyi gizlətmək mümkün deyil. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sursat göndərib, minalar göndərib, bizə qarşı mina terroru davam edib, daha geniş vüsət almışdır. ”

İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün Ermənistan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı dəqiq və doğru mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır. Azərbaycanı ittiham edənlər unutmamalıdırlar ki, ölkəmiz Ali Baş Komandanın rəhbərliyi altında haqq uğrunda vuruşur və haqqın bərqərar olunmasına nail olmağa çalışır. Qarşı tərəf və onun havadarları, nəhayət, anlamalıdırlar ki, xalqına və qüdrətli ordusuna arxalanan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı atılan istənilən addımın qarşısının alınması üçün hər zaman yetərlidir. Dövlət başçısının andiçmə mərasimində dediyi kimi: “İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir”.

Sevinc Azadi, “İki sahil”