15 fevral 2024 01:15
389

“Binokl diplomatiyası”nın fəsadları

Artıq bir ildir ki, Ermənistanda Avropa İttifaqının (Aİ) yeni “mülki” missiyası fəaliyyət göstərir. Missiya “mandat”ına uyğun olaraq sərhəddəki durumu müşahidə altında saxlamalı, Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq istiqamətində əlverişli mühit yaratmalıdır. Bəs missiya üzərinə düşən bu öhdəlikləri yerinə yetirə bilirmi?

Aİ-nin Azərbaycan və Ermənistana müşahidə missiyası göndərməsi təklifi 2022-ci ilin  oktyabrında Praqa görüşündə gündəmə gəlmişdi. O zaman  Prezident İlham Əliyev ölkəmizin ərazisində belə bir fəaliyyətə icazə verməsə də, Ermənistanın Azərbaycanla şərti sərhəd bölgələrinə iki ay müddətinə 40 nəfərlik heyətin göndərilməsinə etiraz etməmişdi. Lakin sonrakı mərhələdə ermənipərəst Fransa missiya ilə bağlı bütün çərçivələri pozdu. Nəticədə daha çox sayda, daha uzun müddətə növbəti missiya göndərilməsi ilə bağlı məsələ gündəmə gəldi və Azərbaycanın razılığı alınmadan Ermənistana ikiillik missiya göndərmək qərara alındı.

Hələ o zaman Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu “mülki” missiyanın göndərilməsini xoşagəlməz hal kimi dəyərləndirərək demişdi: “Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq”. Bir sözlə, Aİ-nin uzunmüddətli müşahidə missiyasının sülh prosesinə zərbə vuracağı ən yüksək səviyyədə bəyan olunmuşdu.  

Sonrakı hadisələr dövlət başçımızın bu məsələdə nə qədər haqlı olduğunu sübut etdi. Belə ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Özü də bu atəş Ermənistandakı Aİ-nin “mülki” mis­siyasının müşahidə həyata keçirdiyi əra­zidən tuşlanıb. Görəsən, həmin missiya şərti sərhəddə nəyə nəzarət edir? Baş vermis hadisə ilə əlaqədar Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel absurd açıqlamalar verib. O, Brüsseldə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclası çərçivəsində xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında  bildirib ki, Ermənistanın  Azərbaycan əsgərlərinə atəş açması təəssüf doğursa da, Azərbaycan qeyri-proporsional reaksiya verib. Şübhəsiz, bu, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən sözügedən qurumun məsələyə  ikili standartlarla yanaşmasından, hərbi təcavüz törətmiş Ermənistana  bəraət qazandırmasından, təcavüzkar ölkənin hərbi təxribatına göz yummasından  başqa bir şey deyil. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir: “Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər, həmçinin Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb”. Məlumatda Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdid kimi dəyərləndilib: “Bir daha təəssüflə qeyd edirik ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə birtərəfli ermənipərəst mövqe tutaraq Azərbaycanla Avropa İttifaqı təsisatları arasında uçurum yaradır və özünü nəticə etibarilə, Azərbaycan-Ermənistan normallaşma prosesindən tamamilə təcrid edir". Amma nədənsə ABŞ konqresmenleri, irqçi fransız siyasətçiləri, Hollandiyanın, Kanadanın, Litvanın don kixotları hələ də susmaqdadırlar. Elə sussalar yaxşıdır. Çünki onların açıqlamalarının Borrelin söylədiklərindən fərqlənməyəcəyi şəksizdir.  

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, belə təxribatlar Aİ-nin  işinə yarayır. Şübhəsiz, bu, hər şeydən əvvəl Aİ-nin  faktiki olaraq erməni təxribatına rəvac verməsinin, yaxud bu oyunda əli olduğunu təsdiqidir. Qeyd edək ki, fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam de Meyer Avropa İttifaqının Ermənistandakı “mülki” missiyasının yerləşdiyi əraziyə baş çəkib, sərhəddəki vəziyyətlə tanış olub. Fransalı generalın Azərbaycan mövqelərini durbinlə müşahidə etməsindən 10 gün sonra bu hadisənin törədilməsi təsadüfi deyil. Çox güman ki, bu təxribat elə onun planının tərkib hissəsidır. Üstəlik Ermənistanın Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlar alması, rəsmi Parisin Ermənistanı silahlandırması da təxribatlara hazırlıqdan xəbər verirdi. Şübhəsiz, bütün bunlar Ermənistanın yenidən silahlandırılmasının, həmçinin Qərbdən, xüsusilə Fransadan yeni sifarişlər almasının nəticəsidir. Yeri gəlmişkən, Zəngilan istiqaməti təsadüfi seçilməyib. Bu,  Zəngəzur dəhlizinə qarşı törədilən bir təxribatdır. Bu mənada sərhəddə baş vermis qarşıdurma Ermənistanın və Aİ-nin, o cümlədən Fransanın məqsədli strategiyasının davamı idi. Bu faktlar bir daha sübut edir ki, əyinlərində bronejilet, əllərində binokl olan avropalı missionerlərin məqsədi Ermənistana gün ağlamaq yox, Azər­baycana təzyiq etmək,  sülh danışıqlarını ləngitməkdir.

Yeri gəlmişkən qeyd edək ki, son bir ildə Ermənistan Aİ-nin müşahidə missiyasının fəaliyyət göstərdiyi ərazilərdən mövqelərimizə dəfələrlə atəş açılıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”