15 fevral 2024 03:04
342

Təxribatlar üçün zəmin haradan qaynaqlanır?

Ermənistan ordusu fevralın 12-də Zəngilan istiqamətində növbəti təxribata əl atdı. Bu təxribat nəticəsində sərhədçimizin snayper atəşi ilə yaralanması faktını Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi təkzib etməyə çalışsa da, Azərbaycanın yayımladığı videokadrlar məsələnin bütün aspektlərini açıq göstərdi.

Xain düşmən bununla da çirkin təxribatına son qoymadı və cəmi bir neçə saat sonra şərti sərhədin Tovuz istiqamətindən növbəti təxribata əl atdı. Eyni gündə saat 20:50 və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutdu. Əlbəttə ki, baş verən hadisələrdən sonra düşmən layiqli cavabla susduruldu. 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı" keçirildi. Əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi yaxınlığındakı döyüş postu darmadağın edildi, döyüş mövqeləri susdurdu. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var.

Törətdiyi növbəti təxribata layiqli cavabını alsa da, Ermənistanın bu kimi desturiktiv addımları regionda sülhün bərpası istiqamətindəki təşəbbüslərə ziyan vurur. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də hesab edir ki, erməni tərəfinin bu təxribatı Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbədir. Bildirilib ki, son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan olunan sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. “Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır. Azərbaycana qarşı baş verən bu kimi təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır”, deyə XİN bəyan edib.

Qərbi Azərbaycan İcması da Ermənistanın şərti sərhəddə son hərbi təxribatını kəskin şəkildə pisləyib. İcmanın bəyanatında qeyd olunub ki, bu, Ermənistanın başda Fransa olmaqla bir sıra dövlətlər tərəfindən silahlandırılmasının nəticəsi olmaqla yanaşı, həm də onun sülh müqaviləsinin imzalanmasından yayınmasını sübut edir. Bəyanatda daha sonra bildirilir: "Görünən odur ki, Ermənistan yenə də 2023-cü ilin yay aylarında olduğu kimi hansısa beynəlxalq dəstəyə inanıb Azərbaycana qarşı təhlükəli addımlar atır. Ermənistan xarici paytaxtların sözü ilə oturub-durmamalı, proksi dövlət olmamalı və “birinci respublika”nın səhvlərini təkrarlamamalıdır".

Sözügedən təxribatlar bir daha göstərdi ki, rəsmi İrəvan Azərbaycanla sülh sazişini imzalamaqda maraqlı deyil. Görünür Müzəffər Ali Baş Komandanın "dəmir yumruq yerindədir" xəbərdarlığından dərs almayan işğalçılar unudurlar ki, onların qarşısında 44 günlük müharibədə zəfər çalan güclü Azərbaycan Ordusu var.

Gərginliyin artmasının Ermənistan siyasi elitasının sülh prosesi çərçivəsində bəyanatlarından sonraya təsadüf etməsi ciddi suallar doğurur. Məlum olduğu kimi, son sərhəd insidenti ərəfəsində, Ermənistanın naziri Nikol Paşinyan "The Telegraph" nəşrinə müsahibəsi zamanı növbəti dəfə sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirmişdi. Qonşu ölkələrə ərazi iddiasını hüquqi normaya çevirmiş Ermənistanın lideri həmin müsahibəsində Bakını nəinki İrəvana, eləcə də digər qonşu dövlətlərə hücum potensialını özündə daşıyan təcavüzkar kimi qələmə vermişdi. Nikol müsahibəsində sülh prosesinə zidd digər aqressiv tonlu fikirlər də səsləndirmişdi. Deməli, hazırkı təxribat üçün zəminin haradan qaynaqlandığı aydındır.

Göründüyü kimi, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq imkanlarını hər vasitə ilə heçə endirməyə çalışır. Ötən illərdə Azərbaycanın davamlı sülh təşəbbüslərinə məğlub Ermənistandan adekvat cavab gəlməyib. Əksinə, məğlub ölkə müxtəlif manipulyasiyalara əl atmaqla sülh prosesini ləngitməyə  çalışır. Eyni zamanda, ötən il sentyabrın 19-dək Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla silahlı qüvvələrinin bir hissəsini Azərbaycan ərazilərində saxlamaqda davam edirdi. Lakin Azərbaycanın cəmi bir gün ərzində uğurla tamamladığı lokal antiterror tədbirlərinin nəticəsi işğalçının bu niyyətlərini gözündə qoydu. Təəssüflər olsun ki, Ermənistan bütün bu reallıqların fonunda mövcud imkanlardan imtina edib süni olaraq prosesi ləngitmək istəyir. İşğalçı ölkənin üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməməsi, sərhədlərin delimitasiya və demarkasiyası prosesini yubatması, sülh sazişinin imzalanmasını əngəlləməsi birbaşa məkrli məqsədlərlə bağlıdır. Bu gün rəsmi Bakı delimitasiya və demarkasiya prosesi ilə bağlı daha ədalətli addımlar atır. Azərbaycanın bu məsələdə qətiyyətli  mövqeyi bəllidir. Ölkəmiz 30 il ərzində işğal altında qalan ərazilərində törədilən vandalizm əməllərinə, dağıntılara baxmayaraq, sülh yolu ilə müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir.

Nigar Orucova, “İki sahil”