13 fevral 2024 01:57
379

Haylar nədən qorxur?..

7 fevral 2024-cü ilin növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinə Zəfər seçkisi kimi daxil oldu. XXI əsrin dünya liderləri arasında xüsusi yeri və mövqeyi ilə seçilən, öz xalqına tarixi zəfərlər qa­zandıran cənab İlham Əliyev dünyanın gözü qarşısında 92,12% səslə seçkilərin qalibi oldu. Bu prosesi dünyanın aparıcı mətbuat orqanları, həmçinin televiziya kanalları geniş işıqlandırdı. Dünya liderleri həm təbrik məktubları, həm də telefon zəngləri ilə bu seçimin onların da ürəyincə olduğunu vurğuladılar və Azərbaycan Liderinə gələcək işlərində uğurlar dilədilər.

Cənab İlham Əliyevin qalib olmasına sevinən ermənilər də az deyil. Məsələn, bir qrup erməni fəalı  dövlətimizin başçısını həm rus, həm də Azərbaycan dillərində təbrik etdillər. Amma Ermənistanın bəzi siyasətçiləri sanki təlaş içərisindədirlər. Odur ki, onlar  növbəti yalan maşınlarını yenidən işə salıblar. Belə ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Edmond Marukyan ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı savadsız, sarsaq və təxribatçı açıqlama verib. Sosioloq,  Azərbaycanşünas Armine Adibekyan isə erməni mediasına belə deyib: “İlham Əliyevin yenidən prezident seçilməsi gözlənilirdi. Bunun səbəbi qəbul edilən siyasəti davam etdirmək və məntiqi sonluğa çatdırmaqdır. Əsas plan isə Ermənistanın məhv edilməsidir”. Hətta o, iddia edib ki, guya Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında Cermuk sektorundan başlayaraq Mehriyə kimi baş tutacaq hərbi əməliyyatların bərpası gözlənilir.

Armine Adibekyanın isterika içində olması əsla başadüşülən deyil. Çünki nə Azərbaycan Ermənistan ərazisinə hücum etmək niyyətindədir, nə də belə bir planı var. Bir sözlə, ərazisini erməni separatçılarından təmizləmiş, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan üçün heç bir  hərbi əməliyyat gündəmdə deyil. İndiyə qədər də Azərbaycan Ordusu Ermənistan ərazisinə girməyib. Sadəcə, ikili standartlardan bezən Azərbaycan beynəlxalq aləm tərəfindən tanınan mövcud sərhədləri daxilində BMT Nizamnaməsinə uyğun olaraq davranıb və suverenliyini tam bərpa edib. Bu mənada rəsmi Bakı Ermənistandan fərqli olaraq ümumiyyətlə, bögədə müharibə istəmir. Yəni, Azərbaycan sülh prosesinə sadiqdir. Prezident İlham Əliyev də çıxışlarında bunu dəfələrlə  vurğulayıb. Təəssüf ki, Qərbin sifarişi ilə Ermənistanda bununla bağlı saxta təbliğatlar aparılmaqdadır. Siyasətçilərimiz isə sadəcə, Ermənistanın əksər ərazilərinin vaxtı ilə Azərbaycana məxsus olduğunu deyirlər və bu məsələdə də haqlıdırlar. Yəqin Adibekyan bilməmiş deyil ki, 1918-1920-ci il­lərdə  yaradılmış  Ermənistan dövlətinin ərazisi 9 min kvadratkilometr olub və bunu təsdiq edən kifayət qədər faktlar var. 20 min kvadratkilometrlik ərazi Ermənistana sonradan verilib.

Elə həmin açıqlamasında sosioloq Armine Adibekyan guya Azərbaycanın “sülh müqaviləsi” adlanan müqavilənin imzalanmasını ləngitməsini də vurğulayıb. Amma əsl həqiqətdə isə sülh məsələsində  problem yaradan Ermənistandır. Təcavüzkar ölkə dildə sülh, barışıq tərəfdarı olduğunu bəyan etsə də, altdan-altdan təzədən silahlanmaq yolu tutub. Bununla da öz işğlaçılıq siyasətini davam etdirməkdə israrlı olduğunu açıq-aydın göstərir. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun dediyi kimi, Azərbaycan tərəfindən təhlükə mifini şişirdən Ermənistan bizim ərazi bütövlüyümüzə “de-fakto” qəsd etməkdə davam edir: “Ölkəmizə qarşı ərazi iddialarının qalması ilə paralel olaraq, Azərbaycandan gələn təhlükə barədə cəfəng şayiələrin qəsdən yayılması təkcə hiyləgərlik deyil, həm də sonu görünməyən bir yoldur”.

İrəvanın əlavə vaxt udmaq niyyəti güdən konstitusiya dəyişiklikləri məsələsi ətrafında ikili oyunu da təsadüfi deyil. Hətta bu mövzuda bir hayın dediyini o biri hay təkzib edir. Rəsmi Bakının  konkret tələbləri var və onların hamısı hüquqi cəhətdən əsaslandırılıb. İrəvan isə hər dəfə bir bəhanə ilə məsələdən yayınmağa çalışır.

Armine Adibekyanın “Əsas plan  Ermənistanın məhv edilməsidir” fikrinə gəldikdə isə… Bu gün Ermənistanı məhv edənlər artıq dünyaya bəllidir. Onların önündə Fransa gəlir ki, bu dövlət öz maraqları naminə, yəni Cənubi Qafqazda möhkəmlənmək niyyətinə Ermənistanı qurban seçib. Hətta Ermənistanı öz müstəmləkəsinə çevirib. Təəssüf ki, təcavüzkar ölkə hələ də bu adi reallığı dərk etmək istəmir. Görünür, təcavüzkar ölkə hələ də zəfərlərimizdən sonra düşdüyü “koma”dan ayıla bilmir.

Şübhəsiz, növbəti 7 ildə də ölkəmizi  böyük hədəflər göz­ləyir: dövlətimizin müstəqilliyini möh­kəmləndirmək, azad edilmiş əraziləri minalardan təmizləmək,  günün tələbləri səviyyəsində bərpa etmək, Böyük Qayıdışı tamamilə gerçəkləşdirmək, sosial-iqtisadi inkişafı sürətləndirərək əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq, ən əsası Azərbaycanı daha qabaqcıl ölkəyə çevirmək. Rəsmi Bakının bütün bunlara da nail olacağı şəksizdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”