05 fevral 2024 23:08
262

Türk xalqı qardaş köməyini heç zaman unutmayacaq

Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Kahramanmaraşda inşa olunan Azərbaycan məhəlləsində işlər sürətlə davam etdirilir

Qardaş Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi saxlanılır. Bu gün Azərbaycan və Türkiyə müttəfiq ölkələrdir. Siyasi-mənəvi dəstəyini əsirgəməyən qardaş Türkiyə hər zaman hərtərəfli əlaqələrin inkişafına böyük yardım göstərmiş, ölkəmizin dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasında mühüm rol oynamışdır. Hər iki dövlət bütün beynəlxalq platformalarda bir-birilərinin ədalətli mövqelərini dəstəkləyir, birgə fəaliyyət göstərirlər.

Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımız tərəfindən yüksək qiymətləndirilir. Həmin dövrdə Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya ölkəmizin yanında olduğunu bəyan etdi. Azərbaycan da qardaş ölkənin çətin günlərində daim onun yanında olub. 2021-ci ilin yay aylarında Türkiyədə baş vermiş güclü meşə yanğınları zamanı da Azərbaycan qardaş ölkəyə böyük dəstək verdi. Ötən il isə güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün özünü təbii fəlakət zonasına ilk yetirən  dövlət Azərbaycan oldu.

Bəli, 2023-cü ilin 6 fevral tarixi qardaş Türkiyə üçün ağır bir zaman idi. O çətin gündə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdi və ölkəmizin Türkiyənin dərdinə şərik olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğuladı. Elə həmin gün dövlət başçısının tapşırığı ilə qardaş ölkəyə yardım göndərildi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 725 nəfərdən ibarət şəxsi heyəti Türkiyəyə yola düşdü. Bu fakt dostluğun və qardaşlığın parlaq nümunəsi idi.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edərək təbii fəlakətdə həyatını itirənlərin yaxınlarına, doğmalarına başsağlığı verdi və yaralılara şəfa dilədi. Daha sonra Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildi. Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep Hava Limanında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşdü. Baş vermiş faciə ilə əlaqədar Mehriban Əliyevanın başsağlığını çatdıran Heydər Əliyev Fondunun nümayəndəsi həmin günlərdə Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduqlarını bildirdi. Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirən Türkiyə Prezidenti bir daha qeyd etdi ki, biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik.

Həmin ağır günlərdə türk bacı və qardaşlarımızın başına gələn faciə hər birimizin ürəyini göynədirdi. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına start verilməsi ilə hər kəs gücü çatan yardımla bölgələrdə yaradılan məntəqələrə, Bakı İdman Sarayına yollandı. Havanın soyuq, küləkli olmasına baxmayaraq, bu məkanda hər gün böyük izdiham yaşandı, hər kəs yardıma tələsdi.

Artıq bir ildir ki, qardaş Türkiyədə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində böyük layihələr reallaşdırılır. Bu işdə Azərbaycan da köməyini əsirgəmir. Prezident İlham Əliyev 2023-cü il noyabrın 22-də həmin ilin sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanunu imzaladı.

Kahramanmaraş şəhərində inşa olunan Azərbaycan məhəlləsində işlər sürətlə davam etdirilir. Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində inşa edilən binaların zəlzələyə dayanıqlı olmasına xüsusi önəm verilir. Tikintidə yüksək keyfiyyətli materiallardan istifadə olunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən sonra mənzillərin təhvil verilməsi mərasimində çıxışında azərbaycanlı xilasedicilərə də təşəkkür edib: “Xalqımız bu ağrılı sınaqdan uğurla çıxıb. 11 min 500 əcnəbi komanda üzvü olmaqla axtarış-xilasetmə işlərində iştirak edən 35 min nəfərə, bütün qardaşlarımıza təşəkkür edirəm”.

Göründüyü kimi, türk xalqı qardaş köməyini heç zaman unutmayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə baş verən güclü zəlzələnin ildönümü ilə bağlı türkiyəli həmkarı Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Dövlətimizin başçısı başsağlığı məktubunda bu faciə nəticəsində həlak olmuş bacı-qardaşlarımızın əziz xatirəsini yad edib. Qeyd edib ki, bu fəlakət Türkiyəni olduğu kimi, Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı, kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi.

Cənab İlham Əliyev, həmçinin vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli rəhbərliyi altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqyaslı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir: “Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq”.

Nigar Orucova, “İki sahil”