06 fevral 2024 00:23
349

Cəmil Həsənli yenə özü-özünü ifşa edir

Mayası xəyanətkarlıqla və saxtakarlıqla yoğrulan “Milli Şura”nın  rəhbəri 7 fevarl növbədənkənar prezident seçkiləri ilə bağlı anti-Azərbaycan dairələrə, qərəzli beynəlxalq təşkilatlara əsassız, absurd iddialarla, həqiqətlə daban-dabana zidd olan məlumatlarla “pas ötürmək”, süni ajiotaj yaratmaq üçün, neə deyərlər, dil qəfəsə qoymur.  

“Milli Şura” adlı antimilli qurumun rəhbəri Cəmil Həsənli ölkəmizdə növbədənkənar prezident seçkiləri elan olunan gündən bəri ləbbeyk deyir. Qocaman tarixçi ilk dəfə bütöv Azərbaycan ərazisində baş tutacaq bu seçkiləri qaralamaq, onun demokratik, şəffaf, beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini şübhə altına almaq, beləlklə ölkəmizin nüfuzuna ləkə yaxmaq üçün min bir oyundan çıxır. Sosial şəbəkələrdə həqiqətləri təhrif edən çıxışlar edən bu başabəla tarixçi siyasətbazın seçkilərlə bağlı yazıları da öz növbəsində ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan bu siyasi kampaniyaya son dərəcə qərəzli və bəsit yanaşmanın göstəricisidir.  

Əsassız, absurd iddialarla, şər-böhtan, uydurma yalanlarla, həqiqətlə daban-dabana zidd olan məlumatlarla “silahlanan” C. Həsənli həm ölkəmizin nüfuzuna zərbə vurmaq, həm də prezidentliyə namizədlərin fəal şəkildə apardıqları təbliğat-təşviqat kampaniyası barədə anti-Azərbaycan dairələrə, qərəzli beynəlxalq təşkilatlara “pas ötürmək”, onun imicinə ləkə yaxmaq, süni ajiotaj yaratmaq üçün, necə deyərlər, dil qəfəsə qoymur. Həmin dairələr isə “Milli Şura”nın rəhbərinin bu əməllərindən həm cəmiyyətdə narazılıq yaratmaq, həm də hökumətə təzyiq vasitəsi kimi istifadə edirlər.

Məsələn, C.Həsənli yazır ki, yanvar ayının 31-də ATƏT-in Demokratik Təsisarlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkilərlə bağlı aralıq hesabatı elan olunub. Hesabat 2023-cü ilin dekabr ayının 29-dan 2024-cü ilin yanvar ayının 19-na qədərki dövrü əhatə edir: “Bəzi ciddi tənqidi məqamlar olsa da, daha çox “səliqəli” hesabatdır. Ən azından ona görə ki, Azərbaycanda seçki deyilən bir şey yoxdur. Yeddi “oğul yarışa girsə” də altısı biri üçün çalışır, biri isə ümumiyyətlə, kampaniyada görünmür. Aralıq hesabatda deyilir ki,  “hazırkı prezidentlə bərabər bu seçkilərə qatılan digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib.” Əl-qərəz Azərbaycanda seçki institutu çoxdan məhv edilib. Seçkinin mahiyyəti namizədlərdən bəllidir.  Və ümumiyyətlə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu burada nəyi müşahidə edəcək?  Bu ölkədə nə demokratiya var, nə onun təsisatı var, nə  insan haqları var. Bu halda Siz ciddi görkəm alıb nəyi müşahidə edəcəksiniz?”.

Diqqətlə oxuyun və diqqət edin bu məsələyə. Görün mayası xəyanətkarlıqla və saxtakarlıqla yoğrulan “Milli Şura”nın rəhbəri C.Həsənli kimlərin təlimatı ilə, daha doğrusu, kimlərin dili ilə danışır? Təbii ki, erməni lobbisinin və Azərbaycan əleyhdarlarının dili ilə danışan bu qoca siyasətbaz ölkəmizdə uğurla davam edən seçki prosesinə qarayaxaraq  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu ittiham edir ki, niyə bu təşkilatın nümayəndələri növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizə gəliblər. Deyəsən C.Həsənli unudur ki, seçkilərin ədalətli, şəffaf keçirilməsini şərtləndirən əsas meyarlardan biri məhz müşahidəçilərin seçki prosesini olduqca diqqətlə izləməsi və düzgün qiymətləndirməsidir. 

Uzun illər “demokrat” maskası taxaraq müxalifətçiliklə məşğul olan, konstruktivlikdən uzaq, dağıdıcı, inkarçı, pozucu mövqedə dayanaraq siyasi mübarizədə ən iyrənc vasitələrdən istifadə edən Cəmil Həsənli kimilərdən fərqli olaraq Böyük Quruluş Partiyasının sədri, Prezidentliyə namizəd  Fazil Mustafa bu günlərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürösunun seçki müşahidə missiyasının üzvü, siyasi analitik Dominik Houel  ilə görüşündə seçki qanunvericiliyi, partiyanın müşahidəçiləri və seçki kampaniyasının gedişatı barədə Missiyanın təmsilçisinin suallarını cavablandırıb. F.Mustafa sərbəst, maneəsiz təbliğat-təşviqat kampaniyası apardığını, partiyanın  bütün seçki məntəqələrində müşahidəçilərinin olduğunu və seçkilərin şəffaf keçirilməsində vətəndaş cəmiyyəti insitutları ilə əməkdaşlığın müsbət əhəmiyyətini qeyd edib və avropalı analitikə  fəaliyyətlərində uğur diləyib.

Görəsən, bütün gerçəkləri bir kənara qoyub ölkəmizin bu günü, sabahı, bütövlükdə gələcəyi ilə bağlı faktları totalcasına təhrif etmək görəsən C. Həsənliyə hansı dividendləri gətirir? Əlbəttə, müsbət heç nə? Bütün bunlar onun olmayan nüfuzunu “plintus”dan aşağı salır.

Nəhayət, əminliklə demək lazımdır ki, özünə hörmət etməyən, heç bir dəyər tanımayan, uzunmüddətli antimilli fəaliyyət nəticəsində marginallaşaraq milli qürurunu şəxsi maraqlarına, üç-beş qəpiyə satan C.Həsənli kimi merkantillərin dövlətimizin mənafeyinə, milli maraqlarımıza zidd, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirən xəyanətkar əməlləri cəmiyyətimiz tərəfindən çox ciddi təxribat kimi dəyərləndirilərək qəti şəkildə olaraq rədd edilir.

Zahid Rza, “İki sahil”