05 fevral 2024 12:05
208

Heç bir müsbət nəticə əldə edə bilməyən uğursuz Minsk qrupu

Xalqımızın tarixində qanlı faciələrə səbəb olan keçmiş Qarabağ münaqişəsi 1992-ci ilin əvvəllərindən beynəlxalq problemə çevrildikdən sonra nəhayət  onun həlli üçün beynəlxalq aləmdən təşəbbüslər meydana çıxdı. Bu həm də Azərbaycan Respublikasının 1992-ci il yanvarın 30-da Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) üzvü olması ilə də bağlı olmuşdu. Sözssüz ki, ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv dövlətlərin daha çox diqqət obyektinə çevrildi.

ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə Qarabağ münaqişəsi müzakirə edilən zaman bu münaqişən in sülh yolu ilə həll edilməsi barədə razılığıa gəlinmişdi. Bu məqsədlə də  Minsk şəhərində konfrans çağırılması haqqında qərar qəbul edilmişdir. Konfransda ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilməsi qərara alınmışdı.

Lakin həmin ilin mayında Ermənistan tərəfindən Şuşa və Laçının sülh prosesi qarşısında böyük maneə yaratdı.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə  qayıdışından sonra  keçmiş münaqişənin həlli yolunda fəaliyyət gücləndirildi. Bu zaman münaqişənin dinc vasitələrlə nizama salınması prioritet məsələyə çevrildi. 1994-cü il dekabrın 5–6-da ATƏM- in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edildi. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995–1996-cı illər ərzində İsveç və Rusiya başçılıq etmişdir. ATƏT-in Lissabon Zirvə görüşündən sonra (1 yanvar 1997-ci ildən) Rusiya ilə yanaşı, ABŞ və Fransa nümayəndələri də Minsk Qrupunun həmsədrləri təyin olundu. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.

Lakin təəssüf ki, mövcud olduğu dövr ərzində böyük dövlətlərin təmsil olunduğu bu qrup münaqişənin həlli ilə bağlı bir iş görə bilmədi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın zəfəri artıq belə bir qrupun da fəaliyyətinə ehtiyac qalmadığını göstərdi. 2022-ci il aprel ayının 8-də  Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini bildirmişdi. Qeyd edək ki, bütün tarixi dövrlərdə olduğu kimi yenə də Ermənistanın qeyri-konstruktiv mövqe tutması və böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması da regionda sülhü daim əngəlləmişdi. Xüsusən, Rusiyanın Qərb dövlətləri ilə maraq toqquşması daha qabarıq olmuşdur.

Hicran Quliyeva,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 122" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü