06 fevral 2024 00:45
503

Parisdən “xoruz”lanan Makronun arzuları gözündə qalacaq

Fransa dünyaya “demokratiya dərsi” keçir, yeri gəldi-gəlmədi insan haqlarından, demokratiyadan, qanunun aliliyindən dəm vurur. Amma rəsmi Paris Azərbaycanla Ermənistan arasında sülh prosesini əngəlləmək, iki qonşu ölkəni yenidən hərbi toqquşmalara cəlb etmək məqsədilə bütün vasitələrdən istifadə etməkdədir. Niyyəti isə  təcavüzkar ölkəyə “gün ağlamaq” adı altında neokolonializm siyasətini Cənubi Qafqaz regionuna  daşımaqdır.

Fransa Milli Jandarmeriyasının xarici əlaqələr üzrə komandanı, briqada generalı Uilyam de Meyerin Avropa İttifaqı (Aİ) “mülkü missiya”sının Ermənistanda yerləşdiyi ərazilərə baş çəkməsi bunu bir daha təsdiq edir. Şübhəsiz,  general təcavüzkar ölkəyə gül-çiçək toplamağa üz tutmayıb. O, Fransa Prezidenti Emmanuel Makron tərəfindən  verilən xüsusi tapşırıqları icra etməyə gəlib. Bununla da növbəti dəfə xoruzun quyruğu görünüb.

Bunu rəsmi Parisin Cənubi Qafqaza hərbi müdaxiləsinin açıq-aşkar göstəricisi kimi dəyərləndirmək olar. Bu, həm də həmin missiyanın Ermənistanda Fransanın sifarişi ilə fəaliyyət göstərən hərbi qruplaşma olduğunu təsdiqləyən faktdır. Hətta əminliklə demək olar ki, Ermənistanı silahlandıran Fransa hazırda təcavüzkar ölkəni revanşa hazırlayır. Elə missiyanın üzvlərinin Fransanın təkidi ilə sayının artırılması, mövqeyini gücləndirməsi, fransalı hərbi təlimatçıların Ermənistan ordusunda fəaliyyət göstərməsi, Avropanın agentura şəbəkəsinin üzvlərinin bir-birinin ardınca Azərbaycanın sərhədlərini keçməyə çalışması da bu məqsədə xidmət edir. Hətta yayılan məlumatlara görə, Fransa Ermənistan üçün Azərbaycana qarşı ildırımsürətli müharibə planı da hazırlayıb​. Məlumatlara görə,  Cermuk istiqamətindən reallaşdırılması planlaşdırılan hücum qəfil olmalıdır.

Prezident İlham Əliyev bu yaxınlarda əbəs yerə bəyan etmədi ki, Cənubi Qafqazda aparıcı mövqeyə sahib olmaq siyasəti yürüdən Fransa regionda odun üstünə benzin tökmək prinsipindən çıxış edir, Ermənistan isə militarizasiya siyasəti aparır. Dövlətimizin başçısı onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu da sözlərinə əlavə etmişdi.

Bəli, Ermənistanı özündən asılı vəziyyətdə saxlayan, özünü ermənilərin dostu və müdafiəçisi kimi göstərən, əslində isə maraqlarını güdən Fransa Cənubi Qafqaza girmək üçün dəridən-qabıqdan çıxmaqda, bir sıra ölkə və beynəlxalq qurumları üstümüzə qaldırmaqda, Azərbaycan isə “xoruz”lanan Makronun arzularını beynəlxalq normalar çərçivəsində sözün həqiqi mənasında dəfn etməkdədir. Odur ki, məğlubiyyətlərini  həzm edə bilməyən, elə bu səbəbdən ölkəmizə qarşı emosional davranışlarını kəskinləşdirən, siyasi-diplomatik etikadan kənar münasibət nümayiş etdirən Makron anti-Azərbaycan siyasətini bu gün daha qərəzli şəkildə davam etdirir. Hətta o, Azərbaycan əleyhinə mübarizəyə bir sıra ölkələri, eləcə də beynəlxalq qurumları da cəlb edir. Müstəmləkəçilik siyasətindən əl çəkə bilməyən, öz dövlətinin ərazisində yaşayan xalqların ən adi hüquqlarını kobud surətdə pozan, hətta korsikalılara öz dilində danışmağı qadağan edən bir ölkənin Azərbaycana haqdan, ədalətdən dərs keçmək niyyətinə düşməsi yalnız istehza doğurur. 

Yeri gəlmişkən qeyd edək ki, 2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insanın iştirakı ilə müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni “Nazione” hərəkatı təsis olunub. Artıq Makron diktaturasının polisləri tədbirdən dərhal sonra hərəkatın fəallarını təqib və hətta həbs etməyə başlayıb. Özü də polislər fəalların evlərinə hücum çəkərkən qapıları partlayıcılarla dağıdır, uşaqlarının gözü önündə atalarına fiziki zor tətbiq edirlər. Bu isə özünü hüquqi dövlət və demokratiyanın beşiyi hesab edən Fransanın əslində  diktatura yönlü dövlət olduğunun göstəricisidir. Belə vəziyyət yalnız diktatura rejimlərində mümkündür.

Şübhəsiz, bu kimi addımlar korsikalıları qorxutmaq, onun dilini məhv etmək, milli kimliyini unutdurmaq, böyük xalq hərəkatını dayandırmaq, müstəqillik uğrunda mübarizə aparan yeganə siyasi cərəyanı neytrallaşdırmaq məqsədi daşıyır. Bütün bunlar Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, hazırkı koloniyalarında insan hüquqlarına hörmət etmədiyini bir daha sübuta yetirir.

Azərbaycan Fransanın özbaşnalıqlarına, o cümlədən Korsikada baş verənlərə ən sərt reaksiya verən ölkədir. Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupunun bu günlərdə yaydığı növbəti Bəyanat da bunu təsdiq edir. Bəyanatda deyilir: “Bu siyasət universal insan haqları və milli azlıqların hüquqları ilə bağlı Fransanın beynəlxalq öhdəliklərinin açıq-aşkar və güc tətbiqi ilə pozulmasıdır. Fransa öz ərazisində yaşayan xalqların milli kimliyini inkar edir, yalnız “fransız” anlayışını qəbul edir ki, bunun özü şovinizmdir”.  Bəyanatda, həmçinin Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətlər qətiyyətlə pislənilir,  fundamental insan hüquqlarına hörmət etmək tələb olunur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bir müddət öncə Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda  hadisələrin bu yöndə inkişaf edəcəyi təqdirdə Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyini tanıya biləcəyini bildirmişdi. Qeyd edək ki, Azərbaycan Qoşul­mama Hərəkatına sədrliyi dövründə Fransanın müstəmləkəçilik siyasətini dəfələrlə ifşa edib. Hətta Bakıda bununla bağlı böyük konfrans baş tutub. Bakı təşəbbüs qrupunun təşkilatçılığı ilə keçirilən kon­fransda Fransa müstəmləkəçiliyindən bezən ölkələrin, həmçinin Korsika adasından olan nümayən­dələr də iştirak ediblər.

İctimai rəy sorğusuna əsaslanaraq deyə bilərik ki, həm xarici, həm daxili siyasətdəki uğursuz addımlarına görə Prezident Emmanuel Makronun Fransanın özündə belə  əvvəlki kimi dəstəyi yoxdur. Yəni, fransız xalqı onun uğursuz bir fiqur kimi ölkəni çökdürməkdə olduğunun fərqindədir. Təkcə bir faktı xatırladaq ki, sözügedən dövlətin iqtisadiyyatında əvvəlki illərdə olduğu qədər artım tempi yoxdur. Bir tərəfdən də islamofobiya və ksenofobiya kimi meyillərin gücləndiyi Fransada inflyasiya artır, işsizlik baş alıb gedir. Bütün bunlara əhali bu və digər formada öz etirazını bildirməkdədir. Artıq Fransada fermerlərin etiraz aksiyaları da genişlənir. Görünən odur ki, fransızlar Makronun nazı ilə çox oynamaq fikrində deyillər. Yəni, ermənidən artıq ermənilik edən Makronun xoruzunu qoltuğuna verib hakimiyyətdən yola salacaqlar.  O gün uzaqda deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”