06 fevral 2024 02:16
343

Fransa Ermənistanı müharibəyə hazırlayır

Son hadısələr bunu bir daha sübut edir...

44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən irəli sürülüb. Münaqişə başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətlərə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparır. Məqsəd regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsidir.

Bütün bunlara baxmayaraq Qərbin bəzi qərəzli dövlətləri və beynəlxalq təşkilatları  sülh prosesinə əngəl yaratmaqda davam edirlər. Azərbaycan daim dünya güclərinin  ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə olub. Lakin tarixi Zəfərimizdən və suverenliyimizin tam təmin olunmasından ötən dövr ərzində bu yanaşmanın daha açıq müstəviyə keçdiyi diqqətdən kənarda qalmır. Fransa qərəzli, ədalətsiz mövqeyi, qəbul etdiyi absurd qərarları ilə Azərbaycana təzyiq göstərməyə çalışır. Bununla da Ermənistan və onun havadarları olanbir çox  Qərb ölkələri sanki çalışırlar ki, sülh müqaviləsinin imzalanması prosesini növbəti 30 ilədək uzatsınlar. Məhz bu səbəbdən də Vətən müharibəsi və ondan sonrakı dövrdə Fransa Azərbaycana qarşı BMT-nin Təhlükəsizlik Şurasında bir neçə dəfə qətnamə qəbul olunmasını müzakirələrə çıxarmaq üçün cəhdlər göstərib. Ancaq  bu cəhdlərin heç biri uğurla nəticələnməyib. Bu gün Avropa Şurası da, onun parlamenti də bu addımları ilə öz maraqlarına xidmət edən Fransa, Almaniya kimi dövlətlərin alətinə çevrildiyini göstərməklə, əslində, oyuncaq təsisat olduğunu bir daha sübut etdi.  AŞPA-nın son addımı Fransanın tarixi Zəfərimizdən sonra Azərbaycana qarşı açıq müstəviyə keçən qərəzli kampaniyasının davamıdır.

Son aylar Azərbaycan-Ermənistan şərti sərhədində tam sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi rəsmi Parisi narahat edir. Fransa müxtəlif vasitələrlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərə maneçilik törətməyə çalışır. Həmçinin Fransa Ermənistana silah-sursat satmaqla onun Azərbaycanla münasibətlərinin normallaşmasına zərbə vurur, işğalçı ölkədəki revanşist qüvvələri yeni müharibəyə həvəsləndirir. “Fransa Azərbaycana qarşı müharibə planı hazırlayıb”​. Bunu Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Həftə” analitik-informasiya proqramın müəllifi və aparıcısı Rövşən Məmmədov bildirib. Aparıcı Fransa və Ermənistanın hazırladığı ildırımsürətli hücumun istiqamətini də açıqlayıb: “Hücum qəfil olmalı və Cermuk istiqamətindən reallaşdırılması planlaşdırılıb”. R.Məmmədov qeyd edib ki, Avropa ölkələrinin agentləri sərhədlərimizi keçməyə çalışır: “Fransa Milli Jandarma İdarəsinin generallarından biri Ermənistan ərazisindən bizim sərhədlərimizə yaxınlaşaraq binoklla müşahidə aparıb. Nədir, müharibəyə hazırlaşırsınız? Deyə bilərsiniz ki, “xeyr”. Lakin biz deyirik, “bəli”. Əks halda Fransa intensiv şəkildə Ermənistanın silah arsenalını artırmağa çalışmazdı, rəsmi Paris bu ölkədə yeni xarici kəşfiyyat xidməti yaratmazdı. Əks halda Avropa İttifaqı Azərbaycanın hərbi texnikası və canlı qüvvəsinin döyüş hazırlığı ilə bağlı hesabatlar hazırlamazdı və ya Avropanın agentura şəbəkəsinin üzvləri bir-birinin ardınca Azərbaycanın sərhədlərini keçməyə çalışmazdı. Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çexiya vətəndaşı barədə bu ölkənin Azərbaycandakı səfirliyi danışmaqdan imtina edib.

Xatırladaq ki, fevralın 3-də Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb. Maraq doğuran məqam da ondan ibarətdir ki, minalanmış ərazidən xəritəsiz sərbəst keçmək qeyri-mümkündür.

Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları davam edir.

Paris özünün əlində olan bütün Avropa təsisatlarına Azərbaycan əleyhinə qərarlar, qətnamələr qəbul etdirməklə, mətbuatda Azərbaycan əleyhinə yazılar dərc etdirməklə, eyni zamanda hərbçilərini və bununla paralel silah-sursatını Ermənistana göndərməklə vəziyyəti gərginləşdirməyə çalışır. Burada təkcə Fransa, eyni zamanda, onun göstərişi ilə oturub-duran bir çox ölkələr analoji hərəkəti edirlər. O cümlədən Hindistan da bu yolu tutub. Paris hazırda Ermənistana hücum silahlarının tədarükünü Hindistan üzərindən həyata keçirir. Hindistanın Ermənistana göndərdiyi “Trayan” özüyeriyən artilleriya sistemləri Fransanın siyasi dəstəyi və maliyyəsi hesabına həll edilib. Bu sistemlər Fransanın “Nexter Systems” şirkətinin Hindistandakı tərəfdaşları ilə birgə hazırlanır. Fransa silahların verilməsi ilə yanaşı, Təlimlər adı ilə  Ermənistan ordusunda kadr hazırlığını da həyata keçirməyə cəhdlər edir. Fransanın bu siyasəti Cənubi Qafqazda gərginlik riskini artırmaqla yanaşı, hərbi sahədə yeni “dayaq” tapan Ermənistanı sülh danışıqlarında tələblər irəli sürməyə və prosesi uzatmağa da sövq edir.

Təəssüf doğuran hal ondan ibarətdir ki, Qərb qurumları Ermənistana əlavə silahların verilməsinə göz yumur. Qərbin söz sahibi olan nüfuzlu qurumları, dövlətləri anlamaq istəmirlər ki, bu siyasət Ermənistanın aqressiv iddialarını güclənməsinə gətirib çıxaracaq və bütün regionun sabitliyini təhlükə altına salacaq. Ortada təcrübə də var. SSRİ dağıldıqdan sonra o dövr üçün ən müasir silahlarla təmin olunan Ermənistanın təxribatları Qafqazda bir milyona yaxın insanın ev-eşiyindən didərgin düşməsinə, Azərbaycan torpaqlarının işğalına gətirib çıxardı. İndi də Fransanın mövcud müqavilələr əsasında Ermənistana verməkdə olduğu silahlar regionda sabitliyə mənfi təsir edir və sülh prosesini çətinləşdirir. Qərb ölkələri anlamalıdır ki, Ermənistana əlavə silahlar vermək planı rəsmi Paris tərəfindən son dərəcə məsuliyyətsiz bir işdir.

Rəsmi Bakı dəfələrlə Parisi Ermənistanı silahlandırmaqdan çəkinməyə çağırıb. Prezident İlham Əliyev MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin 53-cü iclası zamanı da Fransanı sərt tənqid edib. Prezident Emmanuel Makronun Azərbaycanın beynəlxalq hüquqla probleminin olmasının isə sadəcə gülüş doğurduğunu bəyan edib.

Şəmsiyyə Əliqızı, «İki sahil»