06 fevral 2024 02:37
296

Bədnam 907-ci düzəlişin davamı...

ABŞ nə vaxt haqq-ədalət yoluna qayıdacaq?

Qarabağdan öz vətənlərinə qayıtmış ermənilər utanmadan "qaçqın" adı altında bir neçə dövlətdən və beynəlxalq təşkilatdan yardımlar alırlar. Əslində pul onların başlarına yağış kimi yağdırılır. Həmin dövlətlər və beynəlxalq təşkilatlar keçmiş işğalçılara pul və digər yardımlar təqdim etmək üçün növbəyə durublar.

Bir neçə gün əvvəl ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)  Qarabağ iqtisadi zonasını könüllü olaraq tərk etmiş ermənilərə 1 milyon dollar məbləğində əlavə dəstək verib.

Erməni mediası xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bu yardımla Qarabağı tərk etmiş (erməni mediası onları “məcburi köçkün” adlandırır) 19 300 nəfər USAID-in maliyyələşdirdiyi sosial müdafiə, inklüzivlik və səlahiyyətlərin gücləndirilməsi proqramı çərçivəsində ilkin humanitar yardım alacaq. Təşəbbüs rəsmi olaraq yanvarın 31-də İrəvanda məcburi köçkünlərə ərzaq və gigiyena vasitələri təqdim edən tədbirlə başlayıb.

Proqram “qaçqın” ermənilərə isti geyim, qeyri-ərzaq malları və digər humanitar yardımlar göstərir. Dəstək 2023-cü ilin dekabrında başlayıb və altı ay davam edəcək. Yardımın coğrafiyası İrəvan, Ararat, Kotayk, Lori, Şirak, Sünik və Tavuş bölgələrini əhatə edir. USAİD-in Ermənistandakı missiya direktorunun müavini vəzifəsini icra edən Metyu Laird qeyd edib ki, 2023-cü ilin sentyabr ayının sonundan USAID Qarabağdan köçən ermənilərə dəstək üçün 9,3 milyon dollar ayırıb. Onun sözlərinə görə, vəsait “məcburi köçkünlərin zorakılıq və kütləvi köçkünlük nəticəsində yaranan "əzabların" öhdəsindən gəlməyə kömək etmək üçün qida və psixososial dəstək verməkdən ötrü istifadə olunur.

Ancaq bu yardım "işin içində iş" olduğunu sübut edir. Belə ki, 2023-cü ilin sentyabrında Ermənistan dünyada haray-həşir qoparmışdı ki, bəs Qarabağdan 100 mindən çox erməni qovulub. Lakin indi USAID-in məlumatında konkret olaraq onların sayı 19 300 nəfər göstərilir. Deməli, belə çıxır ki, Ermənistan dünyanı və o cümlədən də ABŞ-ı aldadaraq həmin rəqəmi beş dəfə şişirdib. Yəni, loru dildə desək, haylar dələduzluq edərək ABŞ-ı hərifləyiblər. Təəccüblü burasıdır ki, özünü Yer kürəsinin ağası sayan ABŞ kimi bir dövlət erməni yalanlarını ifşa etmək əvəzinə ona rəvac verir və köməyini əsirgəmir.

Biz bu cür ədalətsizliyi və hörmətsizliyi otuz ildən artıq müddətdə çox görmüşük. 1992-ci ildə ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi bədnam "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi hələ də qəzəblə yada salırıq. ABŞ o düzəlişlə on minlərlə azərbaycanlını vəhşiliklə qırıb-çatan, ekologiyasını, şəhər və kəndlərini dağıdıb məhv edən işğalçı Ermənistana əlavə dəstək verirdi. Bu yaramazlıq ABŞ-Azərbaycan münasibətlərində qara səhifə olaraq qalacaqdır. Halbuki yüzlərlə kəndi, şəhəri dağıdılıb-yandırılan Azərbaycan idi. Ağ evdəkilərin vicdanı olsaydı yaşayış məntəqələri, infrastrukturu məhv edilmiş Azərbaycana yardım edərdilər. Lakin belə etmədilər və bədnam ənənənələrini davam etdirdilər. Aydındır ki, bu dövlətdə "ağacın içindəki qurdlar", yəni ermənipərəst yüksək rütbəli məmurlar, senatorlar və konqresmenlər anti-Azərbaycan mövqeyi tutublar. Belə çirkin əməlləri də onlar törədirlər. Bəs ABŞ kimi bir superdövlətin qüdrəti hanı? Beş-on nəfər məmurunu haqq-ədalət yoluna gətirə bilməyən dövlət nə üçün özünə "super" adını yapışdırır? Əgər ABŞ-da özünü Fransa kimi aparacaqsa açıqlasın, xalqlar dostunun-düşməninin kim olduğunu bilsinlər. Ermənistanın yedəyində özünü çamura bulaşdıran bir dövlət özünə şərəf, inam və etibar qazandırmır.

Vəli İlyasov, "İki sahil"