05 fevral 2024 22:57
373

İmzası “bənna” olan dövrünün çox böyük memarı və kamil sənətkarı: Memar Əcəmi Naxçıvani

MEMAR ƏCƏMİ NAXÇIVANİNİN 900 İLLİK YUBİLEYİ UNESCO SƏVİYYƏSİNDƏ QEYD OLUNACAQ

Məlum olduğu kimi, UNESCO-nun Baş Konfransının 7-22 noyabr 2023-cü ildə  keçirilən 42-ci sessiyasında görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilmişdir. Əcəmi Əbubəkr oğlu Naxçıvani Orta əsr Azərbaycan memarlığının ən möhtəşəm qollarından biri olan Naxçıvan memarlıq məktəbinin çox görkəmli nümayəndələrindən biridir. Ancaq zəmanəmizə qədər gəlib çatmış Orta əsr qaynaqlarında bu görkəmli memar haqqında əsaslı bir məlumat yoxdur. Ona görə də onun haqqında məlumatı biz özünün yaratdığı möhtəşəm abidələr və onların üzərindəki kitabələrdən alırıq.

Tarixin ən mötəbər qaynaqlarından sayılan epiqrafik abidələr – kitabələr Orta əsrlər zamanı Naxçıvan bölgəsində yaşayıb yaratmış bir sıra görkəmli şəxsiyyətlərin adlarını zəmanəmizədək gətirib çıxarmışdır. Bu şəxsiyyətlər içərisində sənətkarların, o cümlədən memarların özünəməxsus yeri vardır. Bu memarların adları əsasən özlərinin yaratdığı möhtəşəm abidələr üzərindəki kitabələr vasitəsilə bizə qədər gəlib çatmışdır. Belə memarlardan biri də Əcəmi Əbubəkr oğlu Naxçıvanidir.

Bir sıra yerlərdə çoxlu memarlıq abidələri inşa etsə də Əcəmi Naxçıvaninin yaratdığı abidələrdən zəmanəmizədək ancaq Naxçıvan şəhərində iki abidə – Yusif Kuseyir oğlu və Möminə xatın türbələri gəlib çatmışdır. Memarlıq ədəbiyyatı materiallarından aydın olur ki, Naxçıvan şəhərində XIX yüzilliyə qədər qalıqları qalan başqa abidələr də, o cümlədən Atabəylər memarlıq kompleksinə daxil olan Qoşa minarəli baştağ və Came məscidi də bu görkəmli memarın yaradıcılığının məhsulu olmuşdur. XII əsrdə Naxçıvan şəhərində yaradılan Atabəylər memarlıq kompleksinə daxil olan Eldənizlər sarayı (Dar ül-Mülk), Xanəgah və s. kimi inzibati və mülki binalar da XII əsrdə Əcəmi Naxçıvani tərəfindən inşa edilmişdir. Hətta elmdə 1979-cu ildə Ordubad rayonundakı Orta əsr Xaraba Gilan yaşayış yerində təsadüfən aşkar olunan türbənin də Əcəmi Naxçıvani tərəfindən XII yüzilliyin 80-ci illərində inşa edilməsi haqqında fikir vardır. Naxçıvan şəhərinin cənub tərəfində, Möminə xatın türbəsindən təxminən 400-500 metr aşağıda yerləşən Nuh peyğəmbərin qəbirüstü türbəsinin ətrafından aşkar olunan  kitabə fraqmentlərinin, abidələrin inşasında istifadə оlunan inşaat materiallarının, yan üzlərin bəzədilməsində tətbiq edilən оrnament-naxışların, kaşı nümunələrinin çox oxşar olduqlarına əsasən ehtimal etmək olar ki, bu türbə də, Naxçıvan memarlıq məktəbinə məxsusdur və bu məktəbin çiçəklənmə dövrü keçirdiyi XII yüzilliyin оrtalarında Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Yusif Küseyir oğlu türbəsindən az sonra  inşa olunmuşdur.

Əcəmi Naxçıvaninin Naxçıvan şəhərində inşa etdiyi abidələrdən bir neçəsinin, o cümlədən Yusif Kuseyr oğlu və Möminə xatın türbələrinin və qoşa minarəli baştağın kitabələri XIX yüzilliyin ortalarından etibarən tədqiq edilmişdir. Bu tədqiqatların nəticəsi olaraq həmin abidələrin təyinatı, sifarişçisi, inşa tarixi və memarı haqqında məlumatlar elmi dövriyyəyə daxil edilmişdir. Beləliklə, bu kitabələrin təqdim etdiyi məlumatlar əsasında görkəmli Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin adı elmi ictimaiyyətə məlum olmuşdur.

Əcəmi Əbubəkr oğlu Naxçıvani yaratdığı dünya şöhrətli abidələrdən Yusif Küseyir oğlu türbəsinin üzərində imzasını “Bənna Əcəmi Əbubəkr oğlu Nəşəvinin əməlidir”, Möminə xatın türbəsinin üzərində isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” şəklində təqdim etmişdir. Kitabəsindən göründüyü kimi, memar Əcəmi Əbubəkr oğlu Naxçıvani ilk yaradıcılıq məhsulu olan Yusif Küseyir oğlu türbəsinin üzərində özünü “Nəşəvi” nisbəsi (doğulduğu və ya yaşadığı yerin adı) ilə təqdim etmişdir. Nəşəva, Nəşəvi orta əsrlər zamanı Naxçıvan şəhərinin adlarından biri olmuşdur. Orta əsr ərəb coğrafiyaşünası Yaqut əl-Həməvi Yusif Küseyir oğlu türbəsinin inşasından az bir müddət sonra, XIII əsrin əvvəllərində qələmə aldığı “Mücəm əl-Buldən” (“Ölkələrin əlifba sırası ilə sıralanması”) əsərində Naxçıvan şəhəri haqqında iki dəfə bəhs edir. O, Naxçıvan şəhərinin adını birinci dəfə Naxcuvan, Nakcuvan, ikinci dəfə isə Nəşəva kimi qeyd etmişdir. Yaqut əl-Həməvi şəhər haqqında birinci dəfə yazır: “Naxcuvan və yaxud bəzilərinin dediyi kimi Nakcuvan Azərbaycanda şəhərdir, hansı ki, biz onun haqqında yenə danışacağıq”. Müəllif ikinci dəfə isə şəhər haqqında belə yazır: “Nəşəva Azərbaycanda şəhərdir. ...Xalq arasında Naxcuvan, yaxud Nakcuvan kimi məşhurdur”. Müəllifin fikrindən aydın olur ki, şəhər XIII əsrin əvvəllərində Nəşəva adlansa da, xalq arasında Naxcuvan, yaxud da Nakcuvan kimi məhşur olmuşdur. XII əsrdə olduğu kimi şəhər XIII əsrin əvvəllərində də Nəşəva adlanmış, bununla belə həm də Naxcuvan, Nakcuvan kimi də adlanmışdır. Məhz bu səbəbdəndir ki, memar Əcəmi Əbubəkr oğlu Naxçıvani Yusif Küseyir oğlu türbəsindən 24 il sonra, 1186-cı ildə inşasını başa çatdırdığı Möminə xatın türbəsinin kitabəsində özünü “Naxçıvani” nisbəsi ilə təqdim etmişdir.

Daşıdığı “Nəşəvi” və “Naxçıvani” nisbələri birmənalı şəkildə təsdiq edir ki, Əcəmi Əbubəkr oğlu Naxçıvani XII yüzillikdə Naxçıvan şəhərində anadan olmuş,  orada yaşayıb fəaliyyət göstərmişdir. Orta əsr mənbələrindən məlumdur ki, Naxçıvan şəhəri XII əsrdə yüksək inkişaf səviyyəsində olmuş, anonim “Əcaib əd-dünya” əsərinin məlumatına görə, Eldənizin dövründə yüksək tərəqqiyə çatmış, intibah dövrünü yaşamış. Şəhər Azərbaycanın mühüm elm, təhsil və mədəniyyət mərkəzlərindən biri kimi, 1136-cı ildə tarix səhnəsinə çıxan Azərbaycan Atabəyləri dövlətinin paytaxtlarından birinə çevrilmişdi. Əcəmi Naxçıvani belə bir mühitdə Naxçıvan şəhərində doğulmuşdur. Ancaq, təəssüf ki, bu görkəmli memarın anadan olduğu və vəfat etdiyi tarix dəqiq məlum deyildir. Orta əsr qaynaqlarında da bu haqda elə  bir məlumat yoxdur. Bu səbəbdən də, memarın doğum və ölüm tarixi haqqında ancaq, onun yaratdığı abidələr əsasında müəyyən mülahizələr yürütmək, bu  tarixləri təxmini də olsa müəyyən etmək olar.

Qeyd olunduğu kimi, Əcəmi Naxçıvaninin zəmanəmizədək gəlib çatan abidələinrdən Yusif Kuseyir oğlu türbəsinin inşası 1162-ci ildə, Möminə xatın türbəsinin inşası isə 1186-cı ildə başa çatmışdır. Əzəməti, möhtəşəmliyi, naxışlarının və kitabələrinin mükəmməlliyi ilə Möminə xatın türbəsi Yusif Kuseyir oğlu türbəsini geridə qoyur. Bu da təbii bir haldır. Çünki, inşa tarixlərindən də göründüyü kimi Yusif Kuseyir oğlu türbəsini memar nisbətən gənc və ya cavan yaşlarında inşa etmişdir. Möminə xatın türbəsini isə ondan bir neçə il sonra, yaşının və sənətinin kamillik çağında ucaltmışdır. Fikrimizcə, Yusif Kuseyir oğlu türbəsini inşa edərkən memar 30-35 yaşlarında, Möminə xatın türbəsini tamamlayarkən isə, 55-60 yaşlarında olmuşdur. Bu iki türbənin inşa tarixlərini əsas götürərək Əcəmi Naxçıvaninin doğum tarixini təxminən XII yüzilliyin 20-ci illərinə aid etmək olar. Görünür, UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında Əcəmi Naxçıvaninin 900 illik yubileyinin UNESCO çərçivəsində 2024-2025-ci illər ərzində qeyd olunacaq yubileylər siyahısına daxil edilməsi haqqında qərar qəbul edilərkən də, bu cəhət əsas götürülmüşdür.

Əcəmi Əbubəkr oğlu Naxçıvaninin təvəllüd tarixi kimi, vəfat tarixi də dəqiq bilinmir. Fikrimizcə, 1186-cı ildə Möminə xatın türbəsini, bundan az sonra onun yaxınlığında Came məscidi kimi daha möhtəşəm bir abidəni inşa edən Əcəmi Naxçıvani qeyd olunduğu kimi, həmin vaxt sənətinin və yaşının kamillik dövrünü yaşamışdır. İnsanın, xüsusi ilə kişilərin orta ömrünün 70-75 il olduğunu nəzərə alaraq böyük memarın XII yüzilliyin sonlarında vəfat etdiyini ehtimal etmək olar.

Dünyasını dəyişdikdən sonrakı dövrlərdə Əcəmi Naxçıvani yaradıcılığının və onun yaratdığı məktəbin təsiri ilə çox geniş bir ərazidə möhtəşəm memarlıq abidələri yaradılmışdır. Bu memarlıq məktəbinin təsiri elə Naxçıvan bölgəsində indiyədək qalan, bəlkə də Əcəmi Naxçıvaninin özü tərəfindən inşa edilmiş Gülüstan türbəsində (XII-XIII əsr), Qarabağlar memarlıq kompleksində (XII-XIV yüzillik), Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndəsi Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani tərəfinndən inşa edilmiş Bərdə türbəsində (1322-ci il), Cənubi Azərbaycanın Marağa şəhərindəki Göy günbəzdə (1196-cı il), Səlmas türbəsində (XIV əsr) və digər abidələrdə aydın şəkildə izlənir.

Ümumiyyətlə, Naxçıvan memarlıq məktəbinin təsir coğrafiyası çox genişdir. Azərbaycan hüdudlarını aşıb keçən bu coğrafiya Yaxın və Orta Şərq ölkələrini də əhatə etmişdir. Bu ölkələrdə yetişən bir sıra görkəmli memarlar öz yaradıcılıqlarında Azərbaycan memarlığının Naxçıvan məktəbində Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tətbiq olunan bir sıra memarlıq ünsürlərindən geniş şəkildə istifadə etmişlər. Orta Asiyada, xüsusilə Səmərqənd şəhərində inşa edilən memarlıq nümunələrində də Əcəmi Naxçıvani sənətkarlığının izlərinə rast gəlinir. Çünki, bilindiyi kimi, Orta Asiya fatehi Əmir Teymur tutduğu ərazilərdə fəaliyyət göstərən görkəmli sənətkarların hamısını əsir götürərək paytaxt Səmərqəndə aparırdı. Həmin sənətkarlardan   Səmərqənddə möhtəşəm memarlıq abidələrinin inşasında istifadə olunurdu. 1387-ci ildə Naxçıvanı tutduqdan sonra buradan da yerli sənətkarlar, o cümlədən memarlar Səmərqəndə köçürülmüş və onlar paytaxtın abadlaşdırılmasında iştirak etmişlər. Ona görə də, bu abidələrdə Naxçıvan memarlıq məktəbinə məxsus xüsusiyyətlər öz əksini tapmışdır.

Uzun müddət Səfəvilər dövlətinin paytaxtı olmuş İsfahan şəhərinin memarlıq abidələrində, XVI yüzillikdə yaşamış məşhur türk memarı Sinanın İstanbulda inşa etdiyi abidələrdə də Əcəmi Naxçıvani yaradıcılığının təsiri özünü aydın şəkildə göstərir. Bunu türk tədqiqatçıları da öz əsərlərində təsdiq edirlər. Görkəmli türk sənətşünas alimi Oqtay Aslanapa “Türk sənəti” adlı dəyərli əsərində qeyd edir ki, Anadoludakı Səlcuqlu dövrü memarlıq abidələrinin bəzək motivləri, Cənubi Azərbaycanın Qəzvin məscidlərindəki eyni motivlər Naxçıvan abidələri vasitəsi ilə Anadoluya gəlib çıxmışdır. Müəllif hətta Sivasdakı nümunədən bəhs edərkən qeyd edir ki, “burada daş portalın üst kənarında bir-birini kəsən altıbucaqlıda Naxçıvan günbəzlərindəki motivlərin yenidən dəyərləndirildiyi görünməkdədir. Türk alimi Dalokay Vedat da bu cəhətə toxunmuş, Sinanın İstanbulda inşa etdiyi Xosrov paşa türbəsi haqqında danışarkən qeyd etmişdir ki, “burada Atabəylərdən qalma günbəzlərdən bir nəfəs gəlir”.

Sinan yaradıcılığında Əcəmi Naxçıvani yaradıcılığının belə qabarıq şəkildə əks olunması isə heç də təsadüfi deyildir. Memar Sinan gənclik vaxtlarında mühəndis kimi Osmanlı ordusunda xidmət edərkən Sultan Süleyman Qanuninin 1535-ci ildə Azərbaycana yürüşü zamanı ordu ilə birlikdə Naxçıvana gəlmiş, Naxçıvan şəhərində Əcəmi Naxçıvani yadigarlarını görmüşdür. Memar Sinan Naxçıvanda olarkən Əcəmi Naxçıvani yadigarlarından indiyədək qalan Yusif Küseyir oğlu və Möminə xatın türbələri ilə yanaşı həmin vaxt salamat vəziyyətdə olan qoşa minarəli baştağı, Came məscidi və digər abidələri də seyr etmişdir.  Bu abidələr onun yaddaşında böyük təsir buraxmışdı. Həmin təsir bütün yaradıcılığı boyu görkəmli memarı izləmiş, yaratdığı abidələrə özünü  göstərmişdir.

Əcəmi Naxçıvani dövrünün çox böyük memarı, kamil sənətkarı olmuş, sənətinin incəliklərinə yiyələnmiş, zirvəsinə yüksəlmişdir. Onun yaradıcılığını təhlil edərkən belə bir qəti qənaətə gəlmək olur ki, o dövrünün görkəmli memarı olmaqla bərabər, həm də zəmanəsinin bir sıra elmi biliklərinə, xüsusilə həndəsə,  riyaziyyat, astronomiya və s. dünyəvi və dini elmlərinə dərindən yiyələnmiş, hərtərəfli inkişaf etmiş şəxsiyyət, böyük bir filosof olmuşdur. Təsadüfü deyildir ki, başqa həmkarlarından daha çox üstünlüklərə və elmi biliklərə malik olduğu üçün Əcəmi Naxçıvani müasirləri tərəfindən “Şeyxül-Mühəndisin” (“Mühəndislərin başçısı”, “Mühəndislərin şeyxi”) kimi dəyərləndirilmişdir.

Əcəmi Əbubəkr oğlu Naxçıvani inşa etdiyi abidələr üzərində yazdığı kitabələrdə özünü “bənna” kimi təqdim etmişdir. XI-XIII əsrlərdə Azərbaycan memarlığında, xüsusilə onun Naxçıvan məktəbində “bənna” titulu daha üstün və məna tutumuna görə,  daha geniş miqyaslı olmuşdur. Bu səbəbdən də, həmin vaxt öz sənətinin zirvəsinə yüksəlmiş, çox möhtəşəm abidələr yaratmış Əcəmi Əbubəkr oğlu Naxçıvani “bənna” titulu daşımış, ucaltdığı abidələr üzərində imzasını “bənna” kimi təqdim etmişdir.

Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən yaradılmış Azərbaycan memarlığının şah əsərlərindən olan Yusif Kuseyr oğlu və Möminə xatın türbələri yüzillikləri adlayaraq insanlara yüksək estetik zövq verməklə memarın yaradıcı dühasını bu gün bizə əyani olaraq nümayiş etdirir. Bu əsərlər Əcəmi irsinin,  memarlıq sənətinin ölməz əsərləri sırasına daxil olduğunu göstərir. Bu memarlıq irsi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin öz dövrünün – XII əsrin misli-bərabəri olmayan memarı olduğunu inamla söyləməyə əsas verir. Qərbdə memarlıq yaradıcılığı imzasız olduğu bir vaxtda Əcəmi memarlığın bir sıra şah əsərlərinin müəllifi kimi bizim gözlərimiz önündə parlaq, təkraredilməz yaradıcılıq siması olan bir sənətkar, bədii və mühəndis düşüncəsinin nəhəng siması kimi canlanır. Tədqiqatçıların da  qeyd etdiyi kimi XII əsrin memarlıq tarixi onunla yanaşı dayana biləcək digər bir layiqli memar tanımır. Yaratdğı möhtəşəm memarlıq nümunələrinə əsasən mübaliğəsiz demək olar ki, müsəlman intibahı dövründə -  XII əsrdə Gəncə şəhərində Nizami, Naxçıvan şəhərində isə Əcəmi Naxçıvani kimi dahi  şəxsiyyətlər yetişmiş, yaşamış və fəaliyyət göstərmişdir. Fikrimizcə, Nizami Gəncəvi ədəbiyyatda hansı zirvəyə yüksəlmişsə, Əcəmi Naxçıvani memarlıqda həmin zirvəni fəth etmişdir.

Hər hansı bir tarix-mədəniyyət abidəsi, o cümlədən türbə, məscid, xanəgah, körpü, karvansara, hamam, qala, istehkam, qəbirüstü xatirə abidəsi və s. hər bir xalqın torpağa vurduğu möhürdür. Dünyaya gələn hər bir sənətkar ömrünü başa vurduqdan sonra dünyasını dəyişir. Ancaq, onun yaratdığı əsər uzun müddət yaşayır, gələcək nəsillərə öz mənsubiyyəti, onu yaradan sənətkar, tikildiyi tarix və s. haqqında dəyərli məlumatlar çatdırır, beləliklə, öz yaradıcısının tarixdə yaşamasına səbəb olur. Görkəmli memar Əcəmi Naxçıvani də sanki bütün bunları nəzərə alaraq özünün şah əsəri olan Möminə xatın türbəsinin üzərində belə bir beyt yazmışdır:

“Biz gedirik, ancaq, qalır ruzigar, Biz ölürük, əsər qalır yadigar”.

Həqiqətən dünya memarlıq xəzinəsinə Möminə xatın türbəsi kimi möhtəşəm bir nümunə bəxş edən Əcəmi Naxçıvani öz ömrünü çoxdan başa vursa da, hətta qəbrinin yeri belə unudulsa da, yaratdığı bu nadir memarlıq abidəsi 1186-cı ildən bəri, 838 ildir ki, Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalır, seyr edənləri öz gözəlliyi ilə heyran edir, müəllifinə rəhmət oxutdurur. Azərbaycan qadınının xatirəsinə ucaldılan və Haçadağla birlikdə Naxçıvanın simvoluna çevrilən bu abidə 1632-1653-cü illərdə Hindistanda Mümtaz Mahalın şərəfinə inşa edilmiş Tac Mahal məqbərəsi ilə birlikdə dünyada qadına, anaya ucaldılan ən möhtəşəm abidə kimi diqqəti cəlb edir və əzəməti ilə heyrət doğurur. Çox maraqlıdır ki, Əcəmi Naxçıvani özü də yaratdığı abidənin gözəlliyini qiymətləndirmiş, hətta onun üzərində fars dilində kufi xətti ilə “İlahi, bəd nəzərdən uzaq elə!” sözlərini yazmışdır.

Orta əsrlər zamanı Əcəmi Əbubəkr oğlu Naxçıvani də daxil olmaqla bütün sənətkarlar xalq kütlələri içərisindən çıxmış adamlar idi. Ona görə də, onlar hakim sinfin tələblərinə uyğun olaraq çox vaxt yaratdıqları abidələrin üzərində öz imzalarını qoya bilmirdilər. Başqa sözlə desək, abidələr anonim tukilirdi. Yaratdığı möhtəşəm memarlıq nümunələrinin, hətta Naxçıvan şəhərinin rəisi Yusif Kuseyir oğlunun türbəsi, yaxud da Atabəylər dövlətinin banisi Şimsəddin Eldənizin arvadı və dövlətin ən qüdrətli hökmdarlarından olan Atabəy Məhəmməd Cahan Pəhləvanın və Qızıl Arslanın anası Möminə xatının qəbirüstü xatitə abidəsi üzərində öz imzasını qeyd etməsi, onun yaşadığı dövrdə çox yüksək elm, hörmət və nüfuz sahibi olmasından irəli gəlmişdir.

Hacıfəxrəddin Səfərli,
AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru