05 fevral 2024 16:20
547

Xalqımızın iradəsi sarsılmazdır

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmışdır. Həm də ölkəmiz, bu mövqeyini sadəcə sözlə deyil, atdığı praktiki addımlarla sübuta yetirmişdir. Torpaqlarımızın erməni işğalında olduğu otuz ilə yaxın müddətdə Azərbaycan daim sülh çağırışları etmiş və bu münaqişənin sülh yolu ilə həlli üçün  durmadan çalışmışdır. Lakin ölkəmizin sülh çağırışlarını işğalçı Ermənistan dövləti cavabsız qoydu. Dünya dövlətləri, beynəlxalq təşkilatlar isə təcavüzkarı dayandırmaq üçün heç bir real addımlar atmadılar. Otuz ilə yaxın müddət ərzində erməni vandalizminin dayandırılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ATƏT, Avropa Şurası, digər beynəlxalq təşkilatlar heç bir iş görmədilər. Bir milyona yaxın azərbaycanlı qaçqınların və məcburi köçkünlərin geri qaytarılması təmin edilmədi. Azərbaycanın isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərinə işğalçı Ermənistan dövlətinə qarşı təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, onlar tərəfindən bu istiqamətdə heç bir addım atılmadı.

Nəhayət 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq Zəfər qazanan Azərbaycan dövləti öz ərazi bütövlüyünü, öz gücü və iradəsi ilə bərpa etdi. Azərbaycanın bu qələbəsini həzm edə bilməyən, bu qələbədən bərk narahat olan bir sıra ölkələr və beynəlxalq təşkilatlar ölkəmizə qarşı daha ciddi təxribatlara əl atmağa başlayıb. Son günlərdə Avropa Şurasında Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi bu ədalətsizliyə bariz nümunədir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 1 fevral 2024-cü il tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı etdiyi çıxışında Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini xüsusi vurğuladı. Ölkə başçımız bildirdi ki, Avropa Şurası Parlament Assambleyasının bu addımı, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

Bir məqamı da mütləq şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla hər zaman fəal əməkdaşlıq edir. Təkcə bir faktı vurğulayaq ki, ölkəmiz son dörd il ərzində dünyada BMT – dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu müddət ərzində qeyd olunan təsisatın beynəlxalq nüfuzu kifayət qədər yüksəlmişdir. Azərbaycan dövləti hər zaman haqqın və ədalətin tərəfində olmuş və bundan sonra da olacaqdır. Biz beynəlxalq hüquq norma və prinsiplərinə hörmətlə yanaşmaqla bərabər, eyni zamanda hər hansı təzyiqdən, təxribatdan qətiyyən çəkinmirik. Azərbaycan qalib dövlətdir. Ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx - “Dəmir Yumruq” kimi birləşən xalqımızın iradəsi sarsılmazdır və qətidir. 

Emin Əliyev,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi