05 fevral 2024 11:41
440

Sülh müqaviləsi imzalanacaq, ölkəmizə qarşı ərazi iddialarına son qoyulacaq

Könül İsmayılova: Azərbaycan dövlət olaraq bunlara da öz gücü ilə nail olacaq

“Cənab Prezident çıxışında Minsk qrupunun münaqişənin həlli prosesindəki 28 illik fəaliyyətinin nəticəsizliyindən danışarkən bu müddət ərzində Azərbaycan torpaqlarının işğaldan azad olunmadığını və məcburi köçkünlərin geri qayıtmasının təmin edilmədiyinə diqqət çəkdi. Bəyan etdi ki, bu illər ərzində Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı. Ölkə başçımız bu fikirlərlə açıq şəkildə demiş oldu ki, Azərbaycan məhz bu üzdən öz problemini özü həll etməyə qərar verdi”.

“İki sahil” xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı çıxışını şərh edərkən bildirib.

K.İsmayılova qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan indiyədək regionda sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması təklifinin üzərində dayanıb:

“Buna baxmayaraq Ermənistan hələ də sülhün imzalanmasında tərəddüd edir. Tərəddüdü də Rusiya-Qərb seçimi arasında çabalamasıdır. Azərbaycan isə Ermənistanın bu vaxt qazanmaq taktikasına əhəmiyyət vermədən ərazilərinin bütövləşməsi üçün növbəti tədbirini - antiterror əməliyyatı keçirdi. Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibinin diqqətinə onu da çatdırdı ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcud olsa da, bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, Azərbaycan dövlət olaraq bunlara da özü gücü ilə nail olacaq”.

Ölkə başçısının rəsmi Parisin regionda vəziyyətin gərginləşməsi ilə bağlı fikirlərinə diqqət çəkən K.İsmayılova qeyd edib ki, Azərbaycan artıq kimin kim olduğunu yaxşı bilir və zərbənin hardan necə gələcəyini də anlayır. Onun sözlərinə görə, bu baxımdan ölkəmizə qarşı təpkilərə tərəfimizdən həmən qarşılıq verilir:

“Elə bu yaxınlarda Azərbaycan daha bir beynəlxalq riyakarlığın şahidi oldu. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi məsələsi göstərdi ki, Avropa Şurası Parlament Assambleyasının addımları heç də dialoqa xidmət etmir. Cənab İlham Əliyev çıxışında bəyan etdi ki, - “Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq”. Hesab edirəm ki, ölkə başçısının bu fikirləri həm də ikili standartlardan çıxış edən qüvvələrə bir mesajdır”.