05 fevral 2024 09:48
471

Fransa “mülki missiya” üzərindən manevr etmək istəyir, amma alınmayacaq

Fransa Avropa İttifaqının “mülki missiyası” üzərindən yeni həmlələr, manevrlər etməyə çalışır. Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyerin şərti sərhədə gələrək missiyaya baş çəkməsi də by niyyətə xidmət edir. Bu, Fransanın militarizasiya siyasətinin tərkib hissəsidir. Hər cəhdlə sülh müqaviləsi istiqamətində prosesi pozan, beynəlxalq səviyyədə Azərbaycana qarşı siyasət yerdiən rəsmi Paris Ermənistana silah satmaqla geosiyasi intriqaları qızışdırır. Prezident İlham Əliyev bu günlərdə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı da bəyan etdi ki, Emənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.

Təbii ki, Azərbaycan heç vaxt Fransanın Ermənistanın himayədarı qismində regiona girmək cəhdlərinə imkan verməyib və bundan sonra da buna imkan verməyəcək. 

Ötən ilin əvvəllərində Azərbaycanı Ermənistanla sərhədə qoşun yeritməklə hədələyən Fransa bir neçə hərbi avtomobil göndərməklə, sərhəddə “selfi” etməklə heç nəyə nail olmayacaq. Bu  gün rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin əsas səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək yekun sülhün imzalanmasına mane olmağa çalışır. Yelisey sarayında zənn edirlər ki, sülhü pozmaqla, Errmənistandan alət kimi istifadə etməklə, Azərbaycanı beynəlxalq platformalarda sıxışdırmaqla Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olacaq, nüfuzunu gücləndirəcək. Amma təcrübə və son 3 ilin mənzərəsi onu deməyə əsas verir ki, Fransanın cəhdlərinin heç biri baş tutmayacaq. 

Dövlət başçımız Parlamentlərarası İttifaqın Baş katibini qəbul edərkən ölkəmizə qarşı beynəlxlaq riyakarlığa da diqqət çəkdi. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi təbii ki, dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Rəsmi Bakının bu məsələ ikə bağlı mövqeyi prinsipialdır - Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Əks halda. Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Yəni, bu mövqe bir daha onu göstərir ki, heç kim Azərbaycanla diktə dilində danışa bilməz. Azərbaycan regionun lider və qalib dövləti kimi bundan sonra da bütün ikili standartlara adekvat cavab verəcək.

Könül Nurullayeva,

Milli Məclisin deputatı